Gömrük əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş daha bir cəhdin qarşısı alınıb. Faktla bağlı araşdırma zamanı məlum olub ki, Azərbaycan Respublikasının vətəndaşı, 1963-cü ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində doğulmuş Bakı şəhər sakini Allahverdiyev Fərzalə Şahsuvar oğlu Biləsuvar sərhəd-keçid məntəqəsindən keçməklə İran İslam Respublikasından əldə etdiyi narkotik vasitəni Naxçıvana gətirmək və buradan da hava yolu ilə Bakıya aparmaq istəyib.
O, bu məqsədlə əvvəlcədən tanıdığı İran vətəndaşı ilə telefon əlaqəsi yaradaraq Ərdəbil şəhərinə gedib. Üç gün orada özü üçün kirayələdiyi evdə qalıb. Adı istintaqa məlum olan şəxslə də elə o evdə görüşüb, narkotik vasitəni, necə deyərlər, hazır vəziyyətdə – boğazdan keçə biləcək xırda bükümlər halında təhvil alıb. Narkotikanı gömrük nəzarətindən yayındırmaq məqsədilə bükümləri qatıqla bir-bir udaraq bədən daxilində gizlədib.
Gömrük əməkdaşları tərəfindən Culfa sərhəd-keçid məntəqəsində şübhəli şəxs qismində saxlanılan vətəndaş Allahverdiyev Fərzalə Şahsuvar oğlunun üzərində şəxsi yoxlama aparılıb və ondan 38 ədəd xırda bükümlər halında 130 qram narkotik vasitə – heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açılıb.
Araşdırma zamanı məlum olub ki, vətəndaş Allahverdiyev Fərzalə Şahsuvar oğlu bundan əvvəl bir dəfə narkotik qaçaqmalçılığı üzrə, bir dəfə də qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə həbs olunub. Həbsxanadan ötən il çıxıb. Törətdiyi növbəti cinayət əməlinə görə vətəndaş Allahverdiyev Fərzalə Şahsuvar oğlu 3 ildən 7 ilədək həbs cəzasına məhkumluqla üzləşib.
Qeyd edək ki, vətəndaşlar tərəfindən İrandan əldə edilən narkotikanı Naxçıvan ərazisinə keçirmək və buradan hava yolu ilə Bakıya aparmaqla bağlı bundan əvvəl də müəyyən cəhdlər olub. Son iki ildə belə faktlar üzrə dörd Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq həbs edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti