Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci il iyunun 2-də “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Ölkə başçısının Sərəncamında deyilir: “1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmış, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərmişdir. “Əkinçi”nin bəyan etdiyi prinsipləri rəhbər tutan və onun ənənələrini davam etdirən Azərbaycan mətbuatı sonrakı illərdə dövrün mütərəqqi fikirlərini əks etdirmiş, cəmiyyəti düşündürən məsələləri ictimai müzakirəyə çıxarmış, milli-mənəvi dəyərlərin təbliğində, insanların maariflənməsi və milli şüurun formalaşmasında, xalqımızın müstəqillik arzularının gerçəkləşməsində mühüm rol oynamışdır”.
Azərbaycanın maarifpərvər ziyalısı Həsən bəy Zərdabinin təşəbbüsü ilə çap olunan ilk Azərbaycan dilli mətbuat orqanı “Əkinçi”nin məqsədi maarifçilik hərəkatına təkan verərək milli şüuru oyatmaqdan ibarət idi. “Əkinçi”nin dərc olunmasında dövrün tərəqqipərvər ziyalıları – Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Fətəli Axundzadə yaxından iştirak etmişlər. Qəzet maarifçi yazılarla çıxış edərək dövrün bütün çatışmazlıqlarını ifşa edir, “ifrat adətlərə görə pıçıltını eşitməyən yuxulu insanları qamçı ilə oyatmağa” cəhd edir, mədəni geriliyi, avamlığı tənqid atəşinə tuturdu. Millət yolunda xidməti özü üçün amala çevirən qəzet bütün var qüvvəsi ilə xalqın maariflənməsi uğrunda mücadilə aparırdı. “Əkinçi”də qəzet əməkdaşlarının və qəzetin vəzifəsi dəqiq müəyyənləşdirilmiş, qəzetin xalqın dərdi-sərinin, problemlərinin güzgüsünə çevrilməsi zərurəti mühüm vəzifə kimi qarşıya qoyulmuşdur: “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Yəni o vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə onların hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görər kimi görsün”.
2 il fəaliyyət göstərən və 56 nömrəsi işıq üzü görən “Əkinçi”nin Azərbaycanın ictimai-siyasi fikir tarixində, elmin, mədəniyyətin inkişafında böyük rolu olmuşdur. Ancaq sovet hakimiyyəti illərində dövlətin ideoloji tələbləri söz azadlığına, mətbuatın demokratik prinsiplərlə inkişafına imkan vermirdi. Bütün bu maneələri 1969-cu ildə hakimiyyətə gələn dahi rəhbər, ulu öndər Heydər Əliyev aradan qaldırmış, həyatımızın digər sahələri ilə yanaşı, mətbuatımız da hərtərəfli inkişaf yoluna qədəm qoymuş, özünün qayğıkeş hamisini tapmış, müxtəlif informasiyaların operativ şəkildə yayılmasında, ölkə vətəndaşlarının maarifləndirilməsində ideoloji vasitəyə çevrilmişdir.
Demokratik cəmiyyətin ayrılmaz tərkib hissəsi olan, mütərəqqi idealların carçısına çevrilən, xalqın ülvi arzularının reallaşmasına öz töhfəsini verən söz tribunamız müstəqillik illərində yenə də məhz dahi şəxsiyyət Heydər Əliyevin sayəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ümummilli liderimiz hər zaman kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı roluna yüksək qiymət vermiş, ölkəmizdə jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmışdır. Qısa zamanda kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur.
Ulu öndərin 1998-ci il avqustun 16-da imzaladığı “Söz, fikir, məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin fəaliyyəti dayandırılmış, senzura aradan qaldırılmışdır. Bu, Sovetlər Birliyinə daxil olan respublikalar içərisində ilk addım idi. Həmçinin bu fərmanla Azərbaycanın bütün mətbuat və informasiya orqanları əlavə dəyər vergisindən azad edilmişdir. Ulu öndərin bu istiqamətdə gördüyü ən mühüm işlərdən biri də 2000-ci il martın 27-də imzaladığı “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” Fərmandır. Bu tarixi sənəd ölkəmizdə mətbuata dövlət qayğısının daha bir təzahürü kimi yüksək dəyərə malikdir. “Mən jurnalistlərə, mətbuat orqanlarına böyük hörmətlə yanaşıram. Sizin əməyinizi çox ağır, mürəkkəb əmək hesab edirəm. Özünü bu peşəyə həsr edənlər əsl hünər göstərirlər”, – deyən ümummilli liderimizin adıçəkilən fərmanı Azərbaycanın ictimai fikir tarixində mühüm rolu olan mətbuatın daha sürətli inkişafına şərait yaratmış, respublika mətbuatında öz dəst-xətti olan qələm sahibləri yüksək dövlət mükafatlarına layiq görülmüşlər.
