23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan bu günü ilə fəxr etdiyi kimi, keçmişi ilə də qürur duyur. Bu torpaq siyasi xadimlər, qəhrəmanlar, memarlar, ədiblər, yazıçılar, sənətkarlar yetirmişdir. General Cəmşid Cəfərqulu xan oğlu Naxçıvanski də belə görkəmli şəxslərdən biri olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cəmşid Naxçıvanskinin böyük xidmətlərini nəzərə alaraq “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il aprelin 2-də Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçmiş və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermişdir. Onun ölkədə yüksəkixtisaslı hərbçi kadr hazırlığı sahəsində zəngin fəaliyyəti təqdirəlayiqdir. Cəmşid Naxçıvanski 1930-cu illərin ağır repressiyalarına məruz qalmış və totalitarizmin qurbanına çevrilmiş vətənpərvər şəxsiyyətlərdəndir”.

Görkəmli sərkərdəyə böyük diqqət və ehtiramın ifadəsi olan bu sərəncama əsasən onun yubileyi ölkə­mizin hər yerində müxtəlif tədbirlərlə qeyd olunur. Cəmşid Naxçıvanskinin yubileyinin Naxçıvan Muxtar Respublikasında da keçirilməsilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Cəmşid Naxçıvanskinin zəngin və şərəfli döyüş yolunu bugünkü nəslə yaxından tanıtmaq üçün muxtar respublikamızda da silsilə tədbirlər həyata keçirilir.
Cəmşid Naxçıvanskinin fəaliyyəti müxtəlif dövrlərdə Ə.Əliyev, A.Cəfərov, Ş.Nəzərli, M.Quliyev və başqaları tərəfindən dövri mətbuatda işıqlandırılmışdır. Xüsusilə Qafqazşünas alim, Kəngərli generallarının tədqiqatçısı R.N.İvanov tərəfindən general C.Naxçıvanski haqqında yazılmış “Sovet İttifaqı adından” (“Именем Союза Советских. Жизнь и гибель комбрига Нахичеванского”. 2007-ci ildə çapdan çıxıb) kitabı qəhrəmanın döyüş yolu, hərbi xidmətləri, eləcə də taleyi ilə bağlı arxiv sənədlərinə əsaslanır.

Cəmşid Naxçıvanski ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində üzə çıxmamış bir neçə sənədə rast gəldik. Həmin sənədlərdən biri C.Naxçıvanskinin 3 oktyabr 1916-cı ildə İrəvan qubernatoruna qardaşı Teymur xanın cənazəsinin Naxçıvana gətirilməsi ilə əlaqədar xahişnaməsidir. Xahişnamədə yazılır: “Dünən mənim qardaşım, İrəvan gimnaziyasının tələbəsi Teymur xan Naxçıvanski özünü güllələyib. Mərhum qardaşımın meyitini Naxçıvan şəhərinə aparmağa icazə verməyinizi xahiş edirəm. Kornet Naxçıvanski” (Kornet çar süvari qoşununda birinci zabit rütbəsi deməkdir).
Teymur xan Naxçıvanskinin cənazəsinin Naxçıvana aparılması üçün qubernator tərəfindən 4 oktyabr 1916-cı il tarixdə Cəmşid xan Naxçıvanskiyə verilmiş şəhadətnamədə göstərilir: “Verilir tatar (Azərbaycan) atlı polkunun korneti Cəmşid xan Naxçıvanskiyə. Qardaşı, İrəvan kişi gimnaziyasının yetirməsi və İrəvan şəhərində özünü güllələmiş Teymur xan Naxçıvanskinin meyitini metal tabutda Naxçıvan şəhərinə aparmağa icazə verilir. Bu, imza və möhürlə təsdiq olunur”.
Çox təəssüflər olsun ki, Teymur xanın ölümü ilə bağlı istintaq materiallarını əldə edə bilmədiyimizdən bizim üçün onun özünəqəsdinin səbəbləri qaranlıq olaraq qalır. Görəsən, Teymur xan niyə özünə qəsd edib? Bəlkə, ermənilər tərəfindən öldürülüb?
Tarixi sənədlərdə Cəmşid Naxçıvanskinin bir hərbçi kimi Avstriya və Rumıniya cəbhələrində şücaətlə vuruşaraq 3 dəfə yaralandığına rast gəlinir. Həmin vuruşmalardakı rəşadətli döyüşlərinə görə C.Naxçıvanski II, III, IV dərəcəli “Müqəddəs Anna”, II və III dərəcəli “Müqəddəs Stanislav”, IV dərəcəli “Müqəddəs Vladimir”, IV dərəcəli “Müqəddəs Georgi” ordenləri və “Müqəddəs Georgi Silahı” ilə təltif olunmuş və ona gümüş qılınc bağışlanmaqla podpolkovnik rütbəsi verilmişdir.
C.Naxçıvanski hərbi xidmətə erkən başlayaraq sıravi əsgərdən diviziya komandiri rütbəsinədək böyük bir yol keçmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra eskadron komandiri C.Naxçıvanski 1920-ci il aprelin 28-də XI Qızıl Ordunun tərkibinə daxil olan Qarabağ polkuna komandirlik etmiş, sonra Azərbaycan Hərbi Məktəbi rəisinin köməkçisi, Azərbaycan atıcı briqadasının komandiri təyin edilmişdir. Bir çox döyüşlərdə C.Naxçıvanskinin hərbi istedadı özünü bütün dolğunluğu ilə göstərmişdir. Kommunist Partiyası onu 1921-ci ilin sentyabrında Qızıl Ordunun birinci milli dəstəsi olan Azərbaycan atıcı diviziyasına komandir göndərmişdir.
C.Naxçıvanskinin rəhbərlik etdiyi həmin diviziya Qırmızı Bayraq ordenli Qafqaz Ordusunun tərkibində döyüş qabiliyyətli diviziyalardan biri sayılırdı. Bir çox manevrlərdə və taktiki təlimlərdə iştirak etmişdi. XI Qızıl Ordunun köməyi ilə əks-inqilabçı quldur dəstələrini darmadağın etmiş, dəfələrlə Hərbi İnqilab Şurası və SSRİ Xalq Müdafiə komissarı tərəfindən yüksək qiymətləndirilmişdir.
C.Naxçıvanski öz zəngin təcrübəsini və biliyini əsgər və komandirlərə səxavətlə öyrədirdi. Onun rəhbərliyi altında sovet dövlətinin müdafiə qabiliyyətini möhkəmləndirmək sahəsində səmərəli iş aparılmış, ilk hərbi komissarlıqlar yaradılmışdır.
Cəmşid Naxçıvanskinin sovet hakimiyyətinə dərin sədaqəti, habelə yüksək hərbi biliyi və istedadı Qafqaz Ordusu komandanlığının diqqətini cəlb etmiş, o, Azərbaycan Hərbi Məktəbinə rəis təyin olunmuşdur.
Azərbaycan briqadasının bazası əsasında diviziya yaratmaq işində xidmətlərinə görə Azərbaycan Hərbi və Dəniz komissarının 19 dekabr 1921-ci il tarixli əmri ilə C.Naxçıvanskiyə təşəkkür elan edilmiş və gümüş qılınc hədiyyə verilərək o, təzə yaradılmış dağ atıcı diviziyasına komandir təyin edilmişdir.
1923-cü ildə C.Naxçıvanski təhsilini artırmaq üçün V.İ.Leninin təşəbbüsü ilə yaradılmış Fəhlə-Kəndli Qızıl Ordusunun Ali Hərbi Akademiyasına oxumağa göndərilmiş və oxuduğu müddətdə diviziya komandiri vəzifəsində qalmışdır.
1923-cü ildə Moskvada Fəhlə-Kəndli Qızıl Ordusunun Ali Hərbi Akademiyasını bitirənlərin çəkdirdikləri fotoşəkildə adları hərb tarixinə həkk olunmuş sovet sərkərdələrinin, o cümlədən V.K.Blüxer, Y.F.Fabritsius, Q.İ.Kulik, Y.Y.Latsis, N.A.Neestrovski, A.Q.Şirmaxer və başqaları ilə bərabər, Azərbaycan atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanski də vardır.
General-leytenant Yaqub Çanışev C.Naxçıvanski haqqında yazmışdır: “Mən ilk dəfə Cəmşid Naxçıvanski ilə 1920-ci ildə Şərq xalqlarının birinci qurultayında görüşdüm... Fasilə vaxtı onunla N.Nərimanovun qurultaydakı çıxışından, 26 Bakı komissarının dəfn mərasimindən, İran inqilabçılarına kömək üçün qoşunlarımızı yürüşə necə hazırladığımızdan geniş danışdıq... Onunla biz bir də 1923-cü ildə Ali Hərbi Akademiyada kursda olarkən görüşdük.
C.Naxçıvanski Fəhlə-Kəndli Qızıl Ordusunun Ali Hərbi Akademiyasının ali komandir heyəti kursunda əla oxuyurdu, demək olar ki, qoşun növlərinin strategiyasını mükəmməl öyrənmişdi. C.Naxçıvanski, sözün həqiqi mənasında, gözəl vətənpərvər komandir idi. Savadsız könüllülərdən nümunəvi, intizamlı ordu yaratmışdı. Onun səmərəli fəaliyyəti sayəsində sonralar Azərbaycan diviziyası Silahlı Qüvvələrimizin salnaməsinə parlaq səhifələr yazdı”.
C.Naxçıvanskinın istedadlı hərbi rəis kimi yetişməsində məşhur sərkərdələrdən Əliağa Şıxlinskinin və Səmədağa Mehmandarovun xüsusi xidmətləri olmuşdur. Onların köməyilə Azərbaycan diviziyasının atıcıları, topçuları və süvariləri Zaqafqaziya ordusunun taktiki-təlim məşğələlərində birinci yeri tutmuşlar.
Görkəmli sovet sərkərdələri M.V.Frunze, K.Y.Voroşilov, Y.F.Fabritsius bir hərbi rəis kimi C.Naxçıvanskinin şəxsiyyətinin formalaşmasına böyük təsir göstərmişlər. SSRİ Xalq Hərbi Dəniz komissarı və Hərbi İnqilab Şurasının sədri M.V.Frunze Bakıda olarkən Azərbaycan diviziyasının şəxsi heyətinin döyüş hazırlığını və onun komandiri C.Naxçıvanskinin xidmətlərini yüksək qiymətləndirmişdir. Məşhur general Fabritsius isə Azərbaycan dağ atıcı diviziyasının döyüş hazırlığı işini yoxladıqdan sonra yazmışdı: “Diviziyanın fərdi hazırlıq işləri, ümumiyyətlə, kifayətləndirici səviyyədədir. Qış və yay təlimləri məhsuldar keçirilmişdir”.
On il fasiləsiz Azərbaycan diviziyasına komandirlik etdikdən sonra M.V.Frunze adına Hərbi Akademiyaya göndərilən C.Naxçıvanski akademiyanı əla qiymətlərlə qurtarmışdır.
C.Naxçıvanski istər hərbi akademiyada olduğu illərdə, istərsə də diviziyanın və ordunun taktiki məşğələlərində bir qayda olaraq öz dərin biliyini, istedadını, nümunəvi şəxsi keyfiyyətini, qayğıkeş və tələbkar sərkərdə olduğunu göstərə bilmişdir. Elə buna görə də 1933-cü ildə o, S.Orconikidzenin təklifi ilə akademiyada saxlanılmışdır.
1934-cü ildə akademiyanın rəisi B.M.Şapoşnikovun 17 fevral tarixli əmri ilə C.Naxçıvanski akademiyanın əsas fakültəsinin 2-ci kursunda Ümumi taktika kafedrasının rəhbəri təyin edilmişdir. Müəllimlərin və müdavimlərin qərargah əməliyyat oyununun hazırlanması, keçirilməsi və təhlil edilməsində yüksəkkeyfiyyətli işinə görə C.Naxçıvanskiyə təşəkkür elan edilmişdir. 1935-ci il 17 iyun tarixli əmrdə deyilir ki, Naxçı­vanskinin rəhbərlik etdiyi 2-ci kursun müdavimləri döyüş hazırlığında diqqətəlayiq müvəffəqiyyətlər qazanmışlar. Xüsusi qeyd edilmişdir ki, döyüş hazırlığının keyfiyyəti nəzərəçarpacaq dərəcədə yüksəlmişdir.
Dövlət arxivində Cəmşid Naxçıvanski ilə bağlı maraqlı sənədlərdən biri tarix elmləri namizədi mərhum Əli Əliyevin xatirələridir. O yazır: “Mən 1926-1928-ci illərdə əlahiddə irtibat rotasında xidmət etmişəm. İlk dəfə Naxçıvanskini 1927-ci ildə diviziyanın Hacıkənd təlimində görmüşəm. Mən əsgərliyə bir il tez getmişdim. Əsgərlər arasında ən kiçiyi mən idim. O zaman Azərbaycan dağ atıcı diviziyası Zaqafqaziya diviziyaları içərisində birincilər sırasında gedərək böyük şöhrət qazanmışdı. Çünki diviziyaya Əliağa Şıxlinski, Səmədağa Mehmandarov, Cəmşid Naxçıvanski kimi görkəmli sərkərdələr komandanlıq edirdilər və hərbi rütbəyə malik generallar diviziyanın hərbi təlimlərinə xüsusi diqqət yetirirdilər...
...C.Naxçıvanskinin hərbi məharətini, hərbi taktiki qabiliyyətini 1927-ci ilin sentyabr ayında gördüm. Həmin ay başlanan hərbi təlim zamanı mən desant qrupunda iştirak edirdim. Yadımda deyil, bizi hansı sahilə çıxartdılar. Lakin hücuma Qaradağ-Səngəçal tərəfdən başladıq. Qaradağdan başlayaraq Volçi-Vorotayadək bütün ərazi hərbi təlim meydanı idi. Çiskin yağış yağırdı. Qərargahla rabitə yaratmaq çətin idi. Qərargah, səhv etmirəmsə, Bibiheybətə yaxın bir yerdə dayanmışdı. Təlim müvəffəqiyyətlə keçdi. Diviziyanın komandiri C.Naxçı­vanski bizi hərarətlə qarşıladı, təbrik etdi. Belə qərara gəldilər ki, bütün diviziya Bakı şəhərindən keçsin. Komanda heyəti başda olmaqla, diviziya Çəmbərəkənddən enərək Azərbaycan KP MK-nın binasının qarşısından keçdi. MK-nın rəhbər işçiləri hərbi təlimi müvəffəqiyyətlə başa çatdıran diviziyanın döyüşçülərini hərarətlə təbrik etdilər.
C.Naxçıvanskini üçüncü dəfə 1933-cü ildə Moskvada gördüm. Mənim dostum Ələsgər Qasımov Qırmızı Professorlar İnstitutunda oxuyurdu. Onun yanına getmişdim. Ə.Qasımov “Novodeviçi” tərəfində institutun yataqxanasında yaşayırdı. Onun görüşündən qayıdarkən mən tramvaya oturdum, gördüm ki, bir qaraqaş, qaragöz hərbçi ayaq üstə durub hara isə gedir. Mən onu tanıdım. O, Azərbaycan diviziyasının keçmiş komandiri Cəmşid Naxçıvanski idi. Dərhal ayağa durub azərbaycanca salam verib yer göstərdim. C.Naxçıvanski mənə müraciət edərək:
– Siz məni haradan tanıyırsınız? – dedi.
Mən dedim ki, sizin komandir olduğunuz diviziyanın əlahiddə irtibat bölüyündə 1926-1928-ci illərdə xidmət etmişəm. Sizi dəfələrlə görmüşəm. Üç dəfə sizin komandanlığınız altında keçirilən ümumi diviziya təlimlərində iştirak etmişəm. Həm də biz həmyerliyik, naxçıvanlıyam.
Mən cəsarət edib ondan hara getdiyini soruşdum. Dedi ki, Hərbi Akademiyanı qurtarıb Leninqrad Hərbi Dairəsinin sərəncamına gedir. Moskvanın Kropatini prospektində biz görüşüb ayrıldıq”.
Bir neçə dəfə müxtəlif damğalarla həbs edilib qısa müddətdə azad edilməsinə baxmayaraq, 1938-ci il mayın 20-də general-mayor Cəmşid Naxçıvanskini yenidən həbs edirlər. 97 günlük ağır işgəncələrdən sonra SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən onun haqqında 26 avqust 1938-ci il tarixdə verilmiş ölüm hökmü yerinə yetirildi. O, Moskva şəhərinin yaxınlığında yerləşən “Kommunarka” adlı meşə massivindəki kütləvi qəbiristanlıqda dəfn edildi.
Cəmşid Naxçıvanski həyatdan çox tez getmişdir. O, cəmi 43 il yaşamış, ömrünün 26 ilini hərbi işə sərf etmişdir. Onun səyi və iştirakı ilə yaradılmış, möhkəmləndirilmiş Azərbaycan diviziyası öz döyüş ənənələrini davam etdirmiş və daha da zənginləşdirmişdir. Böyük Vətən müharibəsi illərində diviziya Xəzər sahilindən Baltik sahillərinədək şərəfli döyüş yolu keçmiş, Sovet Silahlı Qüvvələrinin salnaməsinə 77-ci “Qırmızı Bayraq” və “Suvorov” ordenli Simferopol atıcı diviziyası kimi daxil olmuşdur.

Görkəmli sərkərdə, hərbi xadim Cəmşid Cəfərqulu xan oğlu Naxçıvanski və digər Naxçıvanskilər, Kəlbəlixanovlar, Kəngərlilərlə bağlı bir çox arxivlərdə, Moskva, Sankt-Peterburq, Gürcüstan, Azərbaycan və digər dövlət arxivlərində hələlik üzə çıxarılmamış sənədlər vardır. Həmin sənədlər canlı tarixdir və tədqiqatçılarını gözləyir.

Fəxrəddin CƏFƏROV
Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi,
tarix üzrə elmlər doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR