Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2015-ci ilin birinci yarımilində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasını komitənin sədri Cəfər Muxtərov açaraq geniş məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, həyatımızın bütün sahələrində əldə edilmiş nailiyyətlər belə deməyə əsas verir ki, muxtar respublika bu gün öz sosial-iqtisadi inkişafının yeni müstəvisinə qədəm qoymuşdur. Bunu ilk olaraq Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tikinti-quruculuq işləri sahəsində görmək olar. Cari ilin yanvar-iyun ayları ərzində muxtar respublikada 6162 milyon manat həcmində tikinti-quruculuq tədbirlərinin həyata keçirilməsi regionda belə tədbirlərin davamlı xarakter almasının göstəricisidir.
Qeyd edilmişdir ki, bəhs olunan dövrdə böyükhəcmli quruculuq tədbirlərindən təhsil sahəsinə xeyli pay düşmüşdür. Onlarla məktəb binası yenidən qurulmuş, tikilmiş və ya yenidən qurulmaqda və tikilməkdədir. Bu dövrdə uşaqlara göstərilən diqqət və qayğı davam etdirilmiş, Şahbuz şəhərində 242 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmışdır.
İlin ilk 6 ayı ərzində səhiyyə sahəsində də xeyli quruculuq işi aparılmışdır. Naxçıvan şəhərində Yoluxucu Xəstəliklər Mərkəzi, Şərur rayonunun Püsyan, Cəlilkənd, Culfa rayonunun Bənəniyar kəndlərində həkim ambulatoriyaları üçün binalar tikilmişdir.
Komitə sədri kollegiya iştirakçılarının diqqətinə çatdırmışdır ki, Naxçıvan Muxtar Respublikasında hüquq-mühafizə orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, onlara normal iş şəraiti yaradılması məqsədilə bir sıra quruculuq tədbirləri həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzinin binalarının tikintisi başa çatdırılmışdır.
Quruculuq tədbirləri kənd yaşayış məntəqələrini də əhatə etmiş, kənd və xidmət mərkəzləri üçün binaların, digər sosial obyektlərin inşası davam etdirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin rəisi Rəvayət İmanovun, Ordubad Rayon İdarəsinin rəisi Əkrəm Salmanovun çıxışları olmuşdur.
Kollegiya iclasında çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov bildirmişdir ki, muxtar respublikada hesabat dövrü ərzində təhsil, mədəniyyət, səhiyyə, rabitə, energetika və digər sahələr də daxil olmaqla müasir tələblərə cavab verən yeni obyektlər istifadəyə verilmiş, yollar salınmış, körpülər tikilmiş, istehsal və xidmət sahələrinin yaradılması istiqamətində işlər davam etdirilmişdir. Sosial problemlərin həllinə xidmət edən infrastruktur sahələri yaradılmışdır.
Cari ilin 6 ayı ərzində muxtar respublikada tikinti-quraşdırma işlərinə sərf olunmuş investisiyaların həcmi 2,7 faiz artaraq 468 milyon 102 min manat olmuşdur ki, bu da əsas kapitala yönəldilmiş investisiyanın 88,7 faizini təşkil edir.
2015-ci ilin yanvar-iyun aylarında muxtar respublikanın tikinti təşkilatları tərəfindən öz imkanları hesabına gördükləri işlərin həcmi 386 milyon 263 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur.
Qeyd olunan dövr ərzində muxtar respublikanın tikinti sahəsində 10652 nəfər işçi çalışmışdır. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Tikinti sahəsində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 2014-cü ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artaraq 445,5 manat olmuşdur.
2015-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada 154 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur. 189 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.
Qeyd olunmuşdur ki, 2015-ci ilin birinci yarısında qazanılan uğurlarla yanaşı, işdə bir sıra nöqsan və çatışmazlıqlar da müşahidə edilmişdir.
Keyfiyyətsiz iş, israfçılıq, məsuliyyətsizlik komitənin idarə və müəssisələrində özünü göstərmişdir. Bu baxımdan podratçı təşkilatların işinə nəzarət ciddi surətdə aparılmalı və nəzarət mexanizminin gücləndirilməsi üçün müvafiq tədbirlər görülməlidir.
Çatışmazlıqlar və ciddi nöqsanlar, əsasən, komitənin Babək, Culfa, Ordubad rayon idarələrinin işində daha çox müşahidə olunmuşdur. Həmin idarələr obyektlərdə iş zamanı tələskənliyə yol verir, keyfiyyətsiz işlər görürlər ki, bu da əlavə xərc hesabına başa gəlir. Bu əlavə xərclər tikinti təşkilatının öz vəsaiti hesabına aparıldığına görə idarələrin rentabelliyinə də mənfi təsir göstərir.
Baş nazirin birinci müavini bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin idarələrinin rəhbərliyi deyilənləri nəzərə almalı, əlavə tədbirlər görməli, cari ilin ötən dövrü ərzində buraxılan nöqsan və çatışmazlıqları aradan qaldırmalıdırlar.
Asəf Məmmədov kollegiya iştirakçılarının nəzərinə çatdırmışdır ki, komitənin texniki nəzarətçiləri obyektlərdə keyfiyyətsiz işlərə yol verilməməsi üçün diqqəti daha da artırmalı, obyektlərdə nizam-intizamı, eləcə də nəzarəti gücləndirməlidirlər. Naxçıvan Muxtar Respublikasında tikinti sahəsində kadr çatışmazlığını nəzərə alaraq Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsi ilə kadr hazırlığı üçün əməkdaşlıq qurulmalı və gənc kadrların işə cəlb olunması təmin edilməlidir.
* * *
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində keçirilən iclasda Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev məruzə edərək bildirib ki, bu ilin birinci yarısında nazirliyin icra xidmətinin bölmə və qruplarının icraatına 1406 icra işi daxil olub, bunlardan 232 işin icrası başa çatdırılıb. 1065 iş icraya yönəlib, 21 iş geri qaytarılıb, 67 iş ərazi aidiyyəti üzrə göndərilib. 3 işin icraatı dayandırılıb, 18 iş üzrə isə axtarış qərarı verilib.
Əhaliyə göstərilən hüquqi xidmətin yüksəldilməsi və keyfiyyətinin artırılması diqqət mərkəzində saxlanılıb. Qeydiyyat və notariat şöbəsi tərəfindən 2015-ci ilin birinci yarımilində 2 qeyri-kommersiya hüquqi şəxs qeydiyyata alınıb, 4 qeyri-kommersiya hüquqi şəxs reyestrdən çıxarılıb, 7 reyestrə dəyişiklik edilib. Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı təkrar şəhadətnamələrin verilməsi, sənədlərin leqallaşdırılması və qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı 4982 manat rüsum dövlət büdcəsinə ödənilib. Ümumilikdə, 27324 müxtəlifməzmunlu notariat əməliyyatları aparılıb, dövlət büdcəsinə 200941 manat dövlət rüsumu ödənilib. Müqayisə göstərir ki, cari ilin hesabat dövründə ötən ilin hesabat dövrünə nisbətən əməliyyat sayında 976 fakt, dövlət rüsumunun həcmində isə 14776 manat artım olub.
Məruzəçi bildirib ki, bəhs edilən dövrdə rayon (şəhər) Qeydiyyat şöbələri tərəfindən 6496 əməliyyat aparılıb və dövlət büdcəsinə 10367 manat dövlət rüsumu ödənilib. 2015-ci ilin hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların sayında 304 fakt, dövlət rüsumunun həcmində isə 751 manat artım qeydə alınıb. Ekspertiza fəaliyyətinin təkmilləşdirilməsi, verilmiş rəylərin dəqiq olması, ekspertlərin bilik səviyyələrinin artırılması nazirliyin diqqət mərkəzində olub, ekspertlərin ixtisasartırma kurslarına göndərilməsi təmin edilib. Hesabat dövründə Məhkəmə Ekspertiza Mərkəzinin Naxçıvan filialının icraatına 64 ekspertiza işi daxil olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 iş azdır. Keçirilən ekspertizalar üzrə 8423 obyekt tədqiq olunub. İcra olunan ekspertizaların ümumi dəyəri 2050 manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 870 manat azdır.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi