23 Dekabr 2024, Bazar ertəsi

Avqustun 14-də Naxçıvan şəhərində İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin birinci “İstehsal və ixracat imkanları” sərgisi açılmışdır.
Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunmuşdur.
Tədbirdə İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom çıxış edərək demişdir ki, bu gün Qərbi Azərbaycan Vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələr uğurla inkişaf etdirilir. Həyata keçirilən qarşılıqlı səfərlər əməkdaşlıq üçün yeni imkanlar açmış, iqtisadi-tica­rət əlaqələri genişləndirilmişdir. Naxçıvan şəhərində təşkil olunan bugünkü sərgi də əlaqələrin inkişa­fı baxımından mühüm əhəmiyyət daşıyır.

İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti ostandarının birinci müavini Əlirza Radfər sərginin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinə səfərini xatırladan Əlirza Radfər demişdir ki, bu səfər zamanı imzalanmış memorandum nəticəsində bu gün əlaqələr sürətlə inkişaf edir. O, qarşılıqlı olaraq belə sərgilərin keçirilməsinin əməkdaşlığın inkişafına əvəzsiz töhfələr verdiyini diqqətə çatdırmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərgi iştirakçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından salamlayaraq demişdir: 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən, o vaxt da İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı olan Qurbanəli Səadətin dəvəti ilə Qərbi Azərbaycan Vilayətinə səfər etmişdir. Səfər zamanı qarşılıqlı əlaqələrin inkişafını özündə əks etdirən memorandum imzalanmışdır. Bu memorandumla Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi Azərbaycan Vilayəti arasında əlaqələrin əsası qoyulmuşdur. Bu gün Azərbaycan-İran əlaqələri ölkə prezidentlərinin səyləri nəticəsində sürətlə inkişaf etdirilir.
Qeyd olunmuşdur ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əlaqələr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və İran İslam Respublikasının yaxın vilayətlərinin rəhbərlərinin qarşılıqlı səfərləri ilə yüksək səviyyəyə çatdırılmışdır. Ali Məclis Sədrinin İran İslam Respublikasının Qərbi və Şərqi Azərbaycan vilayətlərinə səfərləri çərçivəsində iqtisadi, mədəni, təhsil və idman sahələrində əməkdaşlığın inkişafını özündə əks etdirən memorandumların imzalanması əlaqələrin möhkəmlənməsinə əsaslı zəmin yaratmışdır. Bugünkü sərgi də Naxçıvan Muxtar Respublikasının iş adamlarının İran İslam Respublikasının Urmiya şəhərində keçirdikləri sərginin davamıdır.
Sonra açılış lenti kəsilmiş və sərgiyə baxış olmuşdur.
Məlumat verilmişdir ki, İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin 20 şirkətinin iştirak etdiyi sərgi avqustun 18-dək davam edəcəkdir. Sərgidə sənaye və kənd təsərrüfatı, əl işləri, xalçalar və rəsm əsərləri olmaqla, 36 növdə məhsul nümayiş olunur.
Həmin gün Qərbi Azərbaycan Vilayəti ostandarının birinci müavini Əlirza Radfər və qonaqlar Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın istehsal müəssisələrinin məhsullarına baxmış, “Ləzzət Bis­kvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində, “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində və “Naxçıvan bağları” istixana kompleksində istehsalat prosesi ilə tanış olmuşlar.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR