Naxçıvan şəhər əhalisinin etibarlı elektrik enerjisi ilə təmin olunması üçün kompleks tədbirlər həyata keçirilmişdir.
Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin direktoru İqrar Əliyevdən aldığımız məlumata görə, transformator yarımstansiyalarında əsaslı və cari təmir işləri aparılmış, istismar müddəti başa çatmış elektrik dirəkləri yeniləri ilə əvəz olunmuş, dirəklərarası məsafələr normaya salınmış, kabellər, eləcə də məftillər yeniləri ilə əvəz edilmiş, 10/0,4 kilovoltluq elektrik xətləri çəkilib bərkidilmişdir.
Elektrik enerjisi verilişinin tənzimlənməsi, elektrik enerjisindən səmərəli istifadə edilməsi və sərf olunan elektrik enerjisinin dəyərinin ödənilməsi işi də diqqət mərkəzində saxlanılmış, cari ilin iyul ayından, ilkin olaraq, Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, Əziz Əliyev, “Təbriz”, Atatürk, “İstiqlal” küçələrində, “Çənlibel”, “Qoçüstü” məhəllələrində, Əliabad qəsəbəsində və digər ünvanlarda yerləşən təmir olunmuş ictimai yaşayış binalarında Türkiyə istehsalı olan smartkarttipli elektrik sayğaclarının quraşdırılmasına başlanılmışdır. Onu da qeyd edək ki, smartkarttipli elektrik sayğacları 20 ildən artıq təcrübənin məhsuludur. Yeni dizayn və istehsaldır.
Müasir texnologiyanın yeni tələblərinə uyğun şəkildə istehsal olunan sayğaclar elektron ölçmə sistemi ilə etibarlı bir elektrik enerjisi istifadəsinə imkan verməkdədir. LCD ekranın xüsusi dizaynda tərtib edilməsi və sayğacın buton sisteminə sahib olması tarifləri daha asan müəyyənləşdirməyə imkan verir.
Elektrik paylama müəssisələri tərəfindən periodik olaraq reallaşan indeks oxuma əməliyyatları sayğacların üzərində olan optik port vasitəsilə asanlıqla edilə bilər. Bu xüsusiyyətlə indeks oxuma əməliyyatına göz yanılmalarından qaynaqlana biləcək səhvlərin qarşısı alınmaqdadır. Smartkarttipli elektrik sayğacları istifadə müddəti 10 ili keçən litium batareyalarla təmin edilmişdir.
Məlumat üçün qeyd edək ki, smartkarttipli elektrik sayğacından istifadə zamanı aşağıdakılara əməl olunmalıdır. Xüsusi hesaba ödənilmiş məbləği sayğaca yükləmək üçün kart sayğaca salındıqdan sonra ekranda “ABUNƏ” mesajı görmədən kartı çıxarmaq olmaz. Kart tez çıxarsa, balans yüklənməyəcək. Smartkarttipli elektrik sayğacı quraşdırılarkən avans olaraq 50 kvt/saat (3 manat) yüklənir. Sonra abonentin yüklədiyi məbləğdən həmin vəsait çıxılır. Sayğacdan istifadə edərkən kartı sayğaca taxılı vəziyyətdə saxlamaq olmaz. Sayğacda olan balans miqdarı görünür və istifadə ilə əlaqədar olaraq bu balans azalır. Balans miqdarı ən az səviyyəyə gəldiyi zaman ekranda “KREDİ Az” mesajı görünür. Abonentin kartında kreditin bitməsi axşam saat 1700-dən bir sonrakı gün saat 1000-a təsadüf edərsə, abonentin elektrik enerjisi kəsilməyəcəkdir. Bayram günlərində abonentin borcu yaranarsa, smartkarttipli sayğac bağlanmayacaq və elektrik enerjisi kəsilməyəcəkdir.
Sayğacda vəsaitin olmasına nəzarət etmək lazımdır. Xüsusi hesaba ödənilmiş məbləğ qurtarmadan da əlavə vəsait yükləmək mümkündür. Abonent smartkarttipli sayğacın kartını itirdikdə yeni kartın alınması üçün 20 (iyirmi) manat ödəməlidir.
Xəbərlər şöbəsi