Ulu öndər deyirdi: “Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hislərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfələrini vermişdir”. Təbii ki, bu töhfələr də mətbuatımıza ulu öndərin böyük qayğısından qaynaqlanırdı. Belə qayğının davamı kimi ümummilli liderin 2001-ci il dekabrın 27-də imzaladığı “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı da mühüm əhəmiyyət daşıyır.
Ümummilli liderimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qəbul etmişdir. Ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin olunması, tam sərbəst şəraitdə yüzlərlə qəzet və jurnalın nəşri mətbu fəaliyyətin maneəsiz həyata keçirilməsinə yaradılmış şəraitin, mətbuata dövlət qayğısının bariz nümunəsidir.
2000-ci il martın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncama əsasən muxtar respublikanın bütün rayonlarında fəaliyyət göstərən mətbuat orqanları normal iş şəraiti ilə təmin edilmiş, onların maddi-texniki bazaları gücləndirilmişdir. Muxtar respublikada Televiziya və Radio Şurasının, Mətbuat Şurasının yaradılması və fəaliyyətinin genişləndirilməsi də bu sahədə işin keyfiyyətinə müsbət təsir göstərmişdir.
Ümumiyyətlə, son 20 ildə bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş muxtar respublikanın kütləvi informasiya orqanlarını da əhatə etmişdir. Bu gün muxtar respublikanın hər bir şəhər və rayonunun özünün mətbu orqanı vardır və onların dövriyyəliyi təmin edilmişdir. Artıq 10 ildən çoxdur ki, muxtar respublikanın mərkəzi mətbuat orqanı olan “Şərq qapısı” qəzeti həftədə 5 dəfə nəşr olunur. 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyasının, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin yeni binasının və mətbəənin açılışı olmuş, müasir iş şəraiti yaradılmışdır. Mətbəədə quraşdırılan müasir çap avadanlıqlarının hesabına artıq muxtar respublikada işıq üzü görən bütün qəzet və jurnallar rəngli, yüksək poliqrafik keyfiyyətlə nəşr olunurlar.
Jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da mətbuatın inkişafında mühüm amildir. Naxçıvan Dövlət Universitetində Jurnalistika və dünya ədəbiyyatı kafedrası fəaliyyət göstərir, hər il onlarla gənc jurnalist yetişir. Həmçinin buradakı “Universitet televiziyası” və “Nuhçıxan” radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə yiyələnir, ixtisaslı kadr kimi Naxçıvan mətbuatına öz töhfələrini verirlər. Bu gün artıq muxtar respublikanın kütləvi informasiya vasitələrində çalışanların böyük əksəriyyətinin gənclərdən ibarət olması bunu bir daha təsdiq edir.
Göstərilən qayğının müqabilində yeni dövrün quruculuq və inkişaf tarixini yazmaq, milli maraqları daim uca tutmaq, cəmiyyət həyatına dərindən nüfuz etmək, qədim tariximizi, milli dəyərlərimizi yaşatmaq, maarifçilik işi aparmaq bu gün jurnalistlərin qarşısında duran əsas vəzifələrdir. Unutmamalıyıq ki, milli demokratik mətbuatın “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş prinsipləri müasir dövrdə də öz aktuallığını saxlayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Mətbuat dövrün güzgüsüdür. Gələcək nəsillər tariximizi öyrənmək üçün indiki qəzetlərə, televiziya verilişlərinə müraciət edəcəklər. Odur ki, tariximiz öz əksini düzgün tapmalıdır. Hər bir kütləvi informasiya vasitəsi işçisi bilməlidir ki, o, bu günün gələcək nəsillərə daşıyıcısıdır. Ona görə də hər günün tarixi yazılmalı, gedən proseslər düzgün işıqlandırılmalıdır”.
“Şərq qapısı”