23 Dekabr 2024, Bazar ertəsi

İyulun 24-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin cari ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayev açaraq ötən dövrdə görülmüş işlərlə bağlı məruzə etmişdir.
Qeyd olunmuşdur ki, hesabat dövründə istismara verilmiş 1 təhlükə potensiallı obyekt, 13 avadanlıq və qurğu dövlət reyestrində qeydiyyata alınmış, 39 ədəd texnoloji nəqliyyat vasitəsinə dövlət nömrə nişanları və qeydiyyat şəhadətnamələri verilmiş, 175 ədəd texnoloji nəqliyyat vasitəsi texniki baxışdan keçirilmişdir. Bundan əlavə, 23 müəssisədə 142 təhlükə potensiallı qurğu və avadanlıq sertifikatlaşdırılmışdır.
Məruzədə yanğın təhlükəsizliyi sahəsində keçirilən tədbirlərə də toxunulmuş, vurğulanmışdır ki, nazirliyin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumları tərəfindən 1398 obyektdə əsaslı, 1362 obyektdə nəzəri, 317 obyektdə məqsədli yoxlamalar aparılmışdır. Şəhər və rayon icra hakimiyyətlərinin, yerli özünüidarə orqanlarının iştirakı ilə reydlər keçirilərək 60 min 927 şəxsi yaşayış evində, 327 dövlət yaşayış binasının 16 min 386 mənzilində yanğına qarşı yoxlamalar keçirilmiş, 17 min 844 ədəd yaddaş kitabçası təqdim edilmiş, 120 min 966 nəfər yanğına qarşı təlimatlandırılmışdır.

Keçirilən reydlər zamanı 269 ədəd əlavə çəkilmiş elektrik xətti, qeyri-standart elektrik qızdırıcıları və yanğın cəhətdən qorxulu olan nasaz elektrik sahəsi qadağan edilmiş, təhlükəli yerlərə yığılmış 42 ədəd ot-saman tayasının yeri dəyişdirilərək təhlükəsiz yerlərə köçürülmüşdür. Eyni zamanda ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi ilə bağlı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının iştirakı ilə 9 maarifləndirici tədbir təşkil olunmuş, 145 kombayna yanğına qarşı baxış keçirilmiş, 14 un dəyirmanı və 2 yem anbarının yanğın təhlükəsizliyi vəziyyəti yoxlanılmış, 1479 nəfər yanğına qarşı təlimatlandırılmışdır.
Kollegiya iştirakçılarının diqqətinə çatdırılmışdır ki, yanğına qarşı profilaktik tədbirlərin aparılmasına baxmayaraq, 2015-ci ilin 6 ayı ərzində muxtar respublika ərazisində 5 yanğın hadisəsi qeydə alınmış, 82 min 700 manat dəyərində əmlak və tikili yanğından xilas edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın icrası ilə bağlı obyektlərin layihələndirilməsi mərhələsində 21 tikinti obyektinin ərazisindən götürülmüş qrunt nümunələrinin mühəndis-geoloji, sement və beton laboratoriyasında analizi aparılmış, dəmir-beton konstruksiyalarda betonun naturada möhkəmlik dərəcəsi yoxlanılmış, beton divar daşı nümunələri götürülərək sınaqdan keçirilmişdir. Bəhs olunan dövrdə muxtar respublikada fəaliyyət göstərən 10 tikinti təşkilatına birinci və ikinci məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılması fəaliyyət növləri üzrə lisenziyanın verilməsi təmin olunmuşdur.
İclasda görülən işlərlə bərabər, qarşıda duran vəzifə və tapşırıqlardan da danışılmışdır.
Sonra məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi Vüqar Kazımovun, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmmədovun və Mülki Müdafiə Alayının komandiri, ­polko­vnik İspəndiyar Əhmədovun çıxışları olmuşdur.
Tədbirə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayev yekun vurmuşdur.

*  *  *

Dünən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasında komitənin sədri  Ramilə Seyidova 2015-ci ilin birinci yarimili ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.  

Bildirilib ki, əvvəlki illərdə olduğu kimi, cari ilin ötən dövründə də ailə, qadın və uşaq siyasətinin gücləndirilməsi sahəsində seminarlar, konfranslar, müsabiqələr, tədbirlər keçirilib, ailə, qadın və uşaqlarla bağlı məlumat bazası yaradılıb. Komitə tərəfindən 2015-ci ilin 6 ayı ərzində 18 tədbir, 10 seminar, 2 konfrans, məktəbəqədər müəssisələrin uşaqları və sağlamlıq imkanları məhdud uşaqlar arasında müsabiqə, rəsm, əl işi və musiqi, şeir, inşa-yazı, şeir və rəsm, yazı və rəsm müsabiqələri keçirilib.
Bu il fevralın 9-da “2014-cü ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ailə və qadınlarla bağlı məlumat bazasının təkmilləşdirilməsi, qadınların sağlamlıqlarının qorunması istiqamətində maarifləndirici tədbirlərin davam etdirilməsi tapşırılıb. Verilən tapşırıqlara uyğun olaraq, komitədə ailə və qadınlarla bağlı məlumat bazası yenilənib, komitə muxtar respublikanın Səhiyyə Nazirliyi ilə birlikdə qadınların sağlamlığının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsi, erkən və qanqohumluğu nikahlarının bağlanması nəticəsində ortaya çıxan mənfi cəhətlərin əhalinin lazımi yaş qruplarına çatdırılması məqsədilə Şərur rayonunun Püsyan kəndində, Ordubad rayonunun Aşağı Əylis kəndində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar olaraq 2015-ci ilin 6 ayı ərzində 158 nəfəri məktəbəqədəryaşlı olmaqla, 485 nəfər sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə əlaqə yaradılıb və onlarla maarifləndirici söhbət aparılıb. Müvafiq kateqoriyadan olan uşaqlar haqqında məlumat bazası yaradılıb və onlardan 42 nəfər potensiallarına uyğun olaraq məktəbəqədər, məktəb və məktəbdənkənar təlim-tərbiyə, müalicə və reabilitasiya müəssisələrinə yönləndirilib.
Bildirilib ki, sözügedən proqramın icrası ilə bağlı komitə üzərinə düşən vəzifəni layiqincə həyata keçirməyə çalışır. Komitə tərəfindən muxtar respublika üzrə 1972 nəfər 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında 370 nəfərin məktəbəqədəryaşlı olduqları müəyyən edilib və onlar haqqında məlumat bazası yaradılıb. Məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyə işinə məsul işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə 56 nəfər müəllim, metodist və tərbiyəçinin iştirakı ilə 2 kurs təşkil edilib, bu qəbildən olan uşaqlar üçün qanvermə aksiyaları keçirilərək 6 litrə yaxın qan toplanaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin qan bankına təhvil verilib. Proqramın icrası ilə bağlı görülən işlər davam etdirilir.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində 2015-ci ilin birinci yarısının yekunlarına dаir kollegiya iclası kеçirilmişdir.
İclasda xidmətin rəisi Əbil Əbil­ov məruzə ilə çıxış edərək bildirmişdir ki, daxili bazarın yüksəkkeyfiyyətli yerli ət və süd məhsulları ilə təmin olunmasında mühüm rol oynayan baytarlıq xidməti cari ilin ötən dövründə də uğurla davam etdirilmiş, sağlam təsərrüfatların qorunub saxlanılması üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərilmişdir. Epizootik tədbirlər planına uyğun olaraq, xroniki xəstəliklərdən olan brusellyoza qarşı 32019 baş iribuynuzlu və 43403 baş xırdabuynuzlu heyvanlardan qan nümunələri götürülərək baytarlıq laboratoriyalarında seroloji müayinədən keçirilmişdir.
Qeyd olunmuşdur ki, profilaktik məqsədlə kənd təsərrüfatı heyvanları arasında qarayara xəstəliyinə qarşı 90030 baş iribuynuzlu, 467010 baş xırdabuynuzlu, dabaq xəstəliyinə qarşı 89744 baş iribuynuzlu, 475370 baş xırdabuynuzlu, emkar xəstəliyinə qarşı 115071 baş iribuynuzlu, bradzot xəstəliyinə qarşı 117528 baş xırdabuynuzlu, REV-1 brusellyoz xəstə­liyinə qarşı 123022 baş xırdabuynuzlu, nodulyar dermatit xəstə­liyinə qarşı 53106 baş iribuynuzlu heyvanlarda, pasterellyoz xəstəliyinə qarşı 201284 baş, taun “H” xəstəliyinə qarşı 308927 baş quşlarda peyvəndləmə tədbirləri aparılmış və hazırda bu tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının baytarlıq laboratoriyalarında mal-qara və ev quşlarının parazitlərlə yoluxma dərəcəsini müəyyən etmək üçün 239811 helmentoloji analizlər aparılmış və əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün baytar-sanitar ekspertiza laboratoriyalarında və baktereoloji laboratoriyalarda 9460 ədəd patoloji nümunə infeksion xəstəliklərə görə bakterioskopik müayinələrdən keçirilmişdir.
Bütün yaşayış məntəqələrində, o cümlədən mal-qara saxlanılan tövlələrdə, yataq yerlərində, quş damlarında, ümumilikdə, 2669 obyektdə 497350 kvadratmetr sahədə dezinfeksiya tədbirləri həyata keçirilmişdir.
Sonra məruzə ətrafında xidmətin Epizootiya əleyhinə mübarizə və müalicə profilaktikası sektorunun müdiri Şəmsəddin Nağıyevin, Ümumi işlər və kadrlar sektorunun müdiri Mehdi Əliyevin, Naxçıvan şəhəri, Ordubad və Sədərək Rayon Baytarlıq idarələrinin rəisləri Mirvasif Seyidov, Pamir Hüseynov, Bahadur Hüseynov və başqalarının çıxışları olmuşdur.
Kollegiya iclasında işdə buraxılan nöqsanlara da toxunulmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

*  *  *

Naxçıvan Tibb Kollecində də 2015-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə kollecin direktoru İlhamə Mustafayeva çıxış edərək bildirib ki, Naxçıvan Tibb Kolleci təhsilin və səhiyyənin inkişafına öz töhfəsini verməyə çalışır. 2014-2015-ci tədris ilindən başlayaraq təhsil kredit sistemi ilə həyata keçirilir. Hazırda payız və yaz semestrindən akademik borcu olan 79 tələbə kreditlərini ödəmək üçün 6 həftəlik yay məktəbində iştirak edirlər. 2014-2015-ci tədris ilində kollecdə 7 fənn birləşmə komissiyası, kabinə rəhbəri, tyutor və qrup rəhbərləri fəaliyyət göstərirlər. Onlar tərtib olunmuş plan əsasında işləyərək kollecin ictimai həyatında, tədbirlərdə, dərnəklərdə tələbələrin fəal iştirakını təmin ediblər. Həftədə bir dəfə qrup iclasları keçirərək təlim-tərbiyə, dərsə davamiyyət, təcrübə dərslərinin vəziyyəti, imtahanlara hazırlığın təşkili və sair məsələlər müzakirə edilib, çatışmazlıqları aradan qaldırmaq məqsədilə lazımi tədbirlər görülüb.
Qeyd olunub ki, 1 iyun 2015-ci il tarixə tələbələrin ümumi sayı 594 nəfər olub. Bunlardan 216 nəfəri dövlət hesabına, 378 nəfəri ödənişli əsaslarla təhsil alan tələbələrdir. Bu il kollecdən 5 qrup üzrə 107 nəfər tələbə məzun olub. Məzunlardan 36 nəfəri dövlət hesabına, 71 nəfəri ödənişli əsaslarla təhsil alan tələbələrdir.
Ötən dövrdə kollecdə keçirilən mədəni-kütləvi və elmi-praktik konfranslardan danışan İlhamə Mustafayeva qarşıda duran vəzifələrdən də bəhs edib.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR