Belə inkişafa sabitlik, nizam-intizam, qayğı yol açıb
Rayonun tarixinə qısa ekskurs
Ayrı-ayrı vaxtlarda müxtəlif adlar daşıyan Şərur rayonu 1930-cu ildə təşkil edilib. Bölgənin ərazisi 811,14 kvadratkilometr, əhalisi 112 min nəfərdən çoxdur. Bir şəhər və 65 kənd yaşayış məntəqəsindən ibarət olan rayonun qədim tarixi abidələri min illərdən bu günə boylanan körpüdür. Tarixin izlərini özündə qoruyan yaşayış yerləri, qalalar, qəbiristanlıqlar və memarlıq abidələrindən ibarət olan bu qiymətli yadigarlar qədim insanların əmək fəaliyyətini və həyat tərzini özündə əks etdirir. Aparılan tədqiqatlar zamanı Qazma mağarasından xeyli əmək alətləri, Şortəpə abidəsindən yüksək sənətkarlıqla hazırlanmış boyalı qablar, Son Tunc-İlk Dəmir dövrlərinə aid maddi-mədəniyyət nümunələri aşkar edilib. Bölgədə Oğlanqala, Qalaçıq, Govurqala, Qarasu kimi müdafiə istehkamları inşa olunub. Bu, o dövrdə əraziyə xarici işğalçıların, xüsusilə Urartu basqınlarının artdığını göstərir. Rayon ərazisində orta əsrlərə aid körpü, bürclər, məscid və pirlər, karvansaralar mühafizə olunaraq saxlanılıb.
Ulu Tanrı öz səxavətini Şərurdan əsirgəməyib. Torpaqlarının bərəkətinə söz ola bilməz. İnsanları yurd, torpaq təəssüblüdürlər. Elm, mədəniyyət xadimlərinin səsi-sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. Şərur muxtar respublikamızın böyük rayonlarından biridir. Bu yaxınlarda yolumuzu bu bölgədən saldıq: son 20 ildə rayonda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin, reallaşdırılan iqtisadi layihələrin Şərura gətirdiyi yenilikləri görmək, insanların günbəgün yaxşılaşan həyat səviyyəsi ilə yaxından tanış olmaq üçün.
Yolboyu Şərur rayonunun bəhs olunan dövrdə keçdiyi yolu xatırlamağa çalışıram. Hələ sovet dönəmində dəfələrlə qonağı olduğum bu qədim yurd yerinin ovaxtkı görkəmini gözlərim önünə gətirir, müqayisə aparmaq istəyirəm. Ancaq alınmır. Bu, əslində, heç mümkün də deyil. Çünki fərq çoxdur. Bu gün Şərur müasir Azərbaycan rayonudur. Şərur şəhəri, bölgənin kəndləri füsunkar bir gözəlliyə qovuşub, yenilənib, müasirləşib. Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər bəhrələrini verib. Kənd yaşayış məntəqələrində müasir infrastruktur yaradılıb. Həmin ünvanlarda sahibkarlıq obyektləri fəaliyyətə başlayıb. Bu isə yeni iş yerlərinin açılmasına, insanların məşğulluğunun təmin olunmasına imkan verib.Turizm potensialından düzgün istifadə üçün tədbirlər reallaşdırılıb. Həyatın bütün sahələrində qazanılan uğurlar getdikcə artmaqdadır.
Bir sözlə, Şərur öz inkişafının yeni müstəvisindədir.
Şərurun quruculuq xəritəsi
Son 20 ildə rayonda həyata keçirilən quruculuq tədbirlərinin həcmi o qədər böyükdür ki, onları adbaad sadalamaq mümkün deyil. Qısaca olaraq bildirək ki, adıçəkilən dövrdə rayonda 1 şəhər və 32 kənd mərkəzi, kənd yaşayış məntəqələrində 40 məktəb binası, Təhsil Şöbəsi, məktəbdənkənar müəssisələr, uşaq bağçaları, texniki-peşə və sürücülük məktəb kompleksi, rayon mərkəzi və Aralıq kənd sahə xəstəxanaları, 33 kənd yaşayış məntəqəsində səhiyyə ocaqları, Şərur Rayon Mədəniyyət Evi, “Bahar” kinoteatrı, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi, Şərur Şəhər Uşaq incəsənət məktəbi, 2 kənd uşaq musiqi məktəbi, 33 kənd mədəniyyət müəssisəsi, rayon Rabitə İdarəsi üçün yeni binalar tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilib. Belə qayğıdan rayonun digər idarə, müəssisə və təşkilatlarına da pay düşüb. Həmin müəssisələrdə müasir iş şəraiti yaradılıb. Rayondaxili yolların müasirliyinə söz ola bilməz.
Cari ilin ötən dövrü ərzində rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib, Şərur şəhərində Aviakassa binası, Kürkənddə, Cəlilkənddə və Püsyanda məktəb, kənd və xidmət mərkəzləri, Püsyan və Cəlilkənddə həkim ambulatoriyaları, Cəlilkənddə mədəniyyət evi, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi, həmin yaşayış məntəqəsində tarixi memarlıq abidəsi olan buzxana və məscid, Aşağı Aralıq kəndində mərasimlərin keçirilməsi üçün bina və dəyirman istifadəyə verilib. Eyni zamanda Şərur şəhərinin Heydər Əliyev prospektində yerləşən 50 nömrəli 24 mənzilli yaşayış binası əsaslı təmir olunub.
Hazırda Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin və 2 nömrəli tam orta məktəbin, Xanlıqlar kəndində “İmamzadə”nin, Axaməd, Kürçülü, Oğlanqala və Yuxarı Yaycı kəndlərində məktəblərin, kənd və xidmət mərkəzlərinin, Qarxun kəndində “N” hərbi hissə üçün infrastruktur obyektlərin tikintisi davam etdirilir.
Həyata keçirilən bütün layihələr bir məqsədə ünvanlanıb: şərurluların yaşayış səviyyəsini yaxşılaşdırmaq, insanların layiq olduğu səviyyədə yaşamasına nail olmaq. Rayon sakinləri də bu həqiqəti dərindən dərk edir, rayonun, muxtar respublikanın və nəticə etibarı ilə, ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə çalışırlar.
Belə davamlı qayğı şərurlulara həyatın bütün sahələrində böyük uğurlar qazanılmasına imkan verib. Bunu cari ilin ilk 6 ayının timsalında bütün çalarları ilə görmək mümkündür.
İyirmi ilin son altı ayı və ya bolluqdan, xoş gün-güzərandan soraq verən rəqəmlər
Bu ilin birinci yarısında kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün ardıcıl tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, 1174 nəfər torpaq mülkiyyətçisinə 7 min 315 hektar əkin sahəsinə görə 292 min 600 manat yardım olunub. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti Şərur rayon filialı tərəfindən kənd təsərrüfatının inkişafı üçün vətəndaşlara 1 milyon 320 min manat kredit verilib. Kənd təsərrüfatı işlərinin keyfiyyətli və müasir tələblərə uyğun yerinə yetirilməsi üçün sahibkar və fermerlərə 200 min 800 manat dəyərində 29 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları lizinq yolu ilə güzəştli şərtlərlə satılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixdə imzaladığı “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, bu sahədə işlər davam etdirilib, rayonun Danyeri, Xanlıqlar, Cəlilkənd və Oğlanqala kəndlərində ayrı-ayrı torpaq mülkiyyətçiləri tərəfindən müxtəlif meyvə sortları üzrə tingçilik təsərrüfatları yaradılıb. Rayonda yaz ayları ərzində 12 hektar sahədə yeni meyvə bağları salınıb, 30 hektar bağda bərpa işləri aparılıb.
Rayonda 2015-ci ilin məhsulu üçün 17115 hektar sahədə əkin aparılıb. Əkin sahəsinin 9677 hektarını dənli və paxlalı bitkilər (qarğıdalısız), 624 hektarını dən üçün qarğıdalı, 30 hektarını dən üçün günəbaxan, 1572 hektarını tərəvəz bitkiləri, 472 hektarını ərzaq üçün bostan bitkiləri, 754 hektarını kartof, 3037 hektarını cari ildə əkilmiş çoxillik otlar təşkil edir. Sahələrdə bol məhsul yetişdirilib. Avqust ayınadək 9677 hektar dənli və dənli-paxlalı bitkilərin əkin sahəsinin 25,9 faizindən 9265 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla 36,9 sentner olub. 754 hektar kartof əkilmiş sahənin 26,5 faizindən 3170 ton kartof, 1572 hektar tərəvəz bitkiləri əkini sahəsinin 60,4 faizindən 11690 ton tərəvəz məhsulları tədarük edilib. Barverən meyvə bağlarından 9020 ton meyvə dərilib. Balıqçılıqla məşğul olan müəssisələr tərəfindən 2015-ci ilin yanvar-iyun aylarında 53 min manat, 2014-cü illə müqayisədə 2 min manat çox dəyərində balıq satılıb.
Rayonun torpaq mülkiyyətçiləri cari ildə daha yüksək göstəricilərə nail olmaq əzmindədirlər. Bunun üçün onların hər cür imkanları var. Son illər rayonda həyata keçirilən meliorasiya tədbirləri torpaqlardan daha səmərəli istifadə etməyə imkan verib, hektarlarla sahə əkin dövriyyəsinə qatılıb.
Şərur rayonunda son 20 ildə güclü sahibkarlar dəstəsi yetişib. Zeyvə kəndində quşçuluq təsərrüfatı, “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyəti, arıçılıq, balıqçılıq təsərrüfatlarında istehsal olunan məhsullar özünə çoxlu alıcı toplaya bilib. Rayonda 3 dəyirman, 23 çörəkbişirmə sexi fəaliyyət göstərir. İbadulla-Arpaçay ərazisində yaradılmış istixana təkcə rayon sakinlərinin deyil, ümumilikdə, muxtar respublika əhalisinin yerli məhsullarla təminatına töhfələrini verir. Rayonda tikinti-quruculuq işlərində geniş istifadə olunan priket kərpic istehsalı ilə 20 sex məşğul olur.
Xidmət sahələrinin fəaliyyəti qənaətbəxşdir
Cari ilin birinci yarısında Rabitə İdarəsi tərəfindən əhaliyə 348 min 458 manatlıq poçt və rabitə xidməti göstərilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 31 min 250 manat çoxdur. Bu dövr ərzində 556 mənzilə yeni telefon xətti çəkilib. Cari ildə əhaliyə telefon xidmətini yaxşılaşdırmaq məqəsdilə Axaməd, Kürçülü, Oğlanqala və Yuxarı Yaycı kəndlərində yeni avadanlıqların quraşdırılması tədbirləri aparılır. Bu işlər başa çatdıqdan sonra rayon ATS-nə birləşdirilmiş kənd ATS-ləri rəqəmsal qaydada işləyəcəkdir.
Bəhs olunan dövrdə rayonda 8 ədəd müxtəlif güclü transformator yarımstansiyası quraşdırılıb, 25,1 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq elektrik verilişi xətlərinin çəkilişi başa çatdırılıb. 183 ədəd yeni sayğac quraşdırılıb, 269 ədəd sıradan çıxmış sayğac dəyişdirilib. Bu dövr ərzində 37 ədəd transformator əsaslı, 75 ədəd transformator cari təmir olunub. Vətəndaşlar tərəfindən 2015-ci ilin birinci yarısında inşa edilmiş 48 yeni evə elektrik xətti çəkilib.
Əhalinin məşğulluğu təmin edilir, sosial müdafiəsi gücləndirilir, maddi rifah halı daha da yaxşılaşdırılır
Xüsusi qeyd olunmalıdır ki, son 20 ilə yaxın müddətdə muxtar respublikada müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirlərin təməlində əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün insanların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun təmin olunması dayanır. Davamlı xarakter alan belə tədbirlər əhali tərəfindən razılıqla qarşılanır. Bu il Şərur rayonunda da reallaşdırılan bir sıra tədbirlər bölgə sakinlərinin rifah halını xeyli yüksəldib. Belə ki, rayon Məşğulluq Mərkəzi tərəfindən 2015-ci ilin birinci yarısında 319 nəfər işaxtaran qeydiyyata alınıb, həmin vətəndaşlardan 262 nəfəri müxtəlif sahələrdə daimi işlə təmin olunub. Cari ilin ilk 6 ayı ərzində keçirilən əmək yarmarkalarında 67 nəfər vətəndaş daimi işlə, kənd təsərrüfatı məhsullarının becərilməsi ilə əlaqədar 20 nəfər müvəqqəti işlə təmin edilib. 36 nəfər işaxtaran vətəndaş peşə yönümünə cəlb olunub.
2015-ci ilin birinci yarısında Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 1 milyon 770 min 140 manat vəsait təyinatı üzrə xərclənib. Ünvanlı sosial yardım alan 795 ailənin 3402 nəfərinə 449 min 669 manat ödənilib. Bir nəfər hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxsə minik avtomaşını verilib.
Bəhs olunan dövrdə Dövlət Sosial Müdafiə Fondu Şərur Rayon Şöbəsi tərəfindən 2 milyon 952 min manat proqnoz tapşırığa qarşı 3 milyon 407 min 424 manat məcburi dövlət sosial sığortahaqqı yığılıb ki, bu da əvvəlki ildəkindən 75 min 578 manat çoxdur. 2015-ci ilin 6 ayında fiziki şəxslərdən 89 min 962 manat məcburi dövlət sosial sığortahaqqı yığılıb. Bu, əvvəlki ildəkindən 9,5 faiz çoxdur. Torpaq mülkiyyətçilərindən 102 min 400 manat proqnoz tapşırığa qarşı 113 min 347 manat vəsaitin büdcəyə ödənilməsi təmin edilərək tapşırığa 110,7 faiz əməl olunub. Bəhs olunan dövrdə pensiyaların ödənilməsinə 10 milyon 688 min 848 manat vəsait xərclənib.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin daimi xarakter alması rayon sakinlərinin qurub-yaratmaq əzminin yüksəldilməsində başlıca amildir.
Şərurlular 2015-ci ili daha yüksək nəticələrlə başa vuracaqlarına əmindirlər
Cari ilin üçüncü rübü öz axarı ilə davam edir. Digər bölgələrimiz kimi, Şərur rayonunda da insanlar yüksək əhval-ruhiyyə ilə qurub-yaratmaqdadırlar. Bunu həmsöhbət olduğumuz şərurluların çöhrələrindən, söhbətlərindən hiss etmək çətin deyildi. Yazımızı Şərur Rayon Ağsaqqallar Şurasının sədri Mirhüseyn Seyidovun fikirləri ilə başa çatdırırıq: – Şərurlular bəhs olunan dövrdə həyata keçirilən tədbirlərdə fəallıq göstərməyi vətəndaşlıq borcuna çevirərək doğma yurd yerinin müasirliyə qovuşması üçün əllərindən gələni əsirgəməyiblər, dövlətimizə dəstək olublar. Bu gün də bölgədə tikinti-quruculuq işləri sürətlə davam etdirilir, emal və sənaye müəssisələri daha böyük uğurlar qazanmaq əzmi ilə çalışır, rayon sakinləri Şərurun daha da çiçəklənməsi, iqtisadi cəhətdən güclənməsi üçün səy və bacarıqlarını əsirgəmir, son 20 ildə qazanılan uğurları son hədd hesab etməyərək qarşıdakı illərdə də yüksək göstəricilərə nail olacaqlarına inanırlar. Çünki arxalarında güclü dövlətin durduğunu görürlər. Belə dövlətin vətəndaşları olmaqla qürur duyurlar. Bilirlər ki, nail olunan hər bir uğurun təməlində insana, onun layiq olduğu səviyyədə yaşamasına qayğı dayanıb.
Muxtar Məmmədov