Avqust ayının 18-də Babək rayonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsinə nəzarətin artırılması, dövlət orqanlarında sənədlərlə işin təşkili vəziyyəti və dövlət qulluqçularının reyestrinin aparılması ilə bağlı maarifləndirici seminar keçirib.
Seminarda rayon İcra Hakimiyyəti aparatında, mərkəzi icra hakimiyyəti orqanlarının Babək rayonunda fəaliyyət göstərən qurumlarında və rayon məhkəməsində qulluq keçən dövlət qulluqçuları iştirak ediblər.
Seminarı giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əbdülhüseyn Zamanov açaraq etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı son bir il ərzində həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Komissiyanın sədri Etibar Musayev çıxış edərək bildirib ki, 31 may 2007-ci il tarixdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanun dövlət qulluqçuları üçün etik davranış qayda və prinsiplərini, həmçinin onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanunun birinci maddəsində qeyd olunur ki, etik davranış qaydaları dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur.