23 Dekabr 2024, Bazar ertəsi

Gündən-günə gözəlləşən muxtar respublikamızda yeni salınmış meşə zolaqları yurdumuzun füsunkar simasına əlavə çalarlar qatıb. Məhz təbiətə xüsusi gözəllik bəxş edən bu meşələri hamılıqla qoruyub saxlamalı və hər əkilən ağaca qayğı göstərməliyik. İsti yay günlərində ehtimalı daha çox olan və meşələrin sıradan çıxmasına səbəb olan xoşagəlməz hadisələrdən biri də yanğınlardır.
Yanğınların qarşısının alınmasında aidiyyəti dövlət orqanları ilə yanaşı, vətəndaşların da üzərinə çox mühüm vəzifələr düşür. Qeyd edək ki, külli miqdarda ziyanla qurtaran yanğın hadisələrinin baş vermə­məsi üçün yay mövsümündə qabaqlayıcı tədbirlərin aparılmasına daha çox diqqət yetirilməlidir. Çünki bu gün hər bir insan bilavasitə və ya dolayı yolla meşələrlə əlaqədə olur, onun sərvətlərindən bəhrələnir. Meşələr onunla təmasda olan insanları baharda əlvan çiçəklərin ətri, yayda əsrarəngiz təbiəti, payızda zəngin rənglər ümmanı, qışda sirli dünyası ilə məftun edir. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə tərtib edilmiş tədbirlər planına uyğun olaraq, muxtar respublika ərazisində yerləşən meşələrdə, meşəətrafı otlaq sahələrdə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunması məqsədilə maarifləndirmə və profilaktik tədbirlər həyata keçirir.

Meşə təsərrüfatında yanğın təhlükəsizliyinə məsul olan şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət məqsədilə meşə sahələrinə və zolaqlarına vaxt­aşırı baxış keçirməli, yanğın baş verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görməli, yanğının söndürülməsi üçün mövcud vasitələri təşkil etməlidirlər.
Meşə sahələrində 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozmasından baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, meşədə və ya meşəətrafı sahələrdə yandırılmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması kütləvi meşə yanğınlarına səbəb olur. Söndürülmə­miş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir. Meşələrə sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə bulaşmış materialları atmaq olmaz. Meşədə torf və bitki köklərinin yandırılması yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. Meşədə istirahət edən insanlar tərəfindən şüşə qabların, şüşə qırıntılarının meşəyə atılması qadağandır. Əks halda, Günəş şüasının təsirindən şüşə qablar və qırıntıları yanğın ocaqlarının yaranmasına səbəb ola bilər.
Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaretin çəkilməsi, tonqal yandırılması yanğın təhlükəli olduğundan yolverilməzdir. Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin quru ot və odun qalıqlarından təmizlənməsi təmin edilməli, meşənin ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.
Havaların isti keçməsi meşələrin yanğın təhlükəsini daha da artırır. Məhz buna görə cavabdeh şəxslər tərəfindən vaxtaşırı olaraq meşədaxili və ətraf sahələr yoxlanılmalı və daim diqqət mərkəzində saxlanılmalıdır. Yanğın və alışma hadisəsi baş verən zaman mövcud əlaltı odsöndürücü vasitələrdən istifadə edilməlidir. Hər bir vətəndaş bilməlidir ki, yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə o, ölkə­mizin iqtisadiyyatının inkişafına və vətəndaşlarımızın sağlamlığına xidmət etmiş olar.
Hər hansı bir yanğın hadisəsi baş verərsə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin şəhər-rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” nömrəli xidməti telefonlarına zəng etməyi unutmayın.

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, daxili xidmət kapitanı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR