23 Dekabr 2024, Bazar ertəsi

1998-ci il avqustun 12-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində gənclərlə iş sahəsində keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada “Gənc­lər Günü” kimi qeyd olunması qərara alınmışdır. Həmin tarixdən etibarən Beynəlxalq Gənclər Günü Azərbaycanda da qeyd olunur.

Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. Ulu öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlamış, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin olunmasını vacib məsələ elan etmişdir. Hələ ötən əsrin 70-ci illərindən sağlam gənc nəslin yetişdirilməsini diqqətdə saxlayan dahi şəxsiyyət onların hərtərəfli təhsil alması, hərbi sahədə ixtisaslı kadr kimi yetişməsi qayğısına qalmışdır. Bu dövrdə şəhər, rayon və kəndlərdə məktəb binaları, idman obyektləri tikilmiş, gənclərin asudə vaxtının səmərəli təşkili və milli ruhda böyüdülməsi sahəsində ardıcıl tədbirlər görülmüşdür.

Ölkəmiz müstəqillik qazandıqdan və ulu öndər xalqın təkidli tələbi ilə yenidən ali hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulmuşdur. 1994-cü ildə ölkəmizdə Gənc­lər və İdman Nazirliyi yaradılmış, 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilmişdir. “Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir. Bunları sevə bilməyən adam, onları özü üçün mənəvi əsas edə bilməyən gənc həyatda özünə yer tapa bilməyəcəkdir və şübhəsiz ki, bizim ictimai-siyasi prosesdə, müstəqil Azərbaycanın inkişafında lazımi qədər iştirak edə bilməyəcəkdir”, – deyən ulu öndərimizin 1997-ci ildə imzaladığı sərəncamla fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilmişdir. Ümummilli liderimiz bu sahənin hüquqi bazasının yaradılması, gənclərlə işin daha da təkmilləşdirilməsi məsələlərini də diqqət mərkəzində saxlamış, ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaratmış, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının sərəncamları ilə “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər)”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkə­lərdə təhsili üzrə Dövlət Proqramı”nın, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006-2010-cu illər)” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi, 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan olunması, Azərbaycan gənclərinin növbəti forumlarının keçirilməsi bu sahədə görülən işlərin əhatə dairəsini daha da genişləndirmişdir.
Bu gün ölkəmizdə təhsil sahəsində aparılan islahatlar gənclər siyasətinin ən vacib istiqamətlərindən birini təşkil edir. Azərbaycanın müxtəlif bölgələrində müasir standartlara cavab verən məktəb binaları tikilib istifadəyə verilir, orta və ali təhsil ocaqları müasir avadanlıqlarla təchiz edilir. Elmi müəssisələrin, məktəblərin kompüterləşdirilməsi, gənc nəslin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar Azərbaycanda insan kapitalının inkişafına xidmət edir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” da bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da vacib şərtdir. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Bu il ölkəmizin tarixdə ilk dəfə keçirilmiş Avropa Oyunlarına ev sahibliyi etməsi və idmançılarımızın olimpiada və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərin cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirərək demişdir: “Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir. Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar”.
Bu gün Naxçıvan Muxtar Respublikasında da dövlət gənclər siyasəti uğurla həyata keçirilir, gənc nəslin təhsili, milli ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Gənclərin ictimai-siyasi, iqtisadi və mədəni sahələrdə fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Son illər muxtar respublikada Gənclər Mərkəzi, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, müasir məktəb binaları, olimpiya-idman kompleksləri, idman mərkəzləri və digər obyektlər tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
Muxtar respublikada gənclərin yaradıcılıq potensialının üzə çıxarılması da daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” bu baxımdan mühüm əhəmiyyətə malikdir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikada gənclərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı” təsis olunmuş, kitaba adları yazılmış gənc istedadlar üçün təqaüdün verilməsi qaydaları təsdiq edilmişdir. Dövlət gənclər siyasətinin tərkib hissəsi kimi Ali Məclis Sədrinin 2012-ci il 29 mart tarixli Fərmanı ilə muxtar respublikada Gənclər Fondu yaradılmış, 2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilmiş, fondun fəaliyyəti təmin olunmuşdur. Bütün bunlar gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənc nəslin əsl vətəndaş kimi yetişdirilməsi zərurətini qeyd edərək demişdir: “Biz gələcəyimizin formalaşması qayğısına bu gündən qalmalıyıq. Muxtar respublikamızın gələcəyi bugünkü gəncliyin təhsilə nə dərəcədə yiyələnməsindən, tariximizi, dilimizi, adət-ənənələrimizi necə öyrənməsindən, milli dəyərlərimizi hansı səviyyədə mənimsəməsindən, əsl vətəndaş kimi formalaşmasından asılıdır. Gənc nəsil vətənpərvərlik, Azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmalı, onlar öz intellektual və yaradıcı potensiallarını müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafına sərf etməlidirlər”.
Son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və açıq idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün bu imkanlardan istifadə edən gənclərimiz idman sahəsində də uğurla iştirak edir, muxtar respublikanı ölkə və dünya miqyasında keçirilən idman yarışlarında və çempionatlarda layiqincə təmsil edirlər.
Gənclərin asudə vaxtlarının səmərəli təşkili də dövlət gənclər siyasətinin mühüm tərkib hissəsidir. Muxtar respublikada bu sahədə mühüm tədbirlər həyata keçirilir, gənclərin mənalı istirahəti təmin edilir. Ağbulaq İstirahət Mərkəzində gənclərin yay məktəblərinin keçirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Yay tətilini təbiət qoynunda keçirən gənclər mənalı istirahətlə yanaşı, muxtar respublikanın təbiətini, turizm imkanlarını tanımaq imkanı əldə edir, burada keçirilən yarış və intellektual müsabiqələrdə iştirak edərək asudə vaxtlarını səmərəli keçirirlər. Sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər də bu sahədə atılan mühüm addımlardandır. 2014-cü ildə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi, audio və elektron kitabxanalar istifadəyə verilmiş, bu kateqoriyadan olan gənclərin təhsili və asudə vaxtlarının səmərəli təşkili təmin edilmişdir.
Muxtar respublikada gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Son illər yeni yaşayış binalarının tikilib gənc ailələrə verilməsi bu sahədə görülən işlərin davamıdır. Mənzillərin güzəştli ipoteka kreditləri ilə təqdim olunması gənc ailələrə mənzil sahibi olmaq imkanı yaradır. Hazırda Naxçıvan şəhərində “Gənclər şəhərciyi”nin inşasının davam etdirilməsi bu sahədə görülən işlərin ardıcıl xarakter almasından xəbər verir.
Bu gün Naxçıvan Muxtar Respublikasında gənclər milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır, idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edirlər. Ən əsası isə muxtar respublika gəncləri dövlətçilik ənənələrini daim uca tutur, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyüyürlər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR