“TRAVELPLUS.CN” beynəlxalq turizm jurnalı dünyanın bir çox ölkəsində nəşr olunur. 760 min tirajla çap olunan bu jurnal ən çox satılan nəşrlərdən biridir. Jurnalın növbəti nömrəsində ingilis jurnalistlər Sofiye İbbotson və Maks Lovell-Hoarenin Naxçıvan barədə məqaləsini (www.travelandleisurechina.com/index.yl) qəzetimizin oxucularına təqdim edirik.
Naxçıvan Muxtar Respublikası tərkib hissəsi olduğu Azərbaycan Respublikası ilə quru sərhədə malik deyil. Ermənistan tərəfindən əhatə olunan muxtar respublika 1990-cı ildə Sovet İttifaqından ayrılmışdır.
Bura səfər etmək üçün çətin yer kimi görünə bilər. Ermənistan və Azərbaycan arasında diplomatik əlaqələrin olmaması səbəbindən Ermənistandan bura səfər etmək mümkün deyil. Siz Naxçıvana Bakıdan təyyarə ilə, yaxud İran və Türkiyədən keçməklə avtobus vasitəsilə gələ bilərsiniz. Bura səfər etmək bir az səy tələb edir. Lakin əmin olun ki, burada görməli yerlər çoxdur. “Vice” jurnalı Naxçıvanı Azərbaycanın paytaxtı istisna olmaqla, digər bölgələrlə müqayisədə texnoloji cəhətdən daha müasir surətdə inkişaf etdiyinə görə “Qafqaz dağlarının San-Fransiskosu” adlandırmışdır. Buraya səfər edən xarici turistlər macəra istəyən hər kəsin Naxçıvana səfər etməli olduğunu qeyd etmişlər.
Qədim dövrlərdən bəri Böyük İpək Yolunun üzərində yerləşmiş Naxçıvan regionun iqtisadi və mədəni baxımdan inkişaf etmiş nüfuzlu bölgəsi olmuşdur. Yunan coğrafiyaçısı Ptolomey yazır ki, “Naksuana” (Naxçıvan) böyük ölkənin paytaxtıdır. Daha sonra buraya səyahət edənlər şəhərin gözəlliyini, zənginliyini, qalaların möhtəşəmliyini təsvir edərkən, buranın Çingiz xan tərəfindən istilasını da qeyd edirdilər.
Coğrafi mövqeyinə görə orta əsrlərdə də Naxçıvanda ticarət inkişaf etmişdir. Buradakı şəhərlər öz bacarıqlı sənətkarları, xüsusilə dulusçuları, zərgərləri və şüşə qab düzəldən ustaları, eləcə də səsli və simli musiqi alətləri, çox gözəl xalçalar, ipək parçalar və mis qablar da istehsal edən ustaları ilə tanınmışdır. Qeyd olunan məhsulların dünyanın müxtəlif ölkələrinə aparıldığı, hətta bu malların İtaliya və Çin kimi ölkələrdə mükafatlara layiq görüldüyü qeyd olunmuşdur.
Sovet İttifaqının süqutundan sonra Ermənistan-Azərbaycan münaqişəsi səbəbindən 1990-cı illərin əvvəllərində blokada vəziyyətinə düşmüş Naxçıvan 4 il ərzində ticari böhran yaşamışdır. Lakin daxili investisiyanın inkişafı nəticəsində burada ümumi daxili məhsul 48 dəfə artmışdır. Hazırda Naxçıvanda süd, ət, buğda, yumurta və yun məmulatları daxil olmaqla, 336 adda məhsul istehsal olunur və Naxçıvan öz ərzaq təhlükəsizliyini tam təmin edə bilir.
Naxçıvan Azərbaycanın qida paytaxtı olma iddiasındadır. Əslində, özünü ərzaqla təminetmə addımları təbii və yerli istehsal maraqları ilə də xarakterizə edilir. Bələdçimin mənə dediyi kimi, “qida olmadan mədəniyyət natamamdır”. Xalqın kimliyini bilmək üçün onun mətbəxini tanımalısan. Burada hər növ təzə və dadlı meyvə-tərəvəzlər vardır. Azərbaycanın digər bölgələrindən gələn insanlar böyük xoşbəxtliklə buradakı ət və balın dadından danışırlar və bu məhsullardan dadmaq üçün təyyarə ilə buraya gəlirlər. Naxçıvanda təmiz və içməli su mənbələri vardır. Dağların qoynundan süzülüb gələn bu sulardan yerli araqların istehsalında da istifadə olunur. Yerli əhali bu sularda yuyunmanın insan sağlamlığı üçün yararlı olduğuna inanır. Bakıdan gələn qonaqlar qayıdarkən çantalarında özləri ilə bu sulardan aparırlar.
Naxçıvanda harda qalmaq olar
Siz Duzdağ Hotelində təmiz və sakit bir otaqda gözəl gecələr keçirə bilərsiniz. Naxçıvanda hotellərin qiymətlərinin ölkənin digər yerləri ilə müqayisədə fərqli olmasına baxmayaraq, buradakı suit otaqlar xüsusilə valehedici təsirə malikdir.
Naxçıvana necə gəlmək olar
Azərbaycan Hava Yollarının Pekindən, Çin Cənub Hava Yollarının isə Urumçidən Azərbaycanın dənizkənarı paytaxtı Bakıya birbaşa təyyarə reysi vardır. Həmçinin sizin Moskvadan buraya uçmaq imkanınız da vardır. Ölkə daxilində səyahət etmək və Naxçıvana getmək üçün siz daxili təyyarə reyslərindən istifadə edə bilərsiniz. Əgər kiçik büdcə ilə səyahət edirsinizsə, ümumiyyətlə, taksi xidməti daha əlverişlidir. Qeyd olunanlarla yanaşı, ərazidə avtobuslardan və dəmir yolu nəqliyyatından da istifadə etmək olar.
Çin vətəndaşlarından Azərbaycana səfər etmələri üçün viza tələb olunmur. Turist kimi siz Azərbaycana səfər edə və burada 90 gün müddətində qala bilərsiniz.