Cari ilin birinci yarısında muxtar respublikamızın ictimai-siyasi həyatı əlamətdar hadisələrlə zəngin olub. Muxtar respublikada davam etdirilən quruculuq işlərinin başlıca təminatlarından olan sabitlik etibarlı qorunaraq daha da möhkəmləndirilib. Şəxsi heyətin dövlətə, anda sədaqəti və fədakar xidməti yüksək qiymətləndirilib, əməkdaşlar müxtəlif dövlət mükafatları ilə təltif ediliblər. Bütün bunlar muxtar respublikada polis orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən diqqət və qayğının növbəti təzahürüdür.
Bu fikirlər iyulun 24-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Daxili İşlər naziri, polis general-leytenantı Əhməd Əhmədov tərəfindən səsləndirilib.
Hesabat dövründə cinayətkarlığın dinamikasında və strukturunda müsbət təmayüllər müşahidə edildiyini, kriminogen durumun nəzarətdə saxlanıldığını tədbir iştirakçılarının diqqətinə çatdıran nazir bildirib ki, şəxsi heyətin yüksək tələblərə cavab verən şəraitdə xidməti təmin edilib, peşə hazırlığı artırılıb, maddi-texniki baza möhkəmləndirilib, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi imkanları genişləndirilib, infrastrukturun təkmilləşdirilməsi ilə bağlı görülən işlər sürətləndirilib.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Əli Tağıyevin məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, 2015-ci ilin birinci yarısında daxili işlər və prokurorluq orqanları üzrə cəmi 5 cinayət hadisəsi qeydə alınıb. Bu isə ötən illə müqayisədə 10 cinayət hadisəsinin az olması deməkdir. Cinayətlərin strukturunda ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər ötən illə müqayisədə 6-ya qarşı 2 olmaqla 66,6 faiz azalıb, iqtisadi sahədə olan cinayətlər 3-ə qarşı 3 olmaqla sabit qalıb, şəxsiyyət və dövlət hakimiyyəti əleyhinə olan cinayətlərlə bağlı heç bir fakt aşkar edilməyib. Yüksək peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətlərin açılması 100 faiz təmin edilib. Muxtar respublikada təqsirləndirilən şəxslərin axtarışı işinin nəticəsi yaxşılaşmaqla istintaqdan və məhkəmədən yayınan 4 nəfərdən ikisinin yeri müəyyənləşdirilərək məsuliyyətə cəlb olunub. Narkomaniyaya qarşı mübarizədə həyata keçirilən tədbirlər nəticəsində xeyli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. İstintaq və təhqiqat qurumu əməkdaşlarının icraatında 7 cinayət işi olub. Cinayət işlərindən 2-si ittiham aktı ilə məhkəməyə göndərilib. 2 cinayət işi aidiyyəti üzrə muxtar respublika Hərbi Prokurorluğuna göndərilib. Bir cinayət işinin icraatı dayandırılıb, 2 cinayət işi üzrə ibtidai istintaq davam etdirilib. İcraatına xitam verilən və məhkəmə və prokurorluq orqanları tərəfindən əlavə istintaqa qaytarılan cinayət işləri olmayıb. Hesabat dövründə avtomobillərin texniki vəziyyətinə xüsusi fikir verilərək xeyli sayda nasaz avtomaşının istismarına qadağa qoyulub, aşkar olunan 11 mindən artıq yol hərəkəti əleyhinə olan inzibati xəta üzrə qanunauyğun tədbirlər görülüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 8-ə qarşı 3 olmaqla 62,5 faiz azalıb. Qanunsuz saxlanılan silahların yığılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib, vətəndaşlar tərəfindən 99 ədəd odlu silah, xeyli sayda döyüş sursatı və hərbi ləvazimat könüllü olaraq polis orqanlarına təhvil verilib. Vahid Məlumat Axtarış Sistemi vasitəsilə 13 minə yaxın sorğu cavablandırılıb. Bütövlükdə, müxtəlif inzibati xətalara görə muxtar respublika üzrə 12789 protokol tərtib olunub və qanunauyğun tədbir görülüb. Elektrik enerjisindən və təbii qazdan qanunsuz istifadənin qarşısının alınması, həmçinin təbiəti mühafizə istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 31 fakt aşkarlanıb və 1240 manat məbləğində cərimə tətbiq olunub. Fevralın 9-da 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən verilən tapşırıqların icrası ilə əlaqədar olaraq, mart ayından etibarən vətəndaşlara səyyar xidmət göstərilməsinə başlanılıb. İyul ayının 1-i tarixinə 2961 müraciət qəbul olunaraq icra edilib.
Məruzə ətrafında çıxışlarda nazirliyin ayrı-ayrı struktur qurumlarının rəisləri görülmüş işlər barədə məlumat veriblər, mövcud nöqsanların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən danışıblar.
İclasa muxtar respublika Daxili İşlər naziri, polis general-leytenantı Əhməd Əhmədov yekun vurub.
Xəbərlər şöbəsi