Naxçıvan Qarnizonunun Zabitlər Evində Cəmşid Naxçıvanskinin 120 illik yubileyi münasibətilə tədbir keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Mirqiyas Rüstəmov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda ilk milli diviziyanın yaradıcısı olan Cəmşid Naxçıvanskinin adı ümummilli liderimiz Heydər Əliyevin sayəsində hərb tariximizdə əbədiləşib. 1971-ci ildə Moskvanın əsassız cəhdlərinə baxmayaraq, Bakı şəhərində respublika hərbi təyinatlı orta internat məktəbi yaradılıb və Cəmşid Naxçıvanskinin adı bu məktəbə verilib. Sonralar həmin məktəb hərbi liseyə çevrilib. Böyük sərkərdənin adına indi ölkəmizdə hərbi lisey, ev-muzeyi və tam orta məktəb var.
Qeyd olunub ki, Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 aprel 2015-ci il tarixdə imzaladığı Sərəncamda deyilir: “Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçmiş və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermişdir. Onun ölkədə yüksək ixtisaslı hərbçi kadr hazırlığı sahəsində zəngin fəaliyyəti təqdirəlayiqdir. Cəmşid Naxçıvanski 1930-cu illərin ağır repressiyalarına məruz qalmış və totalitarizmin qurbanına çevrilmiş vətənpərvər şəxsiyyətlərdəndir”.
Vurğulanıb ki, böyük sərkərdənin yubileyi doğulub boya-başa çatdığı Naxçıvanda da geniş qeyd edilir. Belə ki, Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il aprelin 9-da imzaladığı Sərəncamla Tədbirlər Planı təsdiq edilib. Həmin plana əsasən, muxtar respublikada hərb tariximizin görkəmli simalarından olan Cəmşid Naxçıvanskinin 120 illik yubiley tədbirləri keçirilir.
Tədbirdə çıxış edən “N” hərbi hissənin hərbi qulluqçusu, kiçik çavuş Asim Əbilov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli görkəmli sərkərdənin həyat yoluna nəzər salaraq bildiriblər ki, Cəmşid xan Naxçıvanski Azərbaycanın hərb tarixində özünəməxsus yeri olan, iki dəfə haqqında ölüm hökmü çıxarılan və böyük mənəvi sarsıntılara məruz qalan, amma bütün bunların qarşısında sınmayan bir şəxsiyyət idi. Buna görə də Kəngərli tayfasının onlarla görkəmli nümayəndəsi arasında Cəmşid xan Naxçıvanskinin həyatı və fəaliyyəti maraqlı məqamları ilə seçilir. General Cəmşid Naxçıvanskinin adı hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Onun keçdiyi ömür yolu bugünkü və gələcək nəsillərə örnəkdir.
Xəbərlər şöbəsi