Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasında nazir Elşad Əliyev bildirmişdir ki, muxtar respublikada aparılan meliorasiya, irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumunun artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının sürətli inkişafına əlverişli şərait yaratmışdır.
Qeyd olunmuşdur ki, məhsul istehsalçılarının marağının yüksəldilməsində Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən taxılın hər kiloqramının istehsalçılardan münasib qiymətə qəbul edilməsinin müstəsna əhəmiyyəti olmuşdur. Taxıl istehsalçılarına yanacaq və sürtgü yağlarına görə 2015-ci ilin yanvar ayında 1 milyon 206 min 640 manat verilmişdir. Mart ayında isə 4457 sahibkar 2 milyon 375 min 645 manat dəyərində 5939 tondan çox azot gübrəsi almışdır.
2015-ci ilin ilk 6 ayında banklar və bank olmayan kredit təşkilatları tərəfindən bitkiçiliyin, bağçılığın, heyvandarlığın, arıçılığın, quşçuluğun inkişaf etdirilməsi məqsədilə bu sahə ilə məşğul olanlara, ümumilikdə, 10 milyon 661 min 300 manat kredit verilmişdir.
Qeyd olunmuşdur ki, ümumilikdə, muxtar respublika üzrə 2015-ci ildə 26786 hektar sahədə yaz əkinləri həyata keçirilmişdir ki, bu da ötən illə müqayisədə 92 hektar artıqdır.
Keçən ilin payızında 30166 hektar sahədə, bu ilin yazında isə 6071 hektar sahədə taxıl əkini keçirilmişdir. 2015-ci ilin məhsulu üçün cəmi 36237 hektar sahədə taxıl yetişdirilmişdir. Ondan 26746 hektarı və ya 73,8 faizi buğda, 9491 hektarı və ya 26,2 faizi arpa əkini olmuşdur. Artıq muxtar respublikada taxıl biçini başa çatmışdır. Taxıl sahələrindən 106 min 282 ton məhsul yığılmışdır.
Ümumilikdə, 2015-ci ilin 6 ayında kənd təsərrüfatının ümumi məhsulu 110 milyon 870 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artıqdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
* * *
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində 2015-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclas keçirilmişdir.
İclasda çıxış edən idarənin sədri Səbuhi Məmmədov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 iyul 2015-ci il tarixədək muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 119 milyon 789 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 15 milyon 132 min manat, uzunmüddətli kredit qoyuluşu isə 104 milyon 657 min manat təşkil etmişdir. Muxtar respublika əhalisinə verilmiş 13 milyon 265 min manat məbləğində şəxsi istehlak kreditləri, daşınmaz əmlak alınması üçün 8 milyon 18 min manat məbləğində verilmiş ipoteka kreditləri vasitəsilə vətəndaşların rifahının artırılması ilə bərabər, real sektor da dəstəklənmişdir. Bəhs olunan dövrdə bank və kredit təşkilatları tərəfindən 2015-ci ilin 6 ayı ərzində 41 milyon 355 min manat kredit verilmişdir ki, bunun da 11 milyon 113 min manatını qısamüddətli, 30 milyon 242 min manatını isə uzunmüddətli kreditlər təşkil etmişdir. Verilmiş kreditin 10 milyon 661 min manatı kənd təsərrüfatı, 10 milyon 378 min manatı sənaye, 407 min manatı tikinti, 3 milyon 700 min manatı kommersiya, 4 milyon 558 min manatı nəqliyyata, 4 milyon 684 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 6 milyon 967 min manatı digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilmişdir. Hesabat dövründə verilmiş kreditlərin 25,8 faizinin və ya 10 milyon 661 min manatının kənd təsərrüfatı kreditlərinin təşkil etdiyini deyən idarə sədri bildirmişdir ki, kənd təsərrüfatı kreditləri aqrar sahənin inkişafı, ənənəvi istehsal və kiçik emal sahələrinin dirçəlməsində əhəmiyyətli rol oynayır.
Vurğulanmışdır ki, 2015-ci ilin birinci yarısında 41 hüquqi, 6470 fiziki şəxs olmaqla, 6511 müştəriyə yeni bank hesabı açılmışdır. Açılmış bank hesablarının 6511-i fəaliyyət göstərir ki, onların da analoji olaraq 41-i hüquqi, 6470-i isə fiziki şəxsdir.
Səbuhi Məmmədov demişdir ki, 1 iyul 2015-ci il tarixə əsas ödəniş alətlərindən sayılan POS-terminalların sayı 488-i Naxçıvan şəhəri, 509-u isə rayon və kənd yaşayış məntəqələrində olmaqla, 997 ədədə çatdırılmışdır. Hesabat yarımilində muxtar respublika sakinləri tərəfindən aparılmış nağdsız ödənişlərin 5 milyon 673 min manatı POS-terminallar üzərindən, 2 milyon 458 min manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilmişdir. Aparılmış nağdsız əməliyyatların 2 milyon 400 min manatı isə kommunal ödəniş məntəqələrində quraşdırılmış 184 ədəd POS-terminalın payına düşmüşdür.
İdarənin sədri dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasında muxtar respublikada fəaliyyət göstərən bank qurumları qarşısına mühüm tapşırıqların qoyulduğunu diqqətə çatdırmış, görüləcək işlərdən bəhs etmişdir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilmişdir.
* * *
Muxtar respublikamızda keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi, əhalinin sağlamlığının qorunması, məhsul, iş və xidmətlərin təhlükəsizliyinin təmin edilməsi və keyfiyyətinin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifələr durur. 2015-ci ilin ilk altı ayında beynəlxalq norma və prinsiplərə müvafiq olaraq standartlaşdırma, metrologiya, sertifikatlaşdırma, akkreditasiya və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində təkmilləşmə, müasir beynəlxalq təcrübənin tətbiqi istiqamətində işlər davam etdirilib, komitə tərəfindən qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrin həyata keçirilməsi istiqamətində müvafiq işlər görülüb.
Bu sözləri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasında komitənin sədri Bəxtiyar İsmayılov deyib.
Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasından irəli gələn vəzifələr, bu ilin ilk yarımilinin yekunları haqda məruzə edən komitə sədri bildirib ki, ötən ilin müvafiq dövründə olduğu kimi, bu ilin ilk altı ayında da muxtar respublika rəhbərinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının və komitənin fəaliyyət istiqamətləri üzrə verilmiş tapşırıqların icrası diqqətdə saxlanılıb.
Bəxtiyar İsmayılov komitə tərəfindən elektron xidmətlər göstərilməsi, qaz təsərrüfatı sahəsində aparılan işlər, istehlakçıların hüquqlarının qorunması, ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində norma və qaydalara əməl olunması istiqamətində həyata keçirilən tədbirlər haqda danışıb.
İstehlak bazarında məhsulların keyfiyyətinə, müvafiq standartlara uyğunluğuna nəzarətin əsas prinsipləri və mövcud göstəricilər, məktəbli, tələbə və müəllim geyim formalarının, eləcə də məktəbli ləvazimatlarının keyfiyyət göstəricilərinin müasir standartlara uyğunlaşdırılmasına nəzarət edilməsi işinə xüsusi diqqət yetirilməsinin zəruriliyini vurğulayan komitə sədri, təhsil, eləcə də məktəbəqədər təhsil müəssisələrinin yeməkxanalarına alınan ərzağın keyfiyyətinin müntəzəm olaraq nəzarətdə saxlanılması, səhiyyə müəssisələrinin yeməkxanalarındakı mövcud vəziyyətlə bağlı araşdırmalar aparılması, qaz sayğaclarının istismar müddətinin diqqətdə saxlanılması, sahibkarlıq subyektlərinə qanunsuz müdaxilələrin qarşısının alınması üçün sertifikasiya işinin sürətləndirilməsi və digər sahələr üzrə aparılan işlərdən də bəhs edib.
Sonra məruzə ətrafında çıxışlar olub. Çıxışlarda keyfiyyətsiz məhsulların aşkar olunması, keyfiyyətin idarə olunmasına dövlət nəzarəti, standartlaşdırma, metrologiya və patent, akkreditasiya, dövlət reyestri və kadastrı, maliyyə, kadrlarla iş, komitənin elmi-texniki kitabxanası üzrə bu ilin 6 ayında görülmüş işlər barədə göstəricilər açıqlanıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
* * *
Cari ilin ilk 6 ayının yekunları Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində də müzakirə edilib.
İclasda çıxış edən agentliyin baş direktoru Hikmət Əsgərov bildirmişdir ki, agentlik öz işini 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində qurmuşdur.
Qeyd olunmuşdur ki, cari ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfındən Şərur, Ordubad, Sədərək, Babək, Şahbuz Rayon İcra hakimiyyətləri ilə birlikdə “Sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrə dair” müşavirələr keçirilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmayan sürücülərin icbari sığortaya cəlb olunması məqsədilə Dövlət Baş Sığorta Agentliyi və Dövlət Yol Polisi əməkdaşları reydlər aparmışlar.
Bütün bu tədbirlərin yekunu olaraq 2015-ci ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi üzrə hüquqi və fiziki şəxslərlə aparılan məqsədyönlü tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə, ümumilikdə, sığorta tədiyələrinin toplanması həcmi 4,8 faiz, qeyri-həyat (ümumi) sığortası üzrə sığorta tədiyələrinin toplanması həcmi 4,4 faiz artmışdır. Muxtar respublikada 2014-cü ilin 6 ayı ilə müqayisədə 2015-ci ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanılmış müqavilələrin sayı 716, daşınmaz əmlakın icbari sığortası üzrə bağlanılmış müqavilələrin sayı 227, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə bağlanılmış müqavilələrin sayı isə 23 ədəd artmışdır.
Hikmət Əsgərov Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında kənd təsərrüfatının əhəmiyyətindən bəhs edərək bildirmişdir ki, “Kənd təsərrüfatı ili” ilə əlaqədar həyata keçirilən tədbirlər arasında bitkiçilik və heyvandarlıq məhsullarının sığortasına da diqqət artırılmışdır. Bununla bağlı 21 iyul 2015-ci il tarixdə dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Baş Sığorta Agentliyinə kənd təsərrüfatında sığorta işinin təşkilinə diqqətin artırılması, sığorta hadisələri barədə onların maarifləndirilməsi tapşırığını vermişdir.
İclasda ötən dövrdə işdə yol verilmiş nöqsanlardan da bəhs olunmuş, çatışmazlıqların tezliklə aradan qaldırılmasının vacibliyi vurğulanmışdır.
* * *
“Naxçıvanqaz” İstehsalat Birliyində 2015-ci ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə birliyin direktoru Ramin İsmayılov geniş məruzə ilə çıxış edib. Bildirib ki, muxtar respublikada 1 iyul 2015-ci il tarixə təbii qaz istehlakçılarının ümumi sayı 84702, o cümlədən 82844 əhali abonentləri və 1858 qeyri-əhali abonentləri olub.
Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün birlik tərəfindən mütəmadi olaraq təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər görülüb. Cari ildə 625 abonent, o cümlədən 521 əhali abonent və 104 qeyri-əhali abonent tərəfindən daxil olan müraciətlərə əsasən, ev, mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb. Birinci yarımildə istismara yararsız 5657 ədəd qaz sayğacı yenisi ilə əvəz edilib.
Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikada istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi ilə yanaşı, bu sahədə infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır. Cari ilin I yarımilində 95254 p/m, o cümlədən 23312 p/m polietilen boru və 71942 p/m dəmir borudan istifadə olunub.
Bəhs olunan dövrdə birliyə tabe şəhər, rayon Qaz İstismarı idarələrinin qəza dispetçer xidmətlərinə təbii qaz istehlakçılarından 10516 dəfə çağırış daxil olub. Bu çağırışlara vaxtında gedilib və bütün işlər keyfiyyətlə yerinə yetirilməklə qazın nəqli bərpa olunub.
Muxtar respublikada qaz şəbəkəsində qazın təzyiqinin texnoloji rejimə uyğun istismarını təmin etmək üçün 308 ədəd müxtəlif markalı manometr, sayğac, vintil, siyirtmə və qaztənzimləyicilər quraşdırılıb, bəhs olunan dövrdə muxtar respublika qaz təsərrüfatı şəbəkəsində qaz analizator və detektorlar vasitəsilə 15009 halda sızma aşkarlanıb və bu sızmalar aradan qaldırılıb.
Əhali qrupu üzrə təbii qaz istehlakçılarının mavi yanacaqdan istifadəsində müasir standartlara cavab verən texnologiyaların tətbiqi məqsədilə Naxçıvan şəhərində ön ödənişli smartkarttipli qaz sayğaclarının quraşdırılmasına başlanılıb. Hələlik, sifariş əsasında Türkiyə istehsalı olan 10 min ədəd sayğac gətirilib. “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Mərkəzi Poçtda ödəmə məntəqəsi yaradılıb. Sayğac quraşdırılan abonentlərin sayı çoxaldıqca ödəmə məntəqələrinin də sayı artırılacaqdır.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi