Avqust ayının 12-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında “Sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açaraq Naxçıvan şəhərində sığorta sahəsində görülmüş işlərdən bəhs edib. İcra başçısı sığorta olunmağın vacibliyindən danışaraq sığortanın inkişaf edən cəmiyyətin tələbi olduğunu bildirib. Qeyd olunub ki, sığorta hər hansı gözlənilməz hadisə və ya qəzadan zərərçəkən insanların maddi vəziyyətini bərpa etmək, zərərləri aradan qaldırmaq üçün bir vasitədir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikamızda sığorta fəaliyyətinin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Bildirib ki, 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirə Naxçıvan Muxtar Respublikasında sığortanın inkişafı üçün dönüş nöqtəsi olub. Çıxışda qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Naxçıvan şəhəri üzrə sığortahaqlarının toplanması 11 faiz artıb. Hikmət Əsgərov diqqətə çatdırıb ki, daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 2014-cü illə müqayisədə bağlanılmış müqavilələrin sayı artsa da, bəzi vətəndaşlar tərəfindən sığorta müqavilələri bağlanılmayıb. Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, ev əmlakının sığortası, fərdi qəza sığortası üzrə də zərərçəkənlərə müxtəlif həcmdə sığorta ödənişləri verilib.
Qeyd olunub ki, qarşıda duran əsas vəzifə ondan ibarətdir ki, bütün sığorta növlərini inkişaf etdirməklə hər bir hüquqi və fiziki şəxs üçün gözlənilməz hadisələrə qarşı etibarlı sığorta təminatı yaradılsın.
Sonra Naxçıvan Şəhər Polis İdarəsi Dövlət yol polisi bölməsinin rəisi Rəşadət Əliyev, Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Şahid İbrahimov görülmüş işlər barəsində məlumat veriblər.
Xəbərlər şöbəsi