23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasında çıxış edən Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov 21 iyul 2015-ci il tarixdə dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasında verilən tapşırıqların icrasının diqqətdə saxlandığını bildirmişdir. Qeyd olunmuşdur ki, rabitə və poçt xidmətinin, genişzolaqlı və simsiz internetin əhatə dairəsini genişləndirməsi, “Evədək optika” və “Elektron hökumət” layihələrinin icrası gələcəkdə nazirliyin əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilmişdir.
Hesabat dövründə Babək Rayon Rabitə İdarəsi və “Naxçıvanpoçt” MMC-nin Babək rayon filialının yeni binası istifadəyə verilmiş, tikintisi başa çatdırılan 242 kilometrlik Sədərək-Ordubad alternativ fiber-optik kabel magistralının təqdimatı olmuş və Babək rayon telekommunikasiya şəbəkəsinin alternativ fiber-optik kabel magistralına birləşdirən sistem işə salınmışdır. Bəhs olunan dövrdə muxtar respublikada 8 poçt şöbə və bölməsi avtomatlaşdırılmışdır. Ümumilikdə, avtomatlaşdırılmış poçt bölmə və şöbələrinin sayı 126-ya çatdırılmış, muxtar respublika üzrə bütün poçt şöbə və bölmələri POS-terminallarla təmin edilmişdir.

Ötən dövr ərzində bütün yaşayış məntəqələrində genişzolaqlı internet xidmətlərinin təşkil edilməsi üçün tədbirlər davam etdirilmişdir. Genişzolaqlı ADSL texnologiyasından istifadə edən internet abunəçilərinin sayı 2566 olmuş, 42 nəfərə “Elektron imza” verilmişdir.
Təhlükəsiz internet və distant təhsilin tədrisi ilə əlaqədar distant dərslər təşkil edilmiş, muxtar respublikanın orta məktəblərində daxili şəbəkələr qurulmuş və internetə qoşulmuşdur. Muxtar respublika ərazisindəki yaşayış məntəqələrinin 100 faizində rəqəmsal radio yayımı təmin edilmişdir. Bundan əlavə, Naxçıvan televiziyası HD formatda yayıma başlamışdır.
Yaşayış məntəqələrinin 94 faizində genişzolaqlı, 83 faizində isə simsiz internet xidmətlərinin göstərilməsi üçün lazımi avadanlıqlar qurulmuşdur. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermişdir. Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası davam etdirilmiş, 28 fərdi mənzilə optik kabel xətti çəkilmişdir. Yarımildə Ordubad rayonunun Çənnəb-Üstüpü, Babək rayonunun Nəhəcir, Şərur rayonunun Aşağı Yaycı-Yuxarı Yaycı, Kərimbəyli-Axaməd, Kürkənd-Kürçülü kənd mərkəzlərinə fiber-optik kabel xətləri çəkilmişdir. Ümumilikdə, muxtar respublika üzrə 2015-ci ilin I yarımili ərzində 59 min 192 metr fiber-optik kabel xəttinin tikintisi aparılmışdır.
İşdə yol verilmiş nöqsan və çatışmazlıqlara da toxunan nazir muxtar respublikada rabitə və poçt xidmətlərinin daha da təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr, ucqar kəndlərin internetlə təmin olunması, elektron ödənişlərin həcminin genişləndirilməsi istiqamətində görülən işlər haqqında danışmış, elektron xidmətlərin sayının artırılması, bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müraciətlər əsasında elektron imzaların tətbiqinin həyata keçirilməsinin qarşıda duran vəzifələr arasında olduğunu vurğulamışdır.

*  *  * 

İyulun 29-da Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində keçirilən kollegiya iclasını giriş sözü ilə Gənclər və İdman naziri Azad Cabbarov açaraq məruzə etmişdir.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 2015-ci ilin birinci yarısında öz işini təsdiq olunmuş iş və tədbirlər planına, həmçinin 21 fevral 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilmiş müşavirədə verilmiş tapşırıqlara uyğun qurmağa çalışmışdır. Ümumilikdə, bəhs edilən dövrdə nazirlik tərəfindən gənclərlə iş üzrə 84 tədbir icra olunmuşdur.
Azad Cabbarov diqqətə çatdırmışdır ki, adıçəkilən müddətdə kütləvi bədən tərbiyəsi və idman üzrə 45 tədbir təşkil edilmiş, bunlardan 2-si beynəlxalq səviyyəli yarış olmuşdur. Nazirlik, muxtar respublikanın idman federasiyaları və aidiyyəti təşkilatlar tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi ilə əlaqədar muxtar respublikada müxtəlif idman yarışları keçirilmiş, Naxçıvan Şahmat Mərkəzində Beynəlxalq Şahmat Festivalı, Şərur Olimpiya-İdman Kompleksində kikboksinq üzrə Azərbaycan çempionatı, gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan Kuboku” uğrunda beynəlxalq yarış yaddaqalan olmuşdur.
Nazir qeyd etmişdir ki, muxtar respublika idmançıları cari ilin birinci yarımili ərzində, ümumilikdə, 53 medal qazanmışlar ki, bunlardan 30-u Azərbaycan çempionatlarından, 12-si beynəlxalq turnirlərdən, 8-i dünya çempionatlarından, 1-i Avropa çempionatlarından, 2-si isə I Avropa Oyunlarından əldə olunmuşdur. Tanınmış məşqçilərin muxtar respublikaya dəvət edilməsi, yerli məşqçilərin təlimlərdə iştirak etmələri ilə bağlı tədbirlərin keçirilməsi diqqətdə saxlanılmış, Peşəkar Qarışıq Qaydasız Döyüş Növləri üzrə məşqçilər dəvət edilmiş, ağırlıqqaldırma, futbol, şahmat və digər idman növləri üzrə təlim-məşq toplanışları təşkil olunmuşdur. 12-28 iyun 2015-ci il tarixlərdə ilk dəfə olaraq Bakı şəhərində keçirilən I Avropa Oyunlarında muxtar respublikamızdan boks üzrə Tayfur Əliyev və sərbəst güləş üzrə Hacı Əliyev bürünc medal qazanmışlar.
Azad Cabbarov buraxılan nöqsanlardan da danışaraq bildirmişdir ki, onların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilməli, idman və gənclər sahəsində tədbirlərin səviyyəsi daha da yüksəldilməlidir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

*  *  * 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasını Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov açaraq məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, “2014-­2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində bir sıra tədbirlər görülmüşdür. İlin birinci yarısında məşğulluq xidməti orqanlarına müra­ciət edən 1391 nəfər işlə təmin edilmişdir.
Əmək bazarının tələbinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilmiş peşə kurslarına, ümumilikdə, 195 nəfər cəlb edilmişdir ki, onlardan 74-ü sağlamlıq imkanları məhdud şəxslər, 9 nəfəri isə hərbi xidmətdən yeni tərxis olunanlardır. Bununla yanaşı, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təmin edilməsi, habelə fərdi təsərrüfatlarının inkişafı üçün 3 aztəminatlı ailəyə müvafiq köməklik göstərilmiş, həmin ailələrin rifahının yaxşılaşdırılması məqsədilə evlərdə xalça toxunuşunun təşkili üzrə sosial layihəyə 8 qadın cəlb edilmişdir.
Bildirilmişdir ki, əməyin mühafizəsi sahəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmədiyinə görə 26 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılmış, təhlükəsizlik qaydalarını kobud şəkildə pozduğuna görə bir işəgötürənə 1000 manat məbləğində cərimə tətbiq olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, sağlamlıq imkanları məhdud şəxslərin tibbi reabilitasiyası məqsədilə Naxçıvan Əlillərin Bərpa Mərkəzində 157 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 175 uşağın müalicəsi təmin edilmiş, əzələ-dayaq sistemi xəstəliklərindən əziyyət çəkən sağlamlıq imkanları məhdud 10 nəfər Türkiyə Respublikasına müalicəyə göndərilmişdir. Müvafiq dövr ərzində 66 nəfərə protez-ortopedik xidmət göstərilmiş, 101 nəfər müxtəlif texniki reabilitasiya vasitələri ilə, 64 nəfər sanatoriya və pansionatlara göndərişlərlə, müvafiq kateqoriyadan 10 nəfər minik avtomobili ilə təmin edilmişdir. Bununla yanaşı, 488 tənha ahıl və əlilə evlərdə, 19 nəfərə isə Ahıllar Evində sosial xidmət göstərilmişdir.
Nazir bildirmişdir ki, “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, 2014-2015-ci tədris ilində məhdud fiziki imkanlı 40 uşaq məktəbəqədər təhsil müəssisəsinə, 79 uşaq ümumtəhsil müəssisələrinin birinci siniflərinə, 179 uşaq isə məktəbdənkənar müəssisələrin dərnəklərinə, musiqi məktəblərinə və idmanın müxtəlif növləri üzrə qruplara cəlb edilmişdir.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan Distant Tədris Mərkəzində hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil müəssisələrinə gedə bilməyən 19 uşaq tədrisə cəlb olunmuşdur.
Bu dövr ərzində sosial qayğıya ehtiyacı olan 246 şagird məktəbli geyimi və dərs ləvazimatları ilə təmin edilmişdir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə qabiliyyəti məhdud şəxslər üçün audio və brayl kitabxanası fondunun zənginləşdirilməsi diqqətdə saxlanılmış, mərkəzdə əmək terapiyası otağı yaradılmış, defektoloji bölmənin təlim məşğələlərinə sağlamlıq imkanları məhdud 48 uşaq cəlb edilmişdir.
Yay tətili dövründə sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün 52 uşaq valideynlərinin müşayiəti ilə Ağbulaq İstirahət Mərkəzinə göndərilmişdir.
İclasda işdə buraxılan nöqsanlara da toxunulmuş, qarşıda duran vəzifə və tapşırıqlardan bəhs edilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

*  *  * 

AMEA Naxçıvan Bölməsində 2015-ci ilin ilk 6 ayının yekunlarına dair yığıncaq keçirilib.
Yığıncağı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, 2015-ci ilin birinci yarısında bölmə əməkdaşlarının 3 monoqrafiya, 1 kitab, 1 tövsiyə, 268 məqalə və konfrans materialı, 8 tezis olmaqla, 281 elmi əsəri nəşr edilib. Hesabat dövründə bölmədə humanitar və ictimai, təbiət və texniki elmlər seriyalarından ibarət olan “Xəbərlər” jurnalının 2 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə əməkdaşların 60 məqaləsi işıq üzü görüb. 2015-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” Sərəncamına əsasən, İkinci Dünya müharibəsindən günümüzədək olan dövrü əhatə edən üçüncü cildi üzərində işlər davam etdirilib.
Qeyd olunub ki, hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu qrant layihələri müsabiqəsində qalib olmuş “Naxçıvan folklorunun toplanması, elmi tədqiqi və nəşri” və “Batabat Astrofizika Rəsədxanasının müasir işıqqəbuledici cihaz və avadanlıqlarla təchiz edilməsi” mövzuları üzrə qrant layihələri çərçivəsində elmi-tədqiqat işləri başa çatıb, bununla bağlı hazırlanmış hesabat müvafiq quruma təqdim edilib. 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu qrant layihələri müsabiqəsində qalib olmuş “Naxçıvan toponimlərinin elmi-linqvistik tədqiqi”, “Parabolik və hiperbolik məhdud üç cisim məsələlərinin astronomiyada tətbiqi” mövzuları üzrə tədqiqatlar cari ilin ilk yarısında uğurla icra olunub və hesabatlar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilib. Həmçinin akademik Tariyel Talıbovun rəhbərliyi ilə Ümumdünya Təbiəti Mühafizə Təşkilatının “Naxçıvan Muxtar Respublikası ərazisində bəbir və qida obyektlərinin monitorinqinin aparılması” mövzusunda beynəlxalq qrant layihəsi istiqamətində elmi-tədqiqat işləri davam etdirilib.
Bölmə sədri hesabat dövründə yol verilmiş nöqsanlara da toxunub, onların tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Sonra məruzə ətrafında bölmə əməkdaşlarının çıxışları dinlənilib.
Tədbirə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.

*  *  * 

Naxçıvan Muxtar Respubli­ka­sı Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2015-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasını Ekologiya və Təbii Sərvətlər naziri Hafiz Yaqub­ov açaraq məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, 2015-ci ilin birinci yarımilində muxtar respublikada mövcud ekoloji vəziyyətin qorunması, ətraf mühitin mühafizəsi, təbii resurslardan səmərəli istifadə olunması məqsədilə dövlət ekologiya siyasəti uğurla davam etdirilmiş, bu sahənin inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, yaz əkini mövsümündə muxtar respublika ərazisində, ümumilikdə, 250 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri davam etdirilmiş, yeni meyvə bağları salınmışdır. Yaşıllaşdırma tədbirlərində, ümumilikdə, 217 min ədəd meşə, meyvə və həmişəyaşıl ağaclar əkilmişdir. Nazirlik tərəfindən 43 hektar sahədə yeni meşə massivləri, yaşıllıq zolaqları, meyvə bağları salınmış, 141,3 hektar sahədə ting və toxumla meşəbərpa işləri görülmüşdür. Meşəsalma, meşəbərpa tədbirlərində və yeni meyvə bağlarının salınmasında 155 min ədəd meşə və meyvə tingləri, 1 tondan çox meyvə toxumları əkilmişdir.
Vurğulanmışdır ki, muxtar respublika ərazisində aparılan yaşıllaşdırma tədbirlərində meşə və meyvə tinginə, həmişəyaşıl ağaclara olan tələbatın təmin edilməsi məqsədilə nazirliyin tingçilik təsərrüfatları tərəfindən 7,5 hektar sahədə toxum səpini, tingböyütmə sahələri yaradılmış, 285 min ədəddən çox əkinəyararlı ting yetişdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”na uyğun olaraq, cari ilin birinci yarım­ilində muxtar respublika ərazisində 74 hektar sahədə meyvə bağları salınmış və bərpa edilmişdir.
Nazir qeyd etmişdir ki, ilin ilk 6 ayında qanunsuz ov edilməsinə qarşı mübarizə aparılması məqsədilə aidiyyəti orqanlarla birlikdə yoxlama-reydlər keçirilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülmüşdür.
İclasda işdə buraxılan nöqsanlara da toxunulmuş, onların aradan qaldırılması istiqamətində tapşırıqlar verilmişdir.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində keçirilən kollegiya iclasında agent­liyin baş direktoru Yasin Səfərov məruzə ilə çıxış edərək bildirmişdir ki, muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən kompleks tədbirlər birinci yarım­ildə də davam etdirilmişdir.
2015-ci ilin ilk 6 ayında Kəngərli Rayon Elektrik Şəbəkəsi üçün ikimərtəbəli yeni inzibati bina inşa olunmuş, 35 meqavolt-amper güclü yeni 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyası istifadəyə verilmişdir. Yarım­stansiyada əsas elektrik avadanlıqlarının – 25 və 10 meqavolt-amper güclü transformatorların, 110 kilovoltluq eleqaz açarlarının, ayırıcıların, gərginlik və cərəyan transformatorlarının, 35 və 10 kilovoltluq hücrələrin, idarəetmə və mühafizə qurğularının, akkumulyator batareyalarının quraşdırılması işləri başa çatdırılmışdır.
Babək rayonu ərazisində iki­transformatorlu 1260 kilovolt-amper güclü 35/10 kilovoltluq “Nehrəm” yarım­stansiyasının yeni binasının tikintisi başa çatdırılmış, güc transformatorları quraşdırılmış və yarımstansiya istismara verilmişdir. 90 meqavolt-amper güclü 132/110 kilovoltluq “Araz” yarımstansiyasında yeni müasir rele mühafizəsi və avtomatika qurğuları, ayırıcı və eleqaz açarlarının quraşdırılmasına başlanılmış, yeni idarəetmə otağının tikintisi başa çatdırılmışdır.
Vurğulanmışdır ki, 2015-ci ilin birinci yarısında muxtar respublikanın ayrı-ayrı yaşayış məntəqələrində, ümumilikdə, 19 yeni transformator yarımstansiyası quraşdırılmış, 51 kilometr uzunluğunda yeni 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri çəkilmiş, 4,5 kilometr uzunluğunda hava elektrik verilişi xətləri kabel xətləri ilə əvəz edilmişdir. Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 115 ədəd 10/0,4 kilovoltluq transformator təmir edilib şəbəkələrə qaytarılmışdır.
Kollegiya iclasında işdə buraxılan nöqsanlar da təhlil olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Sonra məruzə ətrafında Naxçıvan Modul Elektrik Stansiyasının direktoru Məhərrəm Abbasov, “Biləv” Su Elektrik Stansiyasının direktoru Sahib Zeynalov, Şərur və Ordubad Rayon Elektrik şəbəkələrinin direktorları Mehman Tağıyev və Ramazan Rzayevin çıxışları olmuşdur.

*  *  * 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən yığıncaqda komissiyanın sədri Etibar Musayev bildirib ki, hesabat dövrü ərzində dövlət qulluqçularının reyestrinin elektron formada aparılması davam etdirilmişdir. İndiyədək 2008 nəfər dövlət qulluqçusunun məlumatları elektron bazaya işlənmişdir. Onlardan 740-nın reyestr məlumatları rəsmi sənədlər əsasında yoxlanılaraq dəqiqləşdirilmişdir.
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün 18 fevral 2015-ci il tarixdə elan edilən müsabiqəyə 351 nəfər sənəd təqdim etmiş, onlardan 75-i müsabiqəni müvəffəqiyyətlə başa vuraraq vakant vəzifələrə təyin olunmuşdur.
Bildirilmişdir ki, muxtar respublikanın daxili işlər və vergi orqanlarında, Dövlət Miqrasiya Xidmətində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanları şəffaflıqla keçirilmişdir.
Hesabat dövrü ərzində komissiyanın dövlət orqanları ilə əməkdaşlığı davam etdirilmiş, həmin orqanlarda dövlət qulluğu siyasətinin düzgün həyata keçirilməsi, o cümlədən kadrlarla işin təşkili daim nəzarətdə saxlanılmışdır. Cari ilin ötən 6 ayı ərzində 15 nəfər dövlət qulluqçusu fəxri adlarla və təltiflərlə mükafatlandırılmışdır.
Qeyd edilmişdir ki, bəhs olunan dövr ərzində komissiyada ictimaiyyətlə əlaqələr işi və vətəndaşların müraciətlərinə baxılması da diqqət mərkəzində saxlanılmışdır. 2015-ci ilin birinci yarısında komissiyaya 465 müraciət daxil olmuşdur ki, bunlardan 44-ü elektron müraciətdir. Bütün müraciətlər araşdırılmış və onlara müvafiq qaydada cavab verilmişdir.
Məruzə ətrafında müzakirələrdə komissiyanın əməkdaşları Arzuman İmanovun, Rafiq Nəcəfovun və Fatma Hüseynovanın çıxışları olmuşdur.

*  *  * 

Babək Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə məruzə ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseyn­əliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, 7 yaşayış məntəqəsini birləşdirən dairəvi avtomobil yolunun yenidən qurulması işləri birinci yarımildə davam etdirilib. Rayon mərkəzində 5 mərtəbəli 60 mənzilli yaşayış binasında yenidənqurma işləri aparılıb. Qoşadizə kəndində kompleks qurucu­luq tədbirləri həyata keçirilib.
Müxtəlif istiqamətli quruculuq tədbirlərindən rayonun Yarımca, Xal-xal, Xəlilli, Nehrəm, Cəhri, Qoşadizə, Güznüt, Çeşməbasar, Badaşqan, Nəcəfəlidizə, Şıxmahmud, Məzrə, Şəkərabad, Aşağı Buzqov, Gülşənabad, Nəzərabad və Qahab kəndlərinə də pay düşüb.
Vurğulanıb ki, Babək rayonu aqrar bölgə olduğundan burada kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. 2015-ci ilin məhsulu üçün əkin aparılan 10476 hektar sahədə taxıl biçini başa çatdırılıb.
İcra başçısı rayonun idarə, müəssisə və təşkilatlarının ilin ilk 6 ayındakı fəaliyyətindən də danışaraq deyib ki, bəhs olunan dövrdə rayon Elektrik Şəbəkəsi, Qaz İstismarı İdarəsi, Rabitə Şöbəsi tərəfindən də bir sıra işlər görülüb.
Elçin Hüseynəliyev işdə buraxılmış nöqsanlara da toxunaraq bildirib ki, görülmüş işlərlə yanaşı, qarşıda bir sıra mühüm vəzifələr durur. İstifadə edilmiş qaz və elektrik haqlarının vaxtında və tam toplanması, əmək intizamına əməl olunması, qəsəbə və kəndlərin abad, səliqəli saxlanılması, yeni qurulan tikililərin qorunması, elektrik və qazdan israfçılıqla istifadənin qarşısının alınması üçün reydlərin keçirilməsi, nağdsız ödənişlərin həcminin artırılması və əkilməyən torpaqların əkin dövriyyəsinə daxil edilməsi istiqamətində işlər daha da gücləndirilməlidir.
Məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  * 

Sədərək Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni icra başçısı Həbib İbrahimov açaraq məruzə ilə çıxış etmişdir.
O, ilin birinci yarısında görülmüş işlər, qarşıya qoyulmuş vəzifələr barədə danışaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında geniş vüsət alan tikinti-quruculuq işləri Sədərək rayonunu da əhatə etmiş, son illər bölgədə yeni inzibati binalar və digər infrastruktur obyektləri tikilərək istifadəyə verilmişdir. 2015-ci ilin 6 ayı ərzində Sədərək Rayon Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsi tərəfindən 279,5 min manatlıq abadlıq və təmir işləri aparılmış, hazırda rayon uşaq musiqi məktəbi üçün inzibati binanın tikintisi və İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmiri davam etdirilir.
İcra başçısı diqqətə çatdırmışdır ki, bu gün torpaqlardan səmərəli istifadə qarşıda duran əsas vəzifələrdəndir. Rayonun torpaq mülkiyyətçiləri yaradılmış şəraitdən səmərəli istifadə edərək “Kənd təsərrüfatı ili”ndə 3574 hektar sahədə əkin keçirmişlər. Vaxtında həyata keçirilən hazırlıq tədbirləri hesabına 2132 hektar sahədə taxıl biçini optimal müddətdə başa çatdırılmışdır.
2015-ci ilin 6 ayı ərzində yaşıllıq sahələrinə qulluq davam etdirilmiş, Naxçıvan-Sədərək magistral yolunun hər iki tərəfində 3 hektar sahədə bərpa işləri aparılmış, əlavə olaraq rayon ərazisində 3 hektar yeni bağ salınmış, həmin sahələrə 5400 ədəd meyvə tingi əkilmişdir. Ümumiyyətlə, rayon ərazisində 7 min ədəd yerli sortlardan ibarət müxtəlif meyvə ağacları, 1500 ədəd gül kolu və 225 həmişəyaşıl ağac əkilmişdir.
Vurğulanmışdır ki, həyata keçirilən tədbirlər Sədərək rayonunda da yaşayış məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına şərait yaratmışdır. İlin ilk 6 ayı ərzində rayon ərazisində müxtəlif gücdə transformatorlar quraşdırılmışdır.
Hesabat dövrü ərzində rayon Məşğulluq Mərkəzi öz işini tələb olunan səviyyədə qurmağa çalışmış, 91 işaxtaran qeydiyyata alınmış və həmin vətəndaşlardan 72 nəfəri daimi işlə təmin olunmuşdur.
İcra başçısı işdə buraxılmış nöqsanlara da toxunmuş, həmin nöqsanların tezliklə aradan qaldırılmasının vacibliyini diqqətə çatdırmışdır.

*  *  * 

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində 6 ayın yekunlarına həsr olunmuş iclas keçirilib.
İclasda idarənin rəisi Fazil İbrahimov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin 2015-ci ilin birinci yarısındakı fəaliyyəti Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin Əsasnaməsinə, idarənin təsdiq olunmuş iş planına və digər müvafiq normativ sənədlərə əsasən həyata keçirilib. Bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət büdcəsinin gəlirləri 35 milyon 709,3 min manat və ya 112,5 faiz icra olunub.
İlin birinci yarısında Naxçıvan Muxtar Respublikası Dövlət büdcəsinin xərcləri 176 milyon 563,5 min manat və ya 82,3 faiz icra edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinə 2015-ci ilin birinci yarısında dövlət təşkilatlarından 1-i elektron olmaqla, 39 məktub daxil olub.
2015-ci ilin birinci yarısında təsdiq edilmiş iş planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət büdcəsinin xərclərinə maliyyə-büdcə nəzarəti tədbirləri çərçivəsində idarə tərəfindən 6 müəssisə, idarə və təşkilatlar üzrə təhlil işləri, 4 müəssisə, idarə və təşkilatlarda audit yoxlamaları aparılıb.
Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq təşkilatlara məktub və maliyyə orqanlarına məlumat göndərilmişdir.
İclasda qeyd olunub ki, 2015-ci ilin ikinci yarısında da idarənin əməkdaşları işlərini günün tələbləri səviyyəsində qurmalı, qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsinə nail olmalıdırlar.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR