23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikası Prezidentinin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 aprel tarixli və “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 9 aprel tarixli sərəncamları görkəmli hərb xadiminin həyat və fəaliyyətinin öyrənilməsində növbəti addımdır.
Tədbirlər planına əsasən, muxtar respublikamızda görkəmli sərkərdənin yubileyi müxtəlif tədbirlərlə qeyd edilir. Belə tədbirlərdən biri də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilib. Belə ki, Naxçıvan şəhərində fəaliyyət göstərən muzeylərin əməkdaşları Cəmşid Naxçıvanskinin ev-muzeyində təşkil olunmuş yubiley tədbirində iştirak ediblər.
Muzeyin direktoru Zeynəb Heydərova eksponatlar haqqında məlumat verərək bildirib ki, bu muzey Kəngərli xanları nəslinin nümayəndəsi, Azərbaycan Atıcı Diviziyasının komandiri, general Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyində, 1981-ci ildə onun yaşadığı evdə yaradılıb. Muzeydə C.Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən 6 minə yaxın eksponat qorunub saxlanılır. Onlardan minə yaxını ekspozisiya zalında nümayiş etdirilir.

Muzeyin baş elmi işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Gülnaz Hüseynova görkəmli sərkərdənin həyatı barədə danışaraq bildirib ki, Cəmşid xan Naxçıvanskinin mənsub olduğu Kəngərli tayfasının əksəriyyətinin hərbçi, xüsusilə süvari döyüşçü olması, həmçinin atası Cəfərqulu xanın və əmilərinin tanınmış hərbçi sərkərdələr kimi şöhrət qazanmaları onun bu sahəyə marağını artırıb.
1914-cü ilin martında Cəmşid xan Tiflis Kadet Korpusunda yeddiillik təhsilini başa vurub. 1914-cü il avqustun 1-də Yelizavetqrad Süvari Hərbi Məktəbində təhsilini davam etdirən, Cəmşid xan 1915-ci ilin mart ayında tatar (azərbaycanlı) süvari polkunda həqiqi hərbi xidmətə başlayıb. C.Naxçıvanski 1921-ci ildə Azərbaycanın ilk milli atıcı diviziyasına komandir təyin edilib.
Qeyd olunub ki, görkəmli sərkərdə 1923-cü ildə Moskvadakı Fəhlə-Kənd­li Qızıl Ordusunun Ali Hərbi Akademiyasına birillik kursa oxumağa göndərilib. 1931-ci ildən isə M.V.Frunze adına Hərbi Akademiyanın xüsusi qrupunda təhsilini davam etdirib. Sonra isə həmin akademiyada yüksək vəzifədə çalışıb. Lakin ötən əsrin 30-cu illərinin repressiya burulğanı Cəmşid Naxçı­vanskidən də yan keçməyib. 1938-ci ildə antisovet millətçisi, sovet hökumətinin düşməni kimi qondarma ittihamlarla həbs edilərək güllələnib.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, görkəmli hərb xadiminin xidmətlərinə əsl qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilib. 1971-ci ildə Moskvanın əsassız cəhdlərinə baxmayaraq, Bakı şəhərində respublika hərbi təyinatlı orta internat məktəbi yaradılıb və Cəmşid Naxçıvanskinin adı bu məktəbdə əbədiləşdirilib.
Sonda tədbir iştirakçıları sərkərdənin ev-muzeyindəki eksponatlarla tanış olublar.

Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR