23 Dekabr 2024, Bazar ertəsi

İran İslam Respublikasının inkişaf edən bölgələrindən biri də Qərbi Azərbaycan Vilayətidir. Vilayətin iqtisadi potensialı ilbəil artır. Relyefinin, əsasən, düzənlik və dağlıq zonalardan ibarət olması burada aqrar sahənin inkişafı üçün geniş perspektivlər açır. Digər bir tərəfdən xarici ticarət əlaqələrinin genişləndirilməsi Qərbi Azərbaycan Vilayətini ölkənin ən qaynar bölgələrindən birinə çevirmişdir. Vilayətin ümumi ərazisi 43 min 660 kvadratkilometr, əhalisi, təxminən, 3 milyon 200 min nəfərdir. Əhalinin 53 faizi şəhərlərdə, 47 faizi isə kəndlərdə yaşayır. Burada 17 şəhər, 40 rayon, 38 şəhərtipli qəsəbə və 113 kənd vardır. Qərbi Azərbaycan Vilayətinin paytaxtı qədim yaşayış məskənlərindən olan Urmiya şəhəridir.
Qərbi Azərbaycan Vilayəti şimaldan və şimal-şərqdən Naxçıvan Muxtar Respublikası, qərbdən Türkiyə və İraq respublikaları, cənubdan Kürdüstan Vilayəti, şərqdən isə Şərqi Azərbaycan Vilayəti ilə həmsərhəddir. Vilayət Naxçıvan Muxtar Respublikası ilə 149 kilometrlik su sərhədinə malikdir. Yay aylarında orta temperatur 35 dərəcə təşkil edən Qərbi Azərbaycan Vilayəti ərazisində qış kəskin soyuq və qarla müşahidə olunur. Türkiyə və İraq sərhədləri boyunca əhatə olunan dağlardan axan çaylar bol su ehtiyatı yaradır. Burada çoxlu əkinəyararlı torpaq sahələri mövcuddur. Bütün bunlar da vilayəti ölkənin ən mühüm kənd təsərrüfatı və maldarlıq bölgələrindən birinə çevirmişdir. Təsadüfi deyil ki, Qərbi Azərbaycan Vilayəti meyvəçilik, üzümçülük və bal istehsalı üzrə ölkənin üç əsas vilayətindən biridir. Xüsusən alma və şəkər çuğunduru istehsalı üzrə ölkədə birinci yerdədir.

Qərbi Azərbaycan Vilayəti təbii ehtiyatları ilə zəngin bir bölgədir. Bu resurslardan səmərəli istifadə olunması emal və mədən sənayesinin inkişafına səbəb olmuşdur. Bu gün vilayət mədən sənayesi üzrə ölkədə yalnız Xorasan və Semnan vilayətlərindən geridə qalır. Burada sənayenin digər sahələrinin də inkişafına diqqət yetirilir. Bunun nəticəsidir ki, Qərbi Azərbaycan Vilayəti sənaye istehsalı üzrə ölkənin inkişaf etmiş bölgələrindən birinə çevrilmişdir. Burada illik istehsal gücü 4 milyon ton olan üç sement zavodu, 6 qənd, 26 süd və süd məhsulları istehsalı zavodu, 36 emal müəssisəsi və meyvə qablaşdırma zavodu, 1 polad istehsalı, 2 böyük petrokimya, qızıl və traktor istehsalı zavodları fəaliyyət göstərir. İstehsal olunan məhsullar yüksək ixrac potensialına malikdir. Həmçinin vilayətdə sənətkarlıq da yüksək inkişaf etmişdir. Burada müxtəlif əl işləri yüksək zövqlə hazır­lanaraq satışa çıxarılır.
Qədim tarixə və zəngin mədəniyyətə malik olması Qərbi Azərbaycan Vilayətində turizmin inkişafı üçün geniş imkanlar açır. Yerli və xarici turistlər hər il vilayətin müxtəlif şəhər və kəndlərinə üz tutur, buranın geniş turizm potensialından yararlanırlar. Xüsusilə vilayətin mərkəzi olan Urmiya şəhəri turistlərin ən çox müraciət etdiyi yerdir. Şəhər YUNESKO-nun Mədəni İrs Siyahısına daxil edilmişdir.
Qərbi Azərbaycan Vilayətində 5 gömrük məntəqəsinin fəaliyyət göstərməsi onun iqtisadiyyatının inkişafında əsaslı rol oynayır. Məhz bu amil xarici ticarət dövriyyəsinin genişləndirilməsinə səbəb olmuşdur. Bu gün vilayətin Azərbaycan, Türkiyə, İraq, Türkmənistan, Pakistan, Hindistan, Rusiya və digər Avropa və Fars körfəzi ölkələri ilə geniş ticarət əlaqələri vardır. Təkcə 2013-cü ildə vilayətdə 1 milyard 400 milyon dollar dəyərində xarici ticarət dövriyyəsi olmuşdur ki, bunun da 680 milyon dolları ixracatın payına düşmüşdür. İxrac olunan məhsullar sırasında meyvə, sement və konserv məhsulları üstünlük təşkil edir. Ümumiyyətlə, Qərbi Azərbaycan Vilayəti sənaye və mədən məhsulları istehsalı üzrə ölkə ixracatının 4,5 faizini təşkil edir.
Maku Azad Ticarət və Sənaye Zonası Qərbi Azərbaycan Vilayəti ərazisində 500 min hektar ərazini əhatə edir. Türkiyə Cümhuriyyəti və Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən zonanın nəqliyyat, sənaye, ticarət və digər iqtisadi sahələr üzrə geniş imkanları vardır. Maku Azad Ticarət və Sənaye Zonasının qonşu ölkələrlə, xüsusən də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı və faydalı əməkdaşlıq əlaqələri mövcuddur. İyirmi illik vergidən azadolma, vizasız giriş, heç bir gömrük rüsumu alınmadan sənaye maşınlarının idxalı, işçi qüvvəsinin mövcudluğu, sənaye və tikinti sahəsində ucuz və keyfiyyətli materialların əldə olunması, kənd təsərrüfatı, heyvandarlıq, turizm potensialının yüksək olması xarici investorların marağını cəlb edir və son illər zonada investisiya qoyuluşunda xeyli artım müşahidə olunmuşdur. İranın Türkiyə ilə ən böyük gömrük məntəqəsinin bu zonada yerləşməsi də ticarət imkanlarının artırılmasında mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası ilə Qərbi Azərbaycan Vilayəti arasında geniş əlaqələr mövcuddur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan bu əlaqələr bu gün uğurla davam etdirilir. Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qarşılıqlı əlaqələr ən yüksək səviyyəyə çatmışdır. Həmin dövrdə Şahtaxtı-Poldəşt gömrük-keçid məntəqəsinin fəaliyyətə başlaması və bazar münasibətlərinin formalaşması nəticəsində tərəflər arasında illik 10 milyon dollar ticarət dövriyyəsi olmuşdur.
Tarixi, mədəni, dini dəyərlər və mehriban qonşuluq prinsipi əsasında qurulan münasibətlər bu gün müxtəlif istiqamətlər üzrə daha da inkişaf etdirilir. 2011-ci ilin payızında Urmiya şəhərində beş gün müddətində Naxçıvan Muxtar Respublikasının ilk ticarət və sənaye sərgisi təşkil olunmuşdur. Qərbi Azərbaycan Vilayətinin muxtar respublikada ilk ticarət və sənaye sərgisi isə 2015-ci ilin 14-17 avqust tarixlərində Naxçıvan şəhərində keçiriləcəkdir. Sərgidə 60-dan çox istehsal və sənaye müəssisəsi təmsil olunacaqdır. Son illər qarşılıqlı səfərlər əlaqələrin genişləndirilməsində mühüm rol oynamışdır. 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun vilayətə və 2014-cü ildə Qərbi Azərbaycan ostandarı cənab Qurbanəli Səadətin muxtar respublikaya rəsmi səfərləri əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
Bu gün Naxçıvan Muxtar Respublikası ilə Qərbi Azərbaycan Vilayəti arasındakı əlaqələrin perspektivləri nikbinlik doğurur. Qarşılıqlı səfərlər əməkdaşlıq üçün yeni imkanlar açır, iqtisadi-ticarət əlaqələri genişləndirilir. Bu da münasibətlərin gələcəkdə də ikitərəfli formatda uğurla inkişaf etdiriləcəyindən xəbər verir.

Mənsur AYRIM
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR