Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Şahbuz rayonunda “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Dövlət orqanlarında sənədlərlə işin təşkili və dövlət qulluqçularının reyestrinin aparılması” mövzularında seminar keçirilib. Seminarı rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova açaraq tədbirin mahiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Etibar Musayev və komissiyanın nümayəndəsi Arzuman İmanov çıxış edərək tədbir iştirakçılarına mövzu ilə bağlı ətraflı məlumat veriblər. Bildirilib ki, 31 may 2007-ci il tarixdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanun dövlət qulluqçuları üçün etik davranış qayda və prinsipləri, həmçinin onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanunun birinci maddəsində qeyd olunur ki, etik davranış qaydaları dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qanunun müddəalarına əməl etməyə borcludur.
Qeyd olunub ki, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borclarını yerinə yetirməyə borcludurlar. Onlar bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdırlar. Dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməli, dövlət qulluğu vəzifələrinin icrası ilə bir araya sığmayan, onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Eyni zamanda dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.
Vurğulanıb ki, dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. O, özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrini yerinə yetirməsinə təsir etməsinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalı, qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.
“Dövlət orqanlarında sənədlərlə işin təşkili və dövlət qulluqçularının reyestrinin aparılması” haqqında seminar iştirakçılarına məlumat verilərək bildirilib ki, dövlət qulluqçularının şəxsi işinin aparılması qaydaları, dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlığın aparılması, Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması qaydaları, dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları, dövlət orqanları tərəfindən komissiyaya göndərilən sənədlərdə daha çox rast gəlinən nöqsanlar və onların aradan qaldırılması yolları qanunlarla tənzimlənməlidir.
Tədbirin sonunda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi