Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz 105,2 faiz icra edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 421 min 500 manat çoxdur. 1 iyul 2015-ci il tarixə muxtar respublikanın ticarət və iaşə obyektlərinə 130 ədəd POS-terminal quraşdırılıb, POS-terminallar vasitəsilə aparılan alqı-satqı əməliyyatları 8 milyon 130 min 561 manat təşkil edib.
Bunları Vergilər Nazirliyində keçirilən kollegiya iclasında nazir, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Əli Mahmudov diqqətə çatdırıb.
Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində 1 iyul 2015-ci il tarixə muxtar respublika ərazisində fəaliyyət göstərən banklarda 44761 bank hesabı açılıb. Həmin bank hesablarından 41044 hesab, o cümlədən bu ilin ilk 6 ayı ərzində açılan 6511 hesab aktiv olub. Hesabat dövrü ərzində vergi ödəyiciləri tərəfindən 5866 bəyannamə təqdim edilib. Bu bəyannamələr uyğunsuzluq yoxlamasından keçirilərək 163 vergi ödəyicisinə kameral qaydada 10 min 68 manat əlavə hesablama aparılaraq ödənilməsi təmin edilib. 12 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına və 1623 fiziki şəxs sahibkarlıq qeydiyyatına alınıb. Həmin sahibkarlıq subyektlərinin 91,2 faizi muxtar respublikanın rayonlarının payına düşüb. Vergi nəzarəti tədbirləri çərçivəsində audit strukturları tərəfindən hesabat dövründə başa çatdırılan 86 səyyar vergi yoxlaması nəticəsində 36 min 400 manat əlavə vəsait hesablanıb, 19 min 300 manat maliyyə sanksiyası tətbiq edilib və tamamilə büdcəyə ödənilməsi təmin olunub.
Əli Mahmudov qeyd edib ki, vergitutma bazasının genişləndirilməsi və vergidən yayınma risklərinin azaldılması sahəsində görülən tədbirlərin nəticəsində öz əmlaklarını icarəyə verərək gəlir əldə edən 2153 fiziki şəxs tərəfindən 44 min 863 manat vergi məbləğinin büdcəyə ödənilməsi təmin edilib.
2015-ci ilin birinci yarımilində yerli vergi orqanlarında qeydiyyatda olan 2743 işəgötürən fiziki şəxs tərəfindən büdcəyə 45 min 30 manat ödənilib.
Məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2015-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Xalid İsgəndərov açaraq məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasında nazirliyin qarşısında konkret vəzifələr qoyulmuşdur. Həmin vəzifələrdən geniş bəhs edən nazir diqqətə çatdırmışdır ki, ötən müddətdə makroiqtisadi sabitliyin qorunması bütün sahələrdə muxtar respublikanın yüksək templə inkişafına şərait yaratmış, qazanılan uğurlar dövlət büdcəsinin gəlirlərinə də öz təsirini göstərmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2015-ci ilin birinci yarısında bütün mənbələr hesabına 31 milyon 733 min manat proqnoza qarşı 35 milyon 709 min 290 manat və ya 112,5 faiz icra olunmaqla, 3 milyon 976 min 290 manat artıq vəsait daxil olmuşdur. Hesabat dövründə büdcə daxilolmalarının 81,1 faizi və ya 28 milyon 970 min 980 manatı Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi, 16,1 faizi və ya 5 milyon 749 min 794 manatı Dövlət Gömrük Komitəsi, 2,8 faizi və ya 984 min 296 manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxil olmuş, 4 min 220 manatı isə digər daxilolmalar vasitəsilə təmin edilmişdir. Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin xərcləri 2015-ci ilin birinci yarısında 214 milyon 567 min 763 manat dürüst təyinata qarşı 176 milyon 563 min 457 manat və ya 82,3 faiz icra edilmişdir. Adıçəkilən dövrdə sosialyönümlü xərclərə büdcədən 86 milyon 474 min 525 manat vəsait yönəldilmişdir ki, bu da büdcə xərclərinin 49 faizini təşkil edir. Ümumilikdə, cari ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərclərinin 90,1 faizi və ya 159 milyon 87 min 990 manatı cari xərclər, 9,9 faizi və ya 17 milyon 475 min 467 manatı əsaslı xərclər olmuşdur.
Xalid İsgəndərov 2015-ci büdcə ilinin uğurla başa çatdırılması üçün maliyyə orqanlarına verilən tapşırıqların vaxtında, dəqiq və layiqincə yerinə yetirilməsinin zəruriliyini vurğulamışdır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilmişdir.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində bu ilin ilk yarımilinin yekunlarının müzakirə edildiyi kollegiya iclasında komitənin sədri Kamal Cəfərov məruzə edərək bildirib ki, komitə tərəfindən 10267 təsərrüfat subyektindən 24876 ədəd hesabat yığılıb.
Komitə aparatının müvafiq şöbələri tərəfindən 23 adda, o cümlədən “1 yanvar 2015-ci il tarixə muxtar respublikada mal-qaranın sayı haqqında”, “2014-cü ildə Naxçıvan Muxtar Respublikasının əsas demoqrafik göstəriciləri haqqında”, “2014-cü ildə Naxçıvan Muxtar Respublikasında təhsil, səhiyyə, mədəniyyət, pensiya təminatı və idmanın vəziyyəti haqqında”, “2015-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafı haqqında” təhlili məruzələr hazırlanıb. Kənd təsərrüfatı sahəsi üzrə aktual məlumatların əldə edilməsi və dəqiq statistik uçotun aparılmasında kənd təsərrüfatının siyahıya alınması mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 fevral tarixli qərarına əsasən, 2015-ci ilin iyun ayının 1-dən 30-dək muxtar respublikada kənd təsərrüfatının siyahıya alınması keçirilib. Bir ay ərzində təsərrüfat subyektlərindən əldə olunmuş göstəricilərin hazırda elektron variantda işlənilməsi prosesi davam edir.
Statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olan təsərrüfat subyektlərinin göstəricilərinin aktuallaşdırılması görülmüş tədbirlər nəticəsində nəzərdə tutulmuş vaxtda başa çatdırılıb. Statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olan bütün müəssisələrlə əlaqə yaradılıb, müvafiq göstəricilər dəqiqləşdirilib. Bu dövr ərzində hesabat intizamına cəlb olunmayan hüquqi şəxs qalmayıb.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin 2015-ci ilin birinci yarısının yekunlarına dаir kollegiya iclasında məruzə ilə çıхış еdən İqtisadiyyat və Sənaye nаziri Famil Sеyidоv qеyd etmişdir ki, muxtar respublikamızda iqtisadi və sosial sahədə bütün makroiqtisadi göstəricilərin pozitiv meyilli yüksəlişi təmin olunmuş, 2015-ci ilin 6 ayı ərzində ümumi daxili məhsulun həcmi 2014-cü ilin müvafiq dövrünə nisbətən 5,5 faiz artaraq 1 milyard 87 milyon manat təşkil etmişdir.
Bildirilmişdir ki, cari ilin müvafiq dövründə kənd təsərrüfatı məhsulları istehsalı və emal sənayesini əhatə etməklə 28 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, yüngül, yeyinti sənayesi və tikinti materialları istehsalı ilə yanaşı, kənd təsərrüfatı və xidmət təyinatlı 47 yeni sahənin yaradılması istiqamətində işlər davam etdirilmişdir.
Muхtаr rеspublikаdа fəаliyyəti bərpа еdilmiş və yа yеni qurulmuş müəssisələrdə istehsal olunan məhsulların növü 354-ə çatmış, 336 növdə məhsulа оlаn tələbаtın tаmаmilə yеrli istеhsаl hеsаbınа ödənilməsi təmin edilmişdir.
Əvvəlki illərdə olduğu kimi, 2015-ci ilin ötən dövründə də sahibkarlığın inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sahibkarlarla işgüzar görüşü, onlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar daha yüksək nailiyyətlərin əldə olunmasına şərait yaratmış, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizə çatmışdır.
2015-ci ildə kreditlərin verilməsi dаvаm еtdirilmiş və 20 layihənin maliyyələşdirilməsinə 7 milyon manat həcmində güzəştli kreditlər verilmişdir.
İxrac və investisiya imkanlarının təşviqi, sahibkarların biznes əlaqələrinin genişləndirilməsi və muxtar respublikada istehsal olunan məhsullаrın tanıdılması 2015-ci ilin ötən dövründə də davam etdirilmiş, ölkə daxilində və хаricdə kеçirilən 14 tədbirdə 56 sahibkarın iştirakı təmin olunmuşdur.
Kollegiya iclasında işdə buraxılan nöqsan və çatışmazlıqlar da təhlil edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Sonda məruzə ətrafında çıxışlar olmuşdur.
* * *
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində 2015-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. Kollegiya iclasını komitənin sədri Müslüm Cabbarzadə açaraq məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılmış, eləcə də Ali Məclis Sədrinin 27 may 2015-ci il tarixli Fərmanı ilə komitənin əsasnaməsi təsdiq edilmişdir.
Komitə sədri bildirmişdir ki, sahibkarların girov predmetinə yönəldilmiş əmlaklarının real bazar dəyərinə uyğun qiymətləndirilməsi komitənin müvafiq struktur bölməsinin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. Bu günədək bununla əlaqədar 38 müraciətə baxılmış, girov qoyulacaq əmlaklar bazar dəyərinə uyğun olaraq qiymətləndirilmiş və sahibkarlara müvafiq sənədlər verilmişdir.
Daşınmaz əmlakın real bazar konyunkturasına uyğun olaraq qiymətləndirilməsi işlərinin mütəşəkkil və operativ şəkildə həyata keçirilməsi məqsədilə bazar qiyməti əsasında qiymətləndirilmiş əmlakların məlumat bankının yaradılması üçün xüsusi komissiya yaradılmışdır. Ötən dövr ərzində 105 əmlaka dair məlumat banka yerləşdirilmişdir. Hazırda bu iş davam etdirilir.
Vurğulanmışdır ki, 2015-ci ilin birinci yarısında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində əmlakla bağlı səyyar xidmət göstərilmiş, ümumilikdə, cari ilin ilk 6 ayı ərzində 32 kənddə səyyar xidmət göstərməklə 845 ədəd əmlakla bağlı müraciətlərə baxılaraq müvafiq sənədlər hazırlanmış və hüquq sahiblərinə verilmişdir.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq muxtar respublikanın Sədərək, Şərur, Kəngərli, Culfa, Ordubad, Babək rayonlarının və Naxçıvan şəhərinin ərazisində olan eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlar müvafiq dövlət orqanlarının mütəxəssisləri ilə birlikdə komitə tərəfindən naturada müəyyən edilmişdir. Həmin ərazilər plana alınmış, onların eksplikasiyası tərtib olunmuş və xəritələşdirilmişdir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilmişdir.
* * *
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasını Səhiyyə naziri Niyazi Novruzov açaraq məruzə etmişdir.
Bildirilmişdir ki, əhalinin sağlamlığının qorunmasında tibb müəssisələrinin müasir tələblərə uyğun fəaliyyətini təmin etmək məqsədilə son illər ərzində 200-dən çox səhiyyə müəssisəsi müasir standartlara uyğun qurularaq istifadəyə verilmişdir. Bu tədbirlər cari ilin birinci yarısında da davam etdirilmiş, 8 tibb müəssisəsi, həmçinin Yoluxucu Xəstəliklər Mərkəzi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublika Xəstəxanasının əsaslı təmiri və 14 tibb müəssisəsinin tikintisi davam etdirilir.
Vurğulanmışdır ki, əhali rifahının davamlı yüksəlişi demoqrafik vəziyyətə təsirini göstərmiş, muxtar respublikada 2015-ci ilin 6 ayı ərzində 3046 uşaq doğulmuş, təbii artım 2060 nəfər təşkil etmişdir.
Muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək üçün ucqar dağ kəndlərində yüksək səviyyəli səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları fəaliyyətini davam etdirmişdir. Yerlərdə əhalinin müayinə-müalicə işi təşkil edilmiş, qadın təhsil işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi mammoqrafiya müayinələri, eyni zamanda ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə I-XI sinif şagirdləri arasında tuberkulin sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəbyaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik, psixiatrik, endokrinoloji müayinələri aparılmışdır.
Bu müddət ərzində Bakı şəhərindən və Türkiyə Respublikasından müxtəlif ixtisaslar üzrə yüksəkixtisaslı həkim kollektivləri muxtar respublikaya dəvət olunmuş və Naxçıvan həkimləri ilə birgə fəaliyyət göstərərək xeyli sayda əməliyyatlar həyata keçirmişlər.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində keçirilən kollegiya iclasında komitənin sədri Əsgər Əsgərov məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, 2015-ci ilin birinci yarısında rayon Suvarma Sistemləri idarələri tərəfindən çay və selovlarda istiqamətləndirici bəndlərin salınması davam etdirilmiş, sahilbərkitmə işi aparılmış, 84,25 kilometr beton və torpaq kanallar, 11,5 kilometr suvarma, 45,16 kilometr içməli su, 12,78 kilometr kaptaj, 17,95 kilometr təzyiqli boru xətləri təmir olunmuş, 47,16 kilometr yeni suvarma, 17,8 kilometr yeni içməli su, 6,7 kilometr yeni təzyiqli boru və 1,5 kilometr yeni kaptaj xətləri çəkilmişdir.
Kəhrizlər İdarəsi tərəfindən 12 ədəd kəhrizdə təmir işləri aparılmış, 6 ədəd kəhrizdə təmir işləri başa çatdırılmış və 6 ədəd kəhrizdə bu işlər davam etdirilir.
Naxçıvan şəhərində “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində 1,89 kilometr şəhərdaxili kanalizasiya şəbəkəsi çəkilmiş, 50 ədəd ev kanalizasiya şəbəkəsinə qoşulmuş və 960 ədəd ev birləşməsi aparılaraq sayğac quraşdırılmışdır.
Bildirilmişdir ki, cari ilin birinci yarısında mövcud sututarlara 230,5 milyon kubmetr su yığılmışdır. Su istifadəçilərinə 170,97 milyon kubmetr suvarma suyu verilmiş, bunun müqabilində isə təkrar suvarma da nəzərə alınmaqla, 98 min 470 hektar əkin sahəsi suvarılmışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
* * *
Naxçıvan Muxtar Respublikası Satınalmalar üzrə Dövlət Agentliyində keçirilən yığıncaqda agentliyin direktoru Qardaşxan Əliyev çıxış edərək bildirmişdir ki, 2015-ci ilin 6 ayı ərzində muxtar respublikanın müəssisə və təşkilatları tərəfindən 75 satınalma proseduru həyata keçirilmişdir. Müsabiqə yolu ilə keçirilmiş prosedurlar üzrə bağlanmış satınalma müqavilələrinin qiyməti 31 milyon 523 min 762 manat təşkil etmişdir və satınalma predmetlərinin ehtimal olunan 2,83 faizinə qənaət edilmişdir.
Ümumilikdə, 2015-ci ilin 6 ayı ərzindəki qənaətin 26303 manat və ya 2,86 faizi açıq tender üsulu ilə keçirilən satınalmalardan, 134157 manat və ya 14,60 faizi kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalardan, 758596 manat və ya 82,54 faizi isə təkliflər sorğusu üsulu ilə keçirilən satınalmalardan əldə olunmuşdur.
Qardaşxan Əliyev yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır ki, cari ilin birinci yarısında dövlət vəsaiti hesabına 1894578 manat məbləğində ərzaq məhsulları, 475132 manat məbləğində dərman preparatları, 134240 manat məbləğində dəftərxana ləvazimatları və təsərrüfat malları, 147847 manat məbləğində əşya əmlakları, 1280800 manat məbləğində mal-material, hidrotexniki avadanlıqlar və əsas vəsaitlər, 273081 manat məbləğində qaz təsərrüfatında təmir işləri satın alınmış, 27318084 manat məbləğində əsaslı tikinti və yenidənqurma işləri həyata keçirilmiş, 75 satınalma müsabiqəsindən 919056 manat dövlət vəsaitinə qənaət edilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda keçirilən iclasda fondun sədri Rasim Hüseynov çıxış edərək bildirmişdir ki, 2015-ci ilin I yarımilində fond müvafiq dövlət orqanları ilə birlikdə işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanmasına nəzarəti gücləndirmiş, 312 sahibkarlıq obyektində 161 yeni əmək müqaviləsi bağlanmış, 816 əmək müqaviləsində isə əməkhaqqı artırılmışdır. Bəhs olunan dövrdə fondun hesabına 25 milyon 552 min manat plana qarşı 30 milyon 454 min 740 manat vəsait daxil olmuş, proqnoz tapşırıqlara 119,2 faiz əməl edilmişdir.
Diqqətə çatdırılmışdır ki, məcburi dövlət sosial sığorta haqlarının onlayn ödəmə rejimində həyata keçirilməsi, vətəndaşların sosial sığorta və pensiya hüquqlarının qorunması məqsədilə onların həmin sistemdə fəal iştiraka cəlb edilməsi, müvafiq dövlət orqanları ilə birlikdə işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət edilməsi, avtomatlaşdırılmış pensiya təyinatı və sığorta-pensiya sistemində həyata keçirilən islahatlarla bağlı muxtar respublika əhalisinin məlumatlandırılması sahəsində təbliğat və maarifləndirmə işləri gücləndirilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
* * *
Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsində keçirilən iclasda idarənin rəisi Fəxrəddin Cəfərov məruzə ilə çıxış edib.
Bildirib ki, 2015-ci ilin iş planına əsasən, sənəd materiallarının tikilməsi və cildlənməsi sahəsi üzrə 4500 plana qarşı 6 ayda 3005 saxlama vahidi tikilərək qaydaya salınıb ki, bu da illik iş planının 66,8 faizi deməkdir. Sənədlərin bərpası maddəsi üzrə 5 min plana qarşı 6 ayda 3027 vərəqə bərpa edilib ki, bu da illik planın 60,5 faizini təşkil edir. Sənədlərin təsviri maddəsi üzrə 3 minə qarşı 3493 iş yerinə yetirilib. Bu isə illik planın 6 ayda yerinə yetirilməsi deməkdir.
Sənədlərin mövcudluğu və vəziyyətinin maddəsi üzrə illik plan 150 min işin mövcudluğuna qarşı yarımildə 85204 iş mövcudluq vəziyyəti yoxlanılaraq fondlarda, həmçinin 2 min plana qarşı 1800 foto və 200 kino sənədə qarşı 72 iş mövcudluğu yoxlanılaraq yeni alınan karton qutularda yerləşdirilib.
2015-ci ilin 6 ayında Sədərək, Kəngərli Şahbuz və Babək Rayon Dövlət arxivlərində kompleks yoxlamalar və ictimai baxış keçirilərək iş planlarının yerinə yetirilmə vəziyyəti, görülmüş işlərin keyfiyyəti və vətəndaşlar tərəfindən daxil olan sosial-hüquq xarakterli ərizə və sorğulara verilmiş 275-ə yaxın arxiv arayışları yoxlanılaraq təhlil edilib.
Fəxrəddin Cəfərov qeyd edib ki, rayon dövlət arxivlərində sənədlərin mövcudluğu vəziyyəti, eləcə də sənədlərin yenidən işlənməsi maddəsi üzrə işlər qənaətbəxş olmayıb. Tərtib edilmiş kompleks yoxlama arayışlarında sadalanan bu nöqsanlar yazılıb və rayon arxiv müdirlərinə bildirilib, tezliklə bunların aradan qaldırılması haqda göstərişlər verilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Şərur Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni icra başçısı İbrahim Məmmədov açaraq rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların fəaliyyətini təhlil etmiş, sənaye və kənd təsərrüfatı sahələrində, sahibkarlıq subyektlərində qazanılan uğurlar barədə danışmış, işdə buraxılan nöqsanları müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.
Qeyd olunmuşdur ki, 2015-ci ilin birinci yarısında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 36 milyon 671 min manatdan çox və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox investisiya yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 2,3 faiz artaraq 34 milyon 262 min manatdan çox olmuşdur.
Bəhs olunan dövrdə əhaliyə 348 min 458 manatlıq poçt və rabitə xidməti göstərilmişdir. Bu dövr ərzində 556 mənzilə yeni telefon xətti çəkilmişdir.
Rayonda 8 ədəd müxtəlif güclü transformator yarımstansiyası quraşdırılmış, 25,1 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq elektrik verilişi xətlərinin çəkilişi başa çatdırılmışdır. 48 yeni evə elektrik xətti çəkilmişdir. Lakin rayon Elektrik Şəbəkəsinin işində bəzi nöqsanlar hələ də qalmaqdadır. Rayonun müxtəlif ərazilərində primitiv üsulla çəkilmiş xətlərə, sayğacdankənar istifadəyə rast gəlinir, elektrik verilişində bəzən uzun fasilələr yaranır, enerji haqqının yığılması vaxtında və düzgün təşkil olunmur, reydlər keçirilmir.
Bildirilmişdir ki, qazdan qanunsuz istifadə hallarına qarşı mübarizə tədbirləri davam etdirilmiş, bu dövr ərzində qazdan qanunsuz istifadə hallarına görə 5 nəfər abonent 2 min 300 manat məbləğində cərimə olunmuşdur. Görülən tədbirlərə baxmayaraq, qaz nəzarətçilərinin zəif işinin nəticəsidir ki, qazdan qanunsuz istifadə halları baş verir, bəzi abonentlərin aylarla yığışıb qalan borclarının ödənilməsində çətinliklər yaranır.
İctimai iaşə obyektlərində, ticarət, məişət xidməti obyektlərində və satış bazarlarında sanitar-gigiyena qaydalarının tətbiqinə nəzarət məqsədilə rayonun kəndlərində və şəhər ərazisində Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılmış yoxlamalar zamanı 93 akt tərtib edilmişdir.
2015-ci ilin birinci yarımilində vergilər və digər icbari ödənişlər üzrə 1 milyon 395 min manat proqnoz tapşırığa qarşı 1 milyon 507 min 500 manat vəsaitin büdcəyə ödənilməsi təmin edilərək proqnoz tapşırığa 108,1 faiz əməl edilmiş, büdcəyə proqnozda nəzərdə tutulandan 112 min 500 manat artıq vəsait cəlb olunmuşdur. Bütün tədiyə növləri üzrə vergi tapşırıqları yerinə yetirilmişdir.
Rayon Məşğulluq Mərkəzində 2015-ci ilin birinci yarısında 319 nəfər işaxtaran qeydiyyata alınmış, həmin vətəndaşlardan 262 nəfəri müxtəlif sahələrdə daimi işlə təmin olunmuşdur. 6 ay ərzində 1 əmək yarmarkası keçirilmiş, yarmarkada 67 işaxtaran vətəndaş daimi işlə, kənd təsərrüfatı məhsullarının becərilməsi ilə əlaqədar 20 nəfər müvəqqəti işlə təmin olunmuşdur. 36 işaxtaran vətəndaş peşə yönümünə cəlb edilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
* * *
Ordubad Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni icra başçısı Elşad Məmmədov açmış və məruzə ilə çıxış etmişdir.
Bildirmişdir ki, 2015-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 29 milyon 62 min 800 manat və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox investisiya yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 2 faiz artaraq 26 milyon 851 min 200 manat təşkil etmişdir. Bəhs olunan dövrdə bir neçə obyekt istifadəyə verilmiş, hazırda tikinti-quruculuq tədbirləri müxtəlif ünvanlarda davam etdirilir.
Qeyd olunmuşdur ki, 2015-ci ilin ölkəmizdə, eləcə də muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan edilməsi torpaq mülkiyyətçilərinin üzərinə mühüm vəzifələr qoymuşdur. Rayonda bu vəzifələrin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 2150 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunun da 1308 hektarı buğda, 842 hektarı arpa sahələri olmuşdur. Əkin sahələrindən 5798 ton məhsul tədarük edilmişdir. 574 hektarda kartof, 672 hektarda tərəvəz əkilmiş, bu sahələrdə də bol məhsul yetişdirilmişdir.
İcra başçısı xidmət sahələrində görülmüş işlərdən də danışaraq bildirmişdir ki, bəhs olunan dövrdə Ordubad rayonu üzrə informasiya və rabitə xidmətlərinin həcmi 1568,3 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövründəki xidmətin həcmi ilə müqayisədə 0,8 faiz çoxdur.
Müşavirədə hesabat dövrü ərzində işdə buraxılmış nöqsanlar barədə ətraflı təhlillər aparılmış, həmin nöqsanların aradan qaldırılması yolları müzakirə edilmişdir.
Məruzə ətrafında rayon Maliyyə Şöbəsinin müdiri Bəxtiyar Əsgərovun, Statistika İdarəsinin rəisi Namiq Babayevin, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Rəşadət Orucovun çıxışları olmuşdur.
* * *
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsində cari ilin birinci yarısına dair hesabat iclası keçirilib.
İdarə rəisi Vüqar Babayev məruzəsində dövlət-din münasibətlərinin tənzimlənməsindən və qarşıya qoyulan vəzifələrdən danışıb.
Qeyd edilib ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsi milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində fəaliyyətini genişləndirib. Bu məqsədlə də muxtar respublikanın rayonlarında dini icma sədrləri, eləcə də fəal dindarların iştirakı ilə “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iclaslar keçirilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsi muxtar respublika qazisi ilə birlikdə vaxtaşırı rayon və kənd məscidlərində olaraq yerlərdə yas mərasimlərinin keçirilməsi, din xadimlərinin vahid geyim formasının təşkili, dini və məzhəb ayrı-seçkiliyi zəminində baş verə biləcək halların vaxtında qarşısının alınması ilə bağlı söhbətlər aparılıb, bu istiqamətdə yerli dindarlara müvafiq təlimatlar verilib. Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də icmaların fəaliyyətlərinə ciddi nəzarətin təşkil olunması məqsədilə hər ay Naxçıvan şəhərindəki Heydər məscidində icma rəhbərləri ilə iclaslar keçirilib, onlara dini icmaların fəaliyyətlərini təkcə dini məsələlər ətrafında deyil, həm də Vətənimiz, dövlətimiz və cəmiyyətimiz üçün ümummilli maraqlar müstəvisində qurmaları istiqamətində tapşırıqlar verilib.
Bildirilib ki, hesabat dövründə maarifləndirmə işinin təşkili məqsədilə mütəmadi olaraq yerli kütləvi informasiya vasitələrində verilişlər hazırlanıb, İslam dininin əsaslarına dair məqalələr hazırlanaraq icmalara paylanılıb.
Xəbərlər şöbəsi