23 Dekabr 2024, Bazar ertəsi

“Bura Azərbaycan torpağıdır. Buradan bir neçə kilometr məsafədə yerləşən Ağdam şəhəri də Azərbaycan torpağıdır, Xankəndi də, Şuşa da, bütün digər işğal edilmiş torpaqlar da... Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Həmişə belə olub, bu gün də belədir, sabah da belə olacaq...”

Bu fikirlər Cənubi Qafqazın ən inkişaf etmiş və ən güclü orduya malik ölkəsinin Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən avqustun 6-da düşmənlə təmas xəttində bir daha səsləndirildi. Həm də ordumuzun düşmənə tam olmasa da, kiçik bir gücünü hiss etdirəndən sonra... Bəs, əslində, cəbhədə nə baş verir? Praktik olaraq müstəqilliyini itirmiş forpost bir ölkənin ianələr hesabına formalaşan hərbi qüvvələri olmaya Azərbaycan Ordusunun gücünü “yoxlamaq” sevdasına düşüb? Bəlkə gələcəyi ilə bağlı müstəqil qərar vermək səlahiyyətində olmayan düşmən işğal etdiyi ərazilərin miqyasını böyütmək istəyir? Münaqişənin təfərrüatları, 20 ildən artıq bir dövrdə atəşkəs rejiminin davam etməsinə baxmayaraq, sabitliyin mütəmadi olaraq pozulması heç kimə sirr deyil. Təbii ki, münaqişənin hərbi kontekstdənkənar mühüm siyasi tərəfləri də var, lakin bu tərəflərə toxunmadan ümumi ab-havanı oxucularımızla bölüşmək istərdik.

Əvvəlcə onu qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə hesab olunsa da, 1994-cü ildən bu tərəfə düşmən ölkə hər zaman bu donun buzunu sındırmağa çalışıb. Yəni ötən 20 il ərzində atəşkəs vəziyyəti düşmən tərəfdən pozulub. Ötən əsrin sonlarında Azərbaycanın düçar olduğu ağır siyasi vəziyyət və ölkəyə rəhbərlik edən bacarıqsız rəhbərlərin “fəaliyyəti” nəticəsində torpaqlarımız işğal olunsa da, bu işğal yalnız Dağlıq Qarabağa olan ərazi iddiaları ilə məhdudlaşmayıb – ətrafdakı 7 rayon da işğal edilib. Bu faktın özü onu göstərir ki, əsassız erməni iddiaları bütün torpaqlarımıza qarşı yönəlib. Bu illər ərzində işğal edilmiş torpaqların azad olunması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrin heç biri öz həllini tapmayıb. Dünya birliyinin məsələyə ikili standartlar səviyyəsində yanaşması, bu qətnamələrin yerinə yetirilməməsi ilə yanaşı, düşmənləri daha da həvəsləndirib. Yəni sabitliyin pozulması təkcə gərginlik yaratmaq məqsədi daşımayıb, eyni zamanda yeni ərazilərin də işğalını nəzərdə tutub. Və ən əsası münaqişə yalnız Azərbaycan ərazilərində davam edib və etməkdədir.
Təbii ki, ötən müddət ərzində ölkəmiz uğurla inkişaf edərək öz iqtisadi gücünü və hərbi qüdrətini artıraraq mükəmməl gücə sahib olub. Bu güc ona dünya dövlətləri sırasında böyük nüfuz da qazandırıb. Məhz bunun nəticəsidir ki, dünyanın əksər dövlətləri Azərbaycanın ərazi bütövlüyünün pozulmasını qəbul edir və problemin həlli yolunda ölkəmizin haqlı mövqeyini müdafiə edirlər. Ancaq burada əsas üstünlük məsələnin sülh yolu ilə həll olunmasına verilir. Əslində, Azərbaycanın da bu yolla məqsədinə çatmaq istəyi heç kimə sirr deyil. İndi ölkə­miz ötən əsrin sonlarında olduğu kimi, iqtisadiyyatı zəif, beynəlxalq aləmdə heç bir dayağı olmayan ölkə deyil. Azərbaycan problemin ya sülh, ya müharibə variantının hər birinə hazırdır. Lakin məsələnin görünən tərəfi odur ki, düşmən ölkə sülhə hələlik hazır deyil. Bunu son günlərin hadisələri də təsdiq edir.
Bir neçə gün bundan əvvəl ölkə başçısının da dediyi kimi, düşmən qorxaqcasına və namərdcəsinə bölgələrimizə hücum etdi. Bu hücumda ordumuz şəhid versə də, düşmən də layiqli cavabını aldı, xeyli hərbçisini və texnikasını itirdi. Düşmən ölkə hər vəchlə itkilərin sayını xeyli azaltsa da, ordumuzun cavab həmləsindən sonra böyük qorxu və həyəcanla atəşkəsin əldə olunmasına edilən çağırışlar itkilərin kifayət qədər böyük olduğundan xəbər verir. Şəhidlərimizin qanını yerdə qoymayan ordumuzun birlikləri gücünün çox kiçik bir hissəsini göstərməklə düşmənə layiqli cavab verdi. Silahlı Qüvvələrimiz bu cavabı düşmənə hücum edərək deyil, təmas xəttində göstərdi. Döyüşdə fərqlənən hərbçiləri isə Ali Baş Komandan elə səngərdə təbrik etdi. Avqustun 6-da cənab İlham Əliyev Ağdamda yerləşən “N” hərbi hissədə döyüş xidməti aparan əsgər və zabitlərlə görüşdü, buradakı komanda müşahidə məntəqəsindən düşmənin mövqelərini izlədi. Hərbi qulluqçularla görüşdə Ali Baş Komandan ordunun potensialını belə qiymətləndirdi: “...Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən vəzifəni icra edə bilərik. Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda xarici mənbələrdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilibdir. Ordumuzda ən güclü artilleriya qurğuları vardır. Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar – bütün bunlar bu gün Azərbaycan Ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan Ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər. Bunu biz də bilirik, Azərbaycan xalqı da, düşmən də bilməlidir. Bu gün ancaq Azərbaycan dövlətinin siyasəti sayəsində bölgədə sabitlik hələ ki, təmin edilibdir. Azərbaycan sabitləşdirici ölkədir. Biz bu gün öz imkanlarımızı artıraraq daha da güclü orduya malik oluruq və bu ordu istənilən vaxtda, istənilən vəzifəni icra edə bilər”.
Ali Baş Komandanın təmas xəttində söylədiyi bu fikirlər, düşünürük ki, ordumuzun hazırlıq səviyyəsini göstərməklə bərabər, həm də düşmənə əsl xəbərdarlıqdır. Düşmənə digər xəbərdarlığımız isə bu Silahlı Qüvvələrimizin ən böyük hərbi kontingentinin – Əlahiddə Ümumqoşun Ordusunun Naxçıvanda yerləşməsidir. Muxtar respublikaya ehtimal olunacaq istənilən hücumu ən müasir döyüş silahları ilə dəf etmək gücünə malik Əlahiddə Ümumqoşun Ordusu çoxminlik şəxsi heyəti ilə düşməni yerindəcə məhv etmək qabiliyyətinə malikdir. Bunun bir neçə gün bundan əvvəl bu qoşun növünün regionun ən strateji nöqtələrindən biri olan Sədərək rayonu ərazisindəki döyüş postlarında müşahidə apardığımız zaman bir daha şahidi olduq. Ötən əsrin sonlarında Naxçıvanın müdafiəsində öz sözünü demiş bu strateji məntəqə indi igid əsgərlərimiz tərəfindən göz bəbəyi kimi qorunur. Burada olarkən səngərdə görüşüb söhbət etdiyimiz əsgərlərdən Qabil Mehdiyev, Fəqan Qiyasoğlu, İbrahim Hacıyev, gizir Vüqar Əliyev Ali Baş Komandanın hücum əmrinə hər an hazır olduqlarını qeyd etdilər. Bu qəhrəman vətən oğulları onu da vurğuladılar ki, Ali Baş Komandanı cənab İlham Əliyev olan ordumuz hər zaman yenilməzdir. Onu da öyrəndik ki, sərhəd boyu sakitlikdir. Ölkənin digər təmas xətlərindən fərqli olaraq, bu mövqelərimizdə atəşkəsin pozulması hallarına rast gəlinməyib. Müşahidə postlarının birində rastlaşdığımız mənzərə isə hər birimizin qəlbini dağa döndərdi: Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahim­ovun şərəfinə yaradılmış guşədə “Hər birimiz MÜBARİZİK” sözləri yazılmışdı. Mübarizliyin əsl simvolunu qəlblərində yaşadan bu qəhrəman əsgərlərin Vətən, torpaq sevgisi gözlərindən oxunurdu.
Bəli, bu əsgərlər öz Vətənlərində – Azərbaycan torpağında xidmət edirlər. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq bizim torpaqlarda gözü olanların layiqli cavab alacaqları gün də uzaqda deyil. Ali Baş Komandanın dediyi kimi: “Bura Azərbaycan torpağıdır... Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır... Həmişə belə olub, bu gün də belədir, sabah da belə olacaq...”

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR