Culfa Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Bənəniyar kəndində “Vərəsəlik və mirasdan məcburi pay almaq hüququ”, həmçinin “Valideynlərin hüquq və vəzifələri, valideyn məsuliyyəti” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Culfa rayon prokuroru, baş ədliyyə müşaviri Əli Adıgözəlov “Vərəsəlik və mirasdan məcburi pay almaq hüququ” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, vərəsəlik mülki hüququn ən mürəkkəb institutlarından biri olaraq bütün dövrlərdə olduğu kimi, indi də böyük əhəmiyyət kəsb edir. Vərəsəlik hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin onuncu bölməsini, 62-74-cü fəsillərini və 1133-1325-ci maddələrini əhatə edir. Əli Adıgözəlov vərəsəlik hüququ və bu hüququn həyata keçirilməsi, ümumiyyətlə, mülki qanunvericiliklə müəyyən edilmiş qaydada bu hüquqlardan necə istifadə edilməsi haqqında sakinlərə məlumat verib.
Sonra Culfa rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Taryel İsmayılov çıxış edərək bildirib ki, valideynlərin hüquq və vəzifələri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci fəslində öz əksini tapıb. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
Vurğulanıb ki, valideynlər uşaqlarının hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlərin və uşaqların maraqları arasında ziddiyyət yarandığı müəyyən olunarsa, müvafiq icra hakimiyyəti orqanı uşaqların hüquq və mənafeyini müdafiə üçün nümayəndə təyin etməlidir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Kərəm Həsənov