23 Dekabr 2024, Bazar ertəsi

Gömrük qanunvericiliyinə dair maarifləndirmə tədbirlərinin artırılması, vətəndaşların müraciətlərinə qanunamüvafiq qaydada baxılması, onların düzgün istiqamətləndirilməsi, izahat işlərinin sadə dillə aparılması, müraciətlər əsasında aşkarlanmış nöqsanların aradan qaldırılması gömrük işinin təşkili və tətbiqi sahəsində mühüm əhəmiyyət kəsb edir. Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasında ictimai asayişin və sabitliyin qorunması üçün tədbirlərin gücləndirilməsi, profilaktika işinin ardıcıl olaraq həyata keçirilməsi, vətəndaşların müraciətlərinə vaxtında baxılması ilə əlaqədar hüquq-mühafizə orqanlarına verilmiş tapşırıqların icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində bu məsələlərə diqqət daha da artırılmışdır.
Qeyd edək ki, gündəlik olaraq komitədə vətəndaş müraciətlərinin dəyərləndirilməsi, təhlili və analizi aparılır. Şikayətlər müvafiq qaydada araşdırılır və lazımi tədbirlər görülür. Müraciət edən vətəndaşların qəbulu zamanı maarifləndirici söhbətlərin aparılmasına xüsusi fikir verilir.

Bir neçə ildir ki, Dövlət Gömrük Komitəsində “234” nömrəli informasiya-sorğu xidməti fəaliyyət göstərir. Həmçinin komitənin rəsmi internet portalı üzərindən (www.dgk.nmr.az) “Virtual qəbul” və “Elektron sorğu” bölmələri üzrə müraciət etmək imkanı da mövcuddur.
Ötən ay ərzində vətəndaş müraciətlərinin təhlili zamanı üstünlük təşkil edən mövzuların ictimaiyyət üçün də maraqlı olacağını nəzərə alaraq onları oxuculara təqdim edirik.
– Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasında daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin ölkə ərazisindən müvəqqəti olaraq aparılmasına hansı şəkildə icazə verilir?
– Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli, 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasında daimi qeydiyyatda olan avtonəqliyyat vasitələri iki il müddətinə gömrük ərazisindən kənara müvəqqəti aparıla bilər. Bu zaman nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən gömrük orqanına bəyannamə, pasport, dövlət qeydiyyat şəhadətnaməsi (avtonəqliyyat vasitəsinin ölkə­də daimi qeydiyyatda olmasını təsdiq edən sənəd) təqdim olunmalıdır. Əgər avtonəqliyyat vasitəsi mülkiyyətçi tərəfindən deyil, digər şəxs tərəfindən idarə edilərsə, bu zaman digər sənədlərlə birgə həmin şəxs barəsində verilmiş vəkalətnamə olmalıdır.
Avtonəqliyyat vasitəsinin ölkə ərazisindən müvəqqəti çıxarılmasına təqdim edilmiş sənədlər əsasında gömrük orqanlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində elektron qeydiyyat aparılmaqla icazə verilir.
Qeyd edək ki, qanunvericiliyə əsasən, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasında daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin gömrük ərazisindən kənara müvəqqəti aparılmasına iki il müddətinə icazə verilsə də, avtonəqliyyat vasitəsinin xarici ölkədə qalma müddəti müvafiq olaraq həmin ölkənin öz qanunları ilə tənzimlənir.
Avtonəqliyyat vasitəsi əvvəlcədən bəyan olunmuş müddətdə Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmadığı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsinə görə, inzibati xətanın bilavasitə obyekti olan nəqliyyat vasitəsi ya müsadirə edilir, ya da dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimələnir.
– Dərman preparatlarının ölkə ərazisinə gətirilməsi necə tənzimlənir?
– Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.7-ci bəndinə əsasən, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri gömrük sərhədindən güzəştli qaydada (gömrük ödənişləri ödənilmədən) keçirilə bilər.
Malların, o cümlədən dərman preparatlarının şəxsi istifadə üçün olub-olmadığı müəyyən kriteriyalar əsasında gömrük orqanı əməkdaşları tərəfindən müəyyən olunur. Belə ki, qanunvericiliyə əsasən, malların təyinatı fiziki şəxsin səfərinin bütün hallarının nəzərə alınması, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyinin yəqinləşdirilməsi, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında müəyyənləşdirilir. Şəxsi istifadə məqsədilə xaricdən dərman preparatları gətirildikdə həkim resepti xüsusilə nəzərə alınır.
Xaricdən psixotrop tərkibli dərmanların gətirilməsinə gəlincə isə, bu, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qeyd olunan qanunvericiliyə əsasən, fiziki şəxslər tərəfindən psixotrop tərkibli dərman vasitələrinin gətirilməsi məhdudlaşdırılır. Psixotrop tərkibli dərmanların xaricdən qeyri-qanuni yollarla gətirilməsi cinayət məsuliyyəti yaradır.
Dərman vasitələrinin şəxsi istifadə üçün zəruri olan miqdardan artıq və ya kommersiya məqsədilə ölkə ərazisinə idxalı isə Azərbaycan Respublikası Prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” 2 sentyabr 2002-ci il tarixli Fərmanına əsasən, Səhiyyə Nazirliyindən müvafiq qaydada lisenziya almış şəxslər tərəfindən həyata keçirilə bilər.
– Qızıl zinət əşyalarının fiziki şəxslər tərəfindən ölkə ərazisinə gətirilməsi hansı şəkildə tənzimlənir?
– Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.10-cu bəndinə əsasən, 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz güzəştli qaydada (gömrük ödənişləri ödənilmədən) gömrük sərhədindən keçirilə bilər.
Vətəndaşlar xaricə gedərkən öz üzərlərindəki şəxsi qızıl zinət əşyalarını gömrük orqanına bəyan etməlidirlər. Bu, ona görədir ki, geri qayıdarkən həmin bəyannamə əsasında eyniləşdirmə aparıla və şəxsin qızıl zinət əşyalarının buraxılışı həyata keçirilə bilsin.
Qiymətli daşlar və ya zərgərlik məmulatları yuxarıda qeyd olunan miqdardan artıq gətirildikdə isə Azərbaycan Respublikası Gömrük Məcəlləsinə uyğun olaraq təqdim olunmuş bəyannamə əsasında gömrük rəsmiləşdirilməsi aparılır və həmin mallardan gömrük ödənişləri alınır.
– Xarici dövlətlərdə daimi qeydiyyatda olan minik avtonəqliyyat vasitələri qeyri-rezidentlər (Azərbaycan Respublikasında daimi qeydiyyatda olmayan şəxslər) tərəfindən ölkə ərazisinə hansı qaydada gətirilə bilər?
– Qeyri-rezident­lər, yəni Azərbaycan Respublikasının vətəndaşlarından və Azərbaycan Respublikasında daimi yaşayan fiziki şəxslərdən başqa, qalan bütün şəxslər xarici dövlətlərdə daimi qeydiyyatda olan minik avtonəqliyyat vasitələrini müvafiq təsdiqedici sənədlə 90 gün müddətinədək Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirə bilərlər.
Bu müddət sonradan 1 ilədək uzadıla bilər. Müddətin uzadılmasına görə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsulları (ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi və sair) tətbiq olunur. Bu zaman şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddət nəzərə alınır.
Xarici dövlətlərdə daimi qeydiyyatda olan minik avtonəqliyyat vasitələri qeyri-rezidentlər tərəfindən gətirilərkən gömrük orqanlarına şəxslər tərəfindən bəyannamə, pasport, avtonəqliyyat vasitəsinin xarici ölkə­də daimi qeydiyyatda olmasını təsdiq edən sənəd (dövlət qeydiyyat şəhadətnaməsi), avtonəqliyyat vasitəsi mülkiyyətçi tərəfindən deyil, digər şəxs tərəfindən idarə edildikdə həmin şəxs barəsində verilmiş vəkalətnamə və avtonəqliyyat vasitəsi viza rejimi tətbiq olunan ölkələrdən gətirildikdə viza və ya tələb olunduğu halda şəxsə Azərbaycan Respublikasında müvəqqəti yaşama üçün verilmiş icazə vəsiqəsi və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərar təqdim edilməlidir.
Müvəqqəti qeydiyyat vaxtı bitdikdə avtonəqliyyat vasitələri gömrük ərazisindən geri aparılmalı və ya xarici iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun olaraq hesablanan gömrük ödənişləri ödənilməklə rəsmiləşdirilməlidir.
Avtonəqliyyat vasitəsi əvvəlcədən bəyan olunmuş müddətdə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmadığı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsinə görə, inzibati xətanın bila­vasitə obyekti olan nəqliyyat vasitəsi ya müsadirə edilir, ya da dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimələnir.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR