23 Dekabr 2024, Bazar ertəsi

 Ötən ay biz bir daha bunun şahidi olduq

Uzun illərdir, blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikası bu gün özünün yüksəliş dövrünü yaşayır. Dünyada ikinci bir nümunəsi olmayan belə bir möhtəşəm uğura, şübhəsiz ki, ulu öndər Heydər Əliyevin elmi əsaslara söykənən strateji inkişaf konsepsiyasının reallaşdırılması, onun yolunun uğurla davam etdirilməsi nəticəsində nail olunmuşdur. Bəli, məhz elmi əsaslara söykənən bu siyasət bizi uğurlu gələcəyə aparır.

Elmi əsasa söykənməyən heç bir işin gələcəyi yoxdur və ya elmi əsası olmayan istənilən yol, nəticə etibarilə, iflasa məhkumdur. Məhz buna görə də dahi şəxsiyyətin yolunu davam etdirən sədaqətli insanlar bütün sahələrlə yanaşı, elmin inkişafına, insan kapitalının, elmi potensialın formalaşmasına da xüsusi diqqət yetirirlər. İyulun 6-da Naxçıvan şəhərində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasının keçirilməsi Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin inkişafına göstərilən qayğının daha bir ifadəsi idi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov elmin inkişafının əhəmiyyətindən danışaraq demişdir: “Elmi tədqiqatlar o vaxt ideyadan əməli işə keçir ki, onun reallaşmasına şərait yaradılsın. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında elm infra­strukturu tamamilə yenidən qurulub. Azərbaycan elmi qabaqcıl dünya təcrübəsi əsas götürülərək inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikasında da elmin iqtisadiyyata tətbiqi dayanıqlı inkişafın əsas şərtidir. Artıq muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar ciddi elmi-nəzəri əsaslara söykənir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkil etdiyi “Elmdən təcrübəyə” sərgisində muxtar respublikamızda elmlə təcrübənin vəhdəti bir daha diqqətləri cəlb etdi.
Xatırlayırıq ki, bir vaxtlar iqtisadi baxımdan çətin vəziyyətdə olan ölkə­mizdə, o cümlədən muxtar respublikamızda müşahidə olunan “beyin axını” bir çoxlarını ciddi narahat edirdi. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ali hakimiyyətə qayıdışı, 1995-ci ildə isə muxtar respublikada elmin himayəçisi olan cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi elmimizi məhvolma təhlükəsindən xilas etdi və elmin inkişafı yeni mərhələyə qalxdı. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin təsis edilməsindən sonra muxtar respublikada elmi-tədqiqat işləri gücləndirildi, Naxçıvanın tarixinin, arxeologiyasının, etnoqrafiyasının və təbii sərvətlərinin öyrənilməsi ilə bağlı tədqiqatlar aparıldı. Qürurla deyə bilərik ki, bu gün Azərbaycanın elmi potensialının böyük bir hissəsi Naxçıvanda cəmləşib.
Naxçıvanın inkişafı bir tərəfdən alimlərin qarşısında böyük imkanlar açır, digər tərəfdən onların qarşısında yeni vəzifələr qoyur. Son illər AMEA Naxçıvan Bölməsinin maddi-texniki bazasının gücləndirilməsi, strukturunun, elmi prioritetlərinin müəyyənləşdirilməsi sahəsində də kompleks tədbirlər görülüb. Artıq bölmənin elmi nəticələrinin məhsulu olan akademik nəşrlər ölkəmizdə rəğbətlə qarşılanan qiymətli elmi əsərlərdir. Burada elmdən təcrübəyə istiqamətində görülən işlər bir nümunə gücündədir.
Muxtar respublikamızda elmin və təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir nümunəsi Naxçıvan Dövlət Universitetinin elektron təhsil sisteminin və rəqəmsal multimedia infrastrukturunun ən müasir tələblər səviyyəsində qurulmasıdır. Belə ki, ali təhsil ocağında informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq olunub, yüksək tələblərə cavab verən elektron idarəetmə və tədris sistemi yaradılıb.
İyulun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları universitetdə yaradılan şəraitlə maraqla tanış oldular və muxtar respublikada kadr potensialının formalaşdığı ali təhsil ocaqlarına göstərilən xüsusi diqqəti bir daha alqışladılar.
Naxçıvan Dövlət Universitetində keçirilən “Elektron Naxçıvan-10” beynəlxalq konfransı Naxçıvan Muxtar Respublikasında, ümumilikdə, ölkəmizdə ali təhsil sisteminin informasiyalaşdırılması sahəsində atılan mühüm addımdır. Bu mənada “Elektron Naxçıvan” konfransları informasiya-kommunikasiya texnologiyalarının inkişafının Naxçıvan modeli kimi qəbul olunur.
Gələcəkdə də bu işlər davam etdiriləcəkdir. Çünki vətənsevər və fədakar insanlar gələcəyimizin, inkişafın birbaşa elmin inkişafı ilə sıx bağlı olduğu həqiqətini xüsusi qeyd edirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri beynəlxalq konfransdakı çıxışında bu barədə danışaraq deyib: “Hər dövrün öz qanunauyğunluqları var. Buna uyğun olaraq ölkələrin inkişaf kriteriyaları müəyyənləşir. Bu gün hələ böyük əhali potensialına və orduya malik olan ölkələri güclü ölkə hesab etmirlər. O ölkə güclüdür ki, elm tutumlu qabaqcıl texnologiya və böyük informasiya çəkisinə malik olsun. İndi dünyanı informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir. İnformasiya-kommunikasiya texnologiyaları insanların gündəlik həyatına nüfuz etmiş, elmin və təhsilin inkişafında, müasir iqtisadi sistemin formalaşdırılmasında mühüm faktora çevrilmişdir”.
Gənclərin peşəkar kadr kimi formalaşması ilə yanaşı, onların sağlamlığının qorunması da mühüm əhəmiyyətə malikdir. Çünki sağlamlıq insanın həyatını, fəaliyyətini istiqamətləndirən əsas amillərdən biridir. Bu gün muxtar respublikada yaradılan şəraitin nəticəsində 38 min 586 nəfər bədən tərbiyəsi və idmanla məşğul olur. Muxtar respublika idmançıları 2015-ci ilin ötən dövrü ərzində Azərbaycan üzrə birinciliklərdə 30, dünya birinciliyində 8, beynəlxalq turnirlərdə 12 medal qazanıblar. İdman sahəsində əldə edilən ən böyük uğur isə 12-28 iyun tarixlərində Bakı şəhərində keçirilmiş birinci Avropa Oyunlarında muxtar respublika boks məktəbinin yetirməsi, Avropa çempionu Tayfur Əliyevin bürünc mükafata layiq görülməsidir.
İyulun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində birinci Avropa Oyunlarının bürünc mükafatçısı ilə görüş keçirilib. Ali Məclisin Sədri birinci Avropa Oyunlarındakı nailiyyətlərinə görə Tayfur Əliyevə “Naxçıvan Muxtar Respublikasının 85 illiyi” yubiley qızıl medalını, onun məşqçisi Məmmədəli Eyvazova qızıl qol saatı və muxtar respublikada boks idmanının inkişafındakı fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanını təqdim edib.
Bu gün cəmiyyətin və onun aparıcı qüvvəsi olan gənclərin zərərli təsirlərdən qorunması məsələsi də daim diqqətdə saxlanılır. Dünyanın bütün ölkələrində aktual olan narkomaniyaya qarşı sistemli mübarizə muxtar respublikada uğurla aparılır və yüksək nəticələr əldə olunur. İyulun 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının 2015-ci ilin 6 ayında gördüyü işlər barədə müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri müşavirədə çıxış edərək deyib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir edən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amildir. Ona görə də bu məsələ bu gün bütün dünyanı düşündürür, təsirli tədbirlər görülməsini tələb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1996-cı il 30 avqust tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası yaradılıb. Komissiyanın vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən və bu sahədə fəaliyyəti əlaqələndirməkdən ibarətdir. 2006-cı ildə Komissiyanın fəaliyyətinə yenidən baxılıb və Ali Məclis Sədri yanında müşavirə keçirilərək narkotiklərlə mübarizəni daha da gücləndirmək məqsədilə hər bir orqan qarşısında konkret vəzifələr qoyulub. Bu tədbirlər öz nəticəsini verib, muxtar respublikada narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sistemli iş aparılıb.
Tarixini bilməyən, keçmişinə hörmətlə yanaşmayan xalqlar hansı inkişaf səviyyəsinə çatsa da, onun gələcəyi daim təhlükədədir. Çünki, necə deyərlər, keçmiş gələcəyin müəllimi, zəmanətidir. Bu gün muxtar respublikamızda tarixi keçmişimizin öyrənilməsinə, xalqımızın qədim mədəniyyətinin, qəhrəmanlıq və mübarizə tarixinin izlərini özündə yaşadan qala və istehkamların bərpasına xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən, “Əlincəqala” tarixi abidəsində bərpa işləri aparılır. İyulun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Əlincəqalaya gəlib, burada həyata keçirilən bərpa işləri ilə maraqlanıb. İyulun 27-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Şərur rayonundakı Qız qalası qədim yaşayış yerinə gəlib, Azərbaycan-Amerika Birləşmiş Ştatları arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqat işləri ilə maraqlanıb.
İyulun 21-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilib. Sessiyada çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikamızın sürətli sosial-iqtisadi inkişafından danışaraq deyib: “Azərbaycanın digər iqtisadi rayonları kimi, Naxçıvan Muxtar Respublikası da özünün quruculuq və inkişaf dövrünü yaşayır. Hazırda sosial-iqtisadi həyatın elə bir sahəsi yoxdur ki, orada quruculuq tədbirləri getməsin.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına vaxtında əməl olunması, iqtisadi və sosial sahədə qarşıya qoyulan vəzifə və tapşırıqların yerinə yetirilməsi yeni istehsal sahələrinin və iş yerlərinin açılmasına, əhali məşğulluğunun yüksəldilməsinə, müasir infrastrukturun yaradılmasına səbəb olmuşdur. Cari ilin ilk yarısında sənaye, kənd təsərrüfatı, tikinti kimi maddi istehsal sahələrində, eləcə də xidmət sektorunda qeydə alınan göstəricilər deməyə əsas verir ki, muxtar respublikamız 2015-ci ili də yüksək nəticələrlə başa vuracaqdır”.
Faktlar muxtar respublikamızın bütün sahələr üzrə sürətli inkişafını özündə əks etdirir. Belə ki, cari ilin 6 ayı ərzində muxtar respublikada tikinti-quraşdırma işlərinə sərf olunmuş investisiyaların həcmi 2,7 faiz artıb, tikinti sahəsində 11 min nəfərə yaxın işçi çalışıb. Bu dövrdə muxtar respublikada 189 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib.
2015-ci ilin ötən dövründə 439 sənaye müəssisəsi fəaliyyət göstərib. Bunun nəticəsidir ki, 2015-ci ilin birinci yarımilində 491 milyon 381 min manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox sənaye məhsulu istehsal olunub. Cari ilin müvafiq dövründə kənd təsərrüfatı məhsulları istehsalı və emal sənayesini əhatə etməklə, 28 istehsal və xidmət sahəsi istifadəyə verilib, muхtаr respublikada 336 növdə məhsulа оlаn tələbаtın tаmаmilə yеrli istеhsаl hеsаbınа ödənilməsi təmin edilib. 2015-ci ildə sahibkarlığın inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri olub, ümumi daxili məhsulda özəl bölmənin payı 87 faizi ötüb.
İyulun 22-də isə Azərbaycan milli mətbuatının 140 illik yubileyi təntənəli şəkildə qeyd olunub.
Naxçıvan Muxtar Respublikasının inkişafının qarantı olan hərbi təhlükəsizlik çox yüksək səviyyədə təmin olunub. Bu gün muxtar respublikada müasir dünya orduları səviyyəsində yaradılan Əlahiddə Ümumqoşun Ordu əməliyyat-taktiki baxımdan yüksək döyüş hazırlığına malikdir və ordumuz hakim yüksəkliklərdə etibarlı müdafiə sistemi qurub. Burada xidmət üçün zəruri olan hər bir şərait yaradılıb. Postlar ərazinin strateji əhəmiyyəti nəzərə alınaraq yerləşdirilib, lazımi yerlərdə müxtəlif mühəndis-istehkam qurğuları və maneələr yaradılıb, ön xəttin müdafiə qüdrəti xeyli gücləndirilib. Dayaq məntəqələri və postlar arasında yol və dayanıqlı rabitə əlaqələri yaradılıb, onların hər biri müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təmin olunub. Müşahidə zonasının daimi nəzarətdə saxlanması təmin edilib. Müasir müşahidə cihazları vasitəsi ilə qarşı tərəfin mövqeləri istənilən hava şəraitində müşahidə olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri dəfələrlə muxtar respublikanın hakim yüksəkliklərində xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə, buradakı vəziyyətlə maraqlanıb. Ötən ayın 30-da Ali Məclisin Sədri növbəti dəfə Batabat bölgəsindəki hərbi hissələrdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb, döyüş bölgəsində xidmət edən əsgərlərlə görüşüb.
“Vətən o zaman Vətən olur ki, o həm qorunur, həm də Vətən torpağından səmərəli istifadə olunur”, – deyən Ali Məclisin Sədri bildirib ki, Vətən torpağının qorunması, eyni zamanda torpaqlardan səmərəli istifadə olunması bu gün ölkəmizin vətəndaşlarının və ordunun üzərinə düşən vəzifələrdir. Çünki sərhədlərimiz qorunursa, insanlar da öz vəzifələrini, işlərini rahat yerinə yetirə biləcəklər, öz zəhmətləri ilə ölkəmizin inkişafına töhfə verəcəklər. Əsgərlər xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə bu ərazilərdən səmərəli istifadə olunur. Xidmət olunan ərazilərdə heyvandarlar və arıçılar üçün əlverişli şərait vardır. Onlar burada rahat və təhlükəsiz şəkildə təsərrüfatları ilə məşğul olurlar. Birgə fəaliyyətin nəticəsi olaraq isə ölkəmiz abadlaşır, inkişaf edir.
Sonra Ali Məclisin Sədri əsgərlərlə xatirə şəkli çəkdirib. Gətirilmiş müxtəlif ərzaq məhsulları anbarlara təhvil verilib.

Son illər hədər yerə Naxçıvan Muxtar Respublikasını Cənubi Qafqaz ölkələri üçün inkişaf modeli hesab edilən Azərbaycan Respublikasının parlayan ulduzu adlandırmırlar. Çünki qədim diyarımız, həqiqətən də, tarixinin qızıl dövrünü yaşayır. Naxçıvanda əldə olunan nailiyyətlər, tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, elmə, təhsilə, mədəniyyətin inkişafına göstərilən xüsusi diqqət və qayğı, aparılan genişmiqyaslı islahatlar, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər uğurların zəmanətinə çevrilib. Ötən ayın nəticələrinə diqqət yetirdikdə bir daha əminlik yaranır ki, muxtar respublikamızda əldə olunmuş inkişaf göstəriciləri bundan sonrakı dövrdə də növbəti nailiyyətlər üçün ciddi əsaslar yaradır.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR