23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasında qarşıya qoyulmuş vəzifələr və 2015-ci ilin birinci yarımili ərzində cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində prokurorluq orqanları tərəfindən görülmüş işlərə dair kollegiya iclası keçirilib.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, 2015-ci ilin birinci yarım­ilində digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə həyata keçirilən quruculuq işlərinin əsas təminatlarından biri olan ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, dövlət müstəqilliyimizin, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsinin təmin edilməsində fəallıq göstəriblər.

Səbuhi Şahverdiyev kollegiya iştirakçılarının diqqətinə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və tabe rayon (şəhər) prokurorluqlarının iş planlarına “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda və qüvvədə olan qanunvericilik aktlarında müəyyən edilmiş vəzifə və səlahiyyət hüdudlarından kənara çıxan, özündə keçmiş prokurorluğun funksiyalarına aid elementləri daşıyan tədbirlər və eləcə də prokurorluğun səlahiyyətlərinə aid olmayan məsələlər daxil edilməyib. Muxtar respublika Prokurorluğu orqanlarının iş planlarında nəzərdə tutulmuş bütün məsələlər vaxtında və keyfiyyətli icra olunub.
“Vətəndaşların müraciətlərinə baxılması sahəsində hesabat dövründə müəyyən işlər görülüb”, – deyən prokuror bildirib ki, muxtar respublikanın prokurorluq orqanlarına vətəndaşlardan 8 ərizə, şikayət və digər müraciətlər daxil olmuşdur ki, onların hamısı müvafiq qanunvericiliyə uyğun həll edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar işəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılmasına, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət etməsinə nəzarət olunması məqsədilə 2015-ci ilin birinci yarımilində prokurorluğun mərkəzi aparatının və tabe rayon (şəhər) prokurorluqlarının əməliyyat işçiləri bu işə cəlb edilib və hazırda digər müvafiq orqanlarla əlaqəli şəkildə bu sahədə tədbirlər mütəmadi olaraq davam etdirilir. Həmçinin bu sahədə hüquqi maarifləndirmə işi aparılmaqla, kütləvi informasiya vasitələrinin gücündən səmərəli istifadə olunmağa çalışılır.
Hesabat dövründə prokurorluq əməkdaşları tərəfindən yerlərdə əhali ilə görüşlər keçirilib, əhalinin hüquqi maarifləndirilməsi və hüquqi biliklərin təbliği ilə əlaqədar profilaktik tədbirlər davam etdirilib. Səbuhi Şahverdiyev vurğulayıb ki, hüquqi-təminat və informasiya şöbəsi, eləcə də prokurorluq əməkdaşları görülmüş işlərlə kifayətlənmə­məli, “Prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq məsələləri haqqında” əmrinin tələblərindən irəli gələn vəzifələrin icrası üçün qanunvericiliyin izahı məqsədilə bütün vasitələrdən geniş istifadə etməlidirlər.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

2015-ci ilin birinci yarımilinin yekunu və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində keçirilən kollegiya iclasını xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Fazil Ələkbərov açaraq məruzə edib. 

Məruzəçi bildirib ki, bu ilin birinci yarısında Dövlət Miqrasiya Xidməti üçün ən əlamətdar hadisə may ayının 27-də qurum üçün yeni, hər cür şəraitlə təmin olunmuş binanın istifadəyə verilməsi olub. Xidmətə dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğının nümunəsi olan bu binada yaradılan yüksək səviyyəli iş şəraiti əməkdaşların məhsuldar fəaliyyəti üçün geniş imkanlar açıb. Yeniliklərdən biri də qurumun “Naxtel” Şirkətinin toplu SMS xidmətindən istifadəyə başlamasıdır. Belə ki, artıq Dövlət Miqrasiya Xidmətinə müraciət edən hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin, eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının elektron müraciətlərinə uyğun cavablandırma onların mobil telefonlarına ünvanlandırılır. Daha bir yenilik isə 202 nömrəli Miqrasiya Məlumat Mərkəzinin – “Qaynar xətt”in fəaliyyətə başlamasıdır.
Qeyd edilib ki, bu ilin fevral ayından etibarən Naxçıvan şəhərinin ictimai yerlərində monitorlar quraşdırılıb və miqrasiya sahəsində məlumatlandırma funksiyası daşıyan videoçarxların nümayiş etdirilməsinə start verilib. Bu dövr ərzində xidmət tərəfindən əmək miqrasiyası sahəsində maarifləndirici tədbirlərə geniş yer verilib. Ümumiyyətlə, 2015-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz əmək miqrasiyasının qarşısının alınması və iş icazələrinin qüvvədə olma qaydalarına nəzarət etmək məqsədilə muxtar respublika ərazisində fəaliyyət göstərən tikinti və emal sənayesi sahələrində yoxlamalar keçirilib. Əldə olunan nəticələrə əsasən, 2015-ci ilin birinci yarımili ərzində muxtar respublika ərazisində qanunsuz və qeydiyyatsız olan, qanunsuz yaşayan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 137 əcnəbi aşkarlanıb. Aşkarlanmış əcnəbilərdən 19-u barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə inzibati tənbeh növü tətbiq edilib, 110 nəfər 48 saat müddətində, 8 əcnəbi isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılıb. Bu dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı xidmətə, ümumilikdə, 5621 müraciət daxil olub.
Qeyd edilib ki, bəhs olunan dövrdə konkret sahələr üzrə elektron xidmətlərin göstərilməsi məqsədilə yaradılan Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin elektron poçtuna, ümumilikdə, 1542 müraciət daxil olub. Bu dövrdə Dövlət Miqrasiya Xidməti tərəfindən dövlət büdcəsinə, ümumilikdə, 89 min 350 manat məbləğində vəsait köçürülüb.
Sonra məruzə ətrafında çıxışlar olub, xidmətin 6 aylıq fəaliyyəti ətraflı təhlil edilib, ötən ilin müfaviq dövrünün göstəriciləri ilə müqayisələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Fazil Ələkbərov yekun vurub.

*  *  *

İyul ayının 28-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 2015-ci ilin birinci yarımilinin yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova 2015-ci ilin birinci yarısında Ombudsman təsisatının fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış etmişdir.
Qeyd edilmişdir ki, 2015-ci ilin birinci yarısında da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan və insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi, dövlət və yerli özünü­idarəetmə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurmuşdur.
Bildirilmişdir ki, cari ilin birinci yarısında insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılmış, Müvəkkilə ünvanlanmış hər bir müraciət araşdırılmış, aid qurumlara sorğular göndərilmiş, şifahi qəbul zamanı ərizəçilərə çoxsaylı hüquqi məsləhətlər verilmişdir. Vətəndaşlar tərəfindən müxtəlif formada daxil olmuş müraciətlərə, həmçinin elektron müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılmış, daxil olan bütün müraciətlər araşdırılmışdır.
Vurğulanmışdır ki, Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmə işinin təşkil edilməsidir. 2015-ci ilin ilk altı ayı ərzində Müvəkkil təsisatı tərəfindən, ümumilikdə, müxtəlif sosial qruplara ünvanlanmış 60 tədbir keçirilmişdir.
Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Ədliyyə, Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə aid 26 müəssisədə bəhs olunan dövrdə, ümumilikdə, cəmi 51 başçəkmə həyata keçirilmişdir.
Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yenilənməsini, qanunvericilik bazasının zənginləşdirilməsini, Naxçıvan Muxtar Respublikasında insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlərin, o cümlədən müvəkkilin və təsisatın fəaliyyətinin işıqlandırılmasını, elektron müraciət səhifəsinin fəaliyyətinin daim diqqət mərkəzində saxlanılmasını vurğulayan Ülkər Bayramova qarşıda duran vəzifələrdən də danışaraq qeyd etmişdir ki, təsisat bundan sonra da insan hüquqlarının müdafiəsinin səmərəli həyata keçirilməsi məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə edilən müsbət təcrübə daha da inkişaf etdirilməli və mütəmadi təkmilləşdirilməlidir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

*  *  *

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində keçirilən tədbiri xidmətin rəisi, general-mayor Səxavət Salmanov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cari ilin ilk 6 ayında qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlib. Belə ki, qeyd olunan dövrdə çağırışçıların həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları əsasında çağırış kampaniyalarının keçirilməsi üçün nəzərdə tutulmuş plan-tapşırıqlar xidmət tərəfindən tam həcmdə yerinə yetirilib. Qeyd olunan dövrdə xidmətin idarə və şöbələri tərəfindən hərbi hissələrin, eləcə də qanunla müəyyən edilmiş digər silahlı birləşmələrin müddətdən artıq hərbi qulluqçular və zabitlərlə komplektləşdirilməsi işi davam etdirilib, 145 hərbi vəzifəlinin sənədləri hazırlanaraq hərbi hissələrə göndərilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə planı əsasında gənclərdə vətənpərvərlik hissinin artırılması ilə bağlı onların hərbi hissələrə ekskursiyaları təşkil edilib, gənclər hərbi hissələrin maddi-texniki bazası, texnikalarla, müxtəlif təyinatlı silahlarla, əsgər yataqxanaları ilə yaxından tanış olublar. Belə tədbirlərin ilin ikinci yarısında da davam etdirilməsi nəzərdə tutulub.
Səxavət Salmanov işdə buraxılmış nöqsanlara da toxunub, onların qısa müddətdə aradan qaldırılmasının vacibliyini bildirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Səfərbərlik hazırlığı, səfərbərlik və ehtiyatda olan şəxsi heyətin qeydiyyatı idarəsinin rəisi, polkovnik-leytenant Ziyarəddin Baxşəliyevin, xidmətin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik Elxan Əliyevin, Ordubad Rayon Şöbəsinin rəisi, mayor Vüqar Rəhimlinin, Kəngərli Rayon Şöbəsinin rəisi, mayor Həsən Məmmədovun çıxışları olub.
Tədbirə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov yekun vurub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən kollegiya iclasında Təhsil naziri Piri Nağıyev geniş məruzə ilə çıxış edərək bildirib ki, hər il olduğu kimi, bu il də muxtar respublikamızda məktəb binalarının tikintisi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılıb. Belə ki, 2015-ci ilin birinci yarısında Şərur rayonunda Kürkənd, Cəlilkənd, Babək rayonunda Qoşadizə, Ordubad şəhər 3 nömrəli tam orta məktəbləri üçün binalar şagird və müəllimlərin, Kəngərli Rayon Təhsil Şöbəsi üçün inzibati bina isə təhsil işçilərinin istifadəsinə verilib.
Ötən müddət ərzində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin təşkili diqqətdə saxlanılıb, Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Tarix və Naxçıvan Dövlət Xalça muzeyləri və daha 9 muzey ilə ümumtəhsil məktəbləri arasında canlı bağlantılar yaradılıb.
Təhsil naziri qeyd edib ki, bəhs olunan dövrdə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması və əməyinin qiymətləndirilməsinin təmin olunması məqsədilə 1-18 mart 2015-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyası keçirilib.
Məruzədə diqqətə çatdırılıb ki, 21 fevral 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə təhsil işçilərinin də üzərinə mühüm vəzifələr qoyulub. Həmin vəzifələrdən irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, aidiyyəti təşkilatlar tərəfindən muxtar respublikanın bütün şəhər və rayonlarında idmanın, xüsusən də şahmatın inkişafı ilə əlaqədar tədbirlər keçirilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 aprel 2015-ci il tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılıb. 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayacaq liseyə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən 160 şagird müvafiq siniflərə qəbul olunub. Nazirlik tərəfindən 9 iyun 2015-ci il tarixdə liseydə pedaqoji fəaliyyət göstərmək üçün müxtəlif ixtisaslar üzrə sənəd təqdim etmiş müəllimlərin imtahanı keçirilib.
2015-ci ildə məktəbi bitirən 3331 nəfərdən 2638-i, yəni məzunların 79,19 faizi ali məktəblərə qəbul üçün sənəd təqdim edib. Məzunlardan 161-i xüsusi təyinatlı ali təhsil müəssisələrinə, IX sinfi bitirənlərdən 916-sı orta ixtisas məktəblərinə, 977 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün sənəd verib.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

İyulun 28-də Naxçıvan Şəhər İcra Hakimiyyətində 2015-ci ilin birinci yarısının yekunlarına və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasında qarşıya qoyulan vəzifələrin icra­­sı­­­­na həsr olunmuş yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açıb. İcra Hakimiyyəti başçısının müavini Səyahət İman­ov məruzə ilə çıxış edib.
Bildirilib ki, ümum­milli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin regionlarında bütün sahələrdə inkişafa nail olunur. Naxçıvan Muxtar Respublikası da Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə son 20 ildə iqtisadiyyatın, sosial-mədəni həyatın bütün sahələrində yüksək nailiyyətlər əldə edib, özünün dinamik inkişaf mərhələsinə çatıb.
Qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi, 2015-ci ilin ilk yarımilində də Naxçıvan şəhərinin ictimai və təsərrüfat həyatında abadlıq-quruculuq işlərinin geniş vüsət alması sosial-iqtisadi sahədə əldə olunan uğurlara stimul verib. Bəhs olunan dövrdə Naxçıvan şəhərində abadlıq, bərpa, tikinti-quraşdırma işləri ön plana çəkilərək müxtəlif istiqamətli obyektlərin tikintisi və yenidən qurulması, İslam Səfərli, Nizami küçələrində asfalt-beton örtüyünün salınması başa çatdırılıb. Hazırda bir neçə obyektdə və Naxçıvan şəhərinin küçələrində tikinti və yenidənqurma işləri davam etdirilir. Ötən dövr ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 370 milyon 677 min 900 manat investisiya qoyulub.
Nəzərə çatdırılıb ki, Naxçıvan şəhərinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində bir sıra işlər görülüb. 224,8 kilometr məsafədə su, 218,9 kilometr məsafədə kanalizasiya xətləri çəkilib, 21 min 134 sayğac quraşdırılıb.
Sahibkarlığın dəstəklənməsi, yeni istehsal sahələrinin yaradılması İcra Hakimiyyətinin diqqətdə saxladığı sahələrdən biri olub. 2015-ci ilin yanvar-iyun aylarında 360 milyon 331 min 400 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur.
Səyahət İmanov bildirib ki, bu ilin 6 ayı ərzində işsiz kimi qeydə alınmış 391 nəfərdən 291-i işlə təmin edilib. Həmçinin 30 nəfər ictimai işə cəlb olunub, 2 nəfər kvota yerlərinə göndərilib, 52 nəfər peşə hazırlığı kursları keçib.
Məruzə ətrafında Naxçıvan Şəhər Maliyyə Şöbəsinin müdiri Aqil Nəsirovun, Naxçıvan Şəhər Statistika İdarəsinin rəisi Vahid Həsən­ovun çıxışları dinlənilib.
Yığıncağa Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov yekun vurub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində 2015-ci ilin birinci yarısının yekunlarına dair kollegiya iclası keçirilmişdir. İclasda dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasının qarşıya qoyduğu vəzifələr və cari ilin ilk 6 ayının nəticələri müzakirə olunmuşdur.
Kollegiya iclasını Nəqliyyat naziri Mirsənani Seyidov açaraq qeyd etmişdir ki, cari ilin birinci yarısında 118 nəfər fiziki və hüquqi şəxs lisenziyaya cəlb edilmiş, 248 avtonəqliyyat vasitəsinə lisenziya kartı və 977 avtonəqliyyat vasitəsinə “İcazə blankı” verilmişdir. Lisenziya almış avtomaşınların texniki müayinəsindən əldə olunmuş 31 min 839 manat vəsait nazirliyin xüsusi hesabına, lisenziya haqqı olaraq toplanmış 17 min 700 manat vəsait isə büdcəyə köçürülmüşdür.
Sərnişinlərin rahatlığını təmin etmək üçün mar­şrut şəbəkəsinin genişləndirilməsi diqqət mərkəzində saxlanılmış, 2015-ci ilin ilk 6 ayı ərzində Ordubad rayonunun Bist, Ələhi, Xurs və Nürgüt kəndlərinə yeni marşrutlar açılmışdır. Eyni zamanda sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldilməsi üçün Naxçıvan Şəhər Nəqliyyat İdarəsi tərəfindən alınmış 5 ədəd taksi sərnişinlərin istifadəsinə verilmişdir.
Nəqliyyat naziri bildirmişdir ki, Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin xidmət etdiyi respublika və yerli əhəmiyyətli yollarda istismar, təmir, tikinti və yenidənqurma işləri aparılmışdır. Həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini vermiş, 274 kilometr dövlət əhəmiyyətli, 1199 kilometr yerli əhəmiyyətli avtomobil yollarında hərəkətin intensivliyinin təmin olunmasına əlverişli şərait yaradılmışdır. Hazırda istər magistral, istərsə də rayon mərkəzlərini ucqar dağ kəndləri ilə birləşdirən yerli əhəmiyyətli yollarda cari təmir işləri aparılır.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi tərəfindən cari ilin 6 ayında 37 min 642 ton yük daşınmışdır.
Sonra “Naxçıvan Dəmir Yolları” MMC-nin direktoru Mahir Əliyevin, Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin baş direktoru Bəhruz Əsgərovun, Naxçıvan Beynəlxalq Hava Limanının direktor müavini Ceyhun Zeynal­ovun çıxışları olmuşdur.
İclasa Naxçıvan Muxtar Respublikasının Nəqliyyat naziri Mirsənani Seyidov yekun vurmuşdur.

*  *  *

Şahbuz rayonunun sosial-iqtisadi inkişafının yekunlarına və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasından irəli gələn vəzifələrə həsr olunmuş müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açaraq məruzə etmişdir.
Bildirilmişdir ki, 2015-ci ilin ötən dövründə rayonun ayrı-ayrı yaşayış məntəqələrində abadlıq-quruculuq və tikinti işlərinin aparılmasına diqqət artırılmış, Şahbuz rayonunda bir sıra obyektlər istifadəyə verilmişdir. Hazırda rayonun Daylaqlı kəndində 120 şagird yerlik tam orta məktəb binasının və kənd mərkəzinin tikintisi aparılır.
Vurğulanmışdır ki, respublikamızda “Kənd təsərrüfatı ili” elan edilmiş 2015-ci ildə aqrar sahənin inkişafı məqsədilə şəxsi mülkiyyətdə olan torpaqlardan səmərəli istifadə edilməsinə göstərilən dövlət qayğısı sayəsində bu sahəyə maraq xeyli artmış, cari ilin məhsulu üçün ötən il 1344 hektar sahədə taxıl əkini aparılmışdır. Həmçinin bu il 430 hektar sahədə kartof, 281 hektar sahədə tərəvəz, 242 hektar sahədə dənli-paxlalı, 10 hektar sahədə bostan bitkiləri əkilmişdir.
Vurğulanmışdır ki, Şahbuz şəhərində, eləcə də ayrı-ayrı kənd­lərdə yolların genişləndirilməsi ilə əlaqədar bir çox yerlərdə təbii qaz xətləri yenidən işlənmiş, yeni tikilmiş 22 evə təbii qaz xətti çəkilmişdir. Bəhs olunan dövrdə 5 milyon 465 min 688 kubmetr təbii qaz sərf olunmuş, təşkilatlardan və əhalidən işlədilən mavi qazın dəyərinin tam şəkildə yığılması təmin edilmişdir.
Rayon əhalisinə göstərilən səhiyyə, mədəniyyət, rabitə və digər sosial xidmətlərin səviyyəsi əvvəlki illərə nisbətən xeyli yaxşılaşdırılmış, şəhid ailələrinin, Azərbaycan Vətən Müharibəsi əlillərinin, qaçqın və məcburi köçkünlərin problemlərinin vaxtında həll olunmasına diqqət yetirilmiş, hərbi xidmət vəzifəsini yerinə yetirərkən sağlamlığını itirmiş I qrup əlilə “NAZ-Lifan” markalı minik avtomobili verilmişdir.
Bəhs olunan dövrdə Şahbuz şəhərində yerləşən Ahıllar evində yaşayan sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılmış, həmçinin iməciliklər zamanı ayrı-ayrı kənd yaşayış məntəqələrində ahıl və kimsəsiz vətəndaşların ev və həyətlərində təmizlik işləri aparılmış, səliqə-sahman yaradılmasına köməklik göstərilmişdir.
Sonda məruzə ətrafında çıxışlar olmuşdur.

Xəbərlər şöbəsi

*  *  *

Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə çıxış edən rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, 2015-ci ilin birinci yarımili Naxçıvan Dövlət Universiteti üçün də əlamətdar olub. Universitetin maddi-texniki bazası gücləndirilib, universitet xəstəxanasının və Baytarlıq təbabəti ixtisasının yeni binaları istifadəyə verilib.
Qeyd olunub ki, 5000-dən artıq tələbənin təhsil aldığı bu ali məktəb fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün ölkədə aparılan təhsil islahatlarından faydalanır. Koreya Beynəlxalq Əməkdaşlıq Agent­liyi ilə birgə həyata keçirilən “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin tamamlanması, bütövlükdə, Azərbaycan ali təhsil tarixində əlamətdar hadisədir. Ümumi dəyəri 3,5 milyon ABŞ dolları olan layihə idarəçilik işlərində səmərəliliyin artırılması, onlayn təhsil xidmətinin göstərilməsi, elektron təhsil şəbəkəsinin, rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsi ilə fərqlənir. Həmçinin Naxçıvan Dövlət Universitetinin geniş internet məkanına çevrilməsi, “Elektron universitet” layihəsinin uğurla gerçəkləşdirilməsi, imtahanların elektron test üsulu ilə təşkili də qazanılan nailiyyətlərdəndir.
“Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu”, “Naxçıvan və Şərqi Anadolu abidələri”, “Kənd təsərrüfatının inkişafı: reallıqlar və perspektivlər” kimi beynəlxalq elmi konfransların keçirildiyini diqqətə çatdıran rektor belə tədbirlərin elmi nailiyyətlərin artırılmasında, beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Saleh Məhərrəmov dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasında muxtar respublikada yüksəkixtisaslı kadr hazırlığı, tədrisin müasir standartlar səviyyəsində qurulması, yeni texnologiyalardan və müasir təlim üsullarından istifadə etməklə tədrisdə keyfiyyət dəyişikliklərinə nail olunması istiqamətində ali təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb.
Yığıncaqda həmin vəzifələrin icrası istiqamətində görüləcək işlər barədə çıxışlar olub.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR