1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi, Mədəniyyət və Turizm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları şəhərimizdəki “Ana dili” abidəsini ziyarət ediblər.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında davam etdirilən tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti dahi rəhbərin dövlət quruculuğu siyasətinin əsas tərkib hissəsidir. Ölkəmizə rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev Azərbaycan dilinin Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olub. Həmin illərdə Azərbaycan dilinin qrammatik quruluşunun elmi şəkildə öyrənilməsinə başlanılıb, dilçi alimlər üçün geniş fəaliyyət istiqamətləri müəyyənləşdirilib, anadilli mətbuatımızın inkişafına şərait yaradılıb. Məhz elə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsisi də ümummilli lider Heydər Əliyevin 1969-cu ildən başlanan milli dil və milli dövlətçilik siyasətinin davamıdır.
Diqqətə çatdırılıb ki, bu gün milli dil siyasəti ölkəmizdə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb edən sənəddir. Ölkə Prezidentinin 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı Azərbaycan dilinə göstərilən qayğının ifadəsi olmaqla yanaşı, həm də bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsinə şərait yaradıb.
Akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən dövlət dil siyasətindən danışıb. Bildirib ki, Naxçıvan şəhərində “Ana dili” abidəsinin ucaldılması, Azərbaycanda latın qrafikasına keçiddən sonra muxtar respublikanın kitabxanalarına 2 milyondan artıq kitab verilməsi ana dilimizə olan dərin ehtiramın ifadəsidir. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun yaradılmasının, burada çalışanlara, həmçinin dilçiliklə məşğul olan gənc kadrlara normal iş şəraitinin qurulması da dilimizin inkişafı istiqamətində atılan mühüm addımlardandır. Son illər muxtar respublikada dərc olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan Folkloru Antologiyası” və xeyli sayda digər nəşrlər tariximiz, mədəniyyətimizlə yanaşı, dilimizin də inkişafına mühüm töhfədir.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru Elbəyi Maqsudovun “Ana dili xalqımızın milli varlığıdır”, Naxçıvan Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru, filologiya üzrə elmlər doktoru Akif İmanlının “Ən böyük milli dəyərimiz ana dilimizdir”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Azərbaycan dilinin tarixi və onun yayıldığı ərazilər” mövzularında çıxışları olub.
Xəbərlər şöbəsi