23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş“2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin davamlı xarakter aldığını sübut edən mühüm dövlət sənədidir. Proqramın qəbul olunmasında başlıca məqsəd muxtar respublikada əhalinin məşğulluğunun təmin edilməsinə, əmək bazarının dəyişən tələblərinə uyğun müasir peşə hazırlığı kurslarının təşkilinə köməklik göstərməkdən ibarətdir.

Proqramdan irəli gələn vəzifələrin həyata keçirilməsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin də üzərinə mühüm vəzifələr düşür. Bununla əlaqədar xidmətlə əlaqə saxladıq. Öyrəndik ki, məşğulluq xidməti orqanları Vergilər Nazirliyindən alınmış siya­hıya əsasən, muxtar respublika ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan boş iş yerləri haqqında məlumatların toplanmasını təmin edərək işaxtaran vətəndaşların peşə və ixtisaslarına uyğun olaraq həmin iş yerlərinə göndərilməsini həyata keçirir. Görülən işlərin nəticəsidir ki, 1 yanvar 2014-cü il tarixdən 1 avqust 2015-ci il tarixədək məşğulluq xidməti tərəfindən 4385 işaxtaran öz peşə və ixtisaslarına uyğun münasib işlə təmin olunub.

Əhalinin məşğulluğunun təmin edilməsində aktiv məşğulluq tədbiri olan əmək yarmarkalarının xüsusi yeri var. Ona görə də rübdə bir dəfə Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayon mərkəzlərində əmək yarmarkaları keçirilir. Bəhs olunan dövrdə də qrafik üzrə yarmarkaların keçirilməsi diqqətdə saxlanılıb, bu yarmarkalarda 1275 işaxtaran münasib işlərlə təmin edilib. Son illər müxtəlif nazirliklərdə də əmək yarmarkalarının keçirilməsinə başlanılıb. Adıçəkilən müddətdə təhsil sahəsi üzrə keçirilən əmək yarmarkasında 93, səhiyyə sahəsi üzrə keçirilən əmək yarmarkasında isə 11 nəfər öz peşə və ixtisaslarına uyğun münasib işlə təmin olunublar.
Qeyri-məşğul əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə haqqıödənilən ictimai işlərin təşkilinə də ciddi önəm verilib. Bu dövrdə 480 nəfər haqqıödənilən ictimai işlərə cəlb edilib.
Həyata keçirilən tədbirlər sırasında milli xalq tətbiqi sənətinin təbliği məqsədilə evlərdə xalça toxunuşu ənənəsini davam etdirmək üçün “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” devizi altında sosial qayğıya ehtiyacı olanların haqqıödənilən ictimai işlərə cəlb edilməsi də var. Bu məqsədlə 23 şəxslə müqavilə bağlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Sağlamlıq imkanları məhdud qadınlar da diqqətdə saxlanılıb, 24 nəfər sağlamlıq imkanları məhdud qadın müəyyənləşdirilərək yun corab toxunuşu həyata keçirilib.
Tətil günlərində işləmək istəyən gənclərin mövsümi və haqqıödənilən ictimai işlərə göndərilməsi məqsədilə müxtəlif ali məktəblərin 35 tələbəsi müvəqqəti xarakterli işlərə göndərilib.
Əmək bazarında dəyişikliklərin baş verməsi ixtisasartırma, yeni peşələrə yiyələnmək kimi proseslərin aktuallığını artırır. Bunun üçün əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması, onun rəqabət gücünün artırılması və iqtisadi fəallığının yüksəldilməsi, milli xalq tətbiqi sənətinin yaşadılması məqsədilə əmək bazarında peşələrə olan tələbat müəyyənləşdirilərək həmin tələbata uyğun müasir peşə kurslarının açılması təmin edilir. Dövlət Məşğulluq Xidməti bu müddət ərzində rübdə bir dəfə olmaqla müəssisələrdə sorğu keçirib və Naxçıvan Regi­onal Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşələr üzrə hazır­lıq kursları təşkil edilib və bu kurslara 662 nəfər cəlb olunub.
Sosial müdafiəyə xüsusi ehtiyacı olanların, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial reabilitasiyası məqsədilə 1 yanvar 2014-cü il tarixdən 1 avqust 2015-ci il tarixədək sağlamlıq imkanları məhdud 124 nəfər peşə kurslarına cəlb edilib. Əlavə olaraq, Penitensiar Xidmətin Cəzaçəkmə müəssisəsində kompüter, misgərlik və ağac üzərində oyma sənətləri üzrə kurslar təşkil olunub. Kvota yerlərində sosial müdafiəyə xüsusi ehtiyacı olan 152 nəfərin işlə təmin olunmasına köməklik göstərilib.
Həyata keçirilən tədbirlər nəticəsində 2015-ci ilin may-iyul aylarında kəndlərdəki xidmət mərkəzlərində fəaliyyət göstərən bərbər, gözəllik salonu və dərzi sexlərində olan vakant yerlərdə 22 bərbər, 13 qadın bərbəri və 5 dərzi işlə təmin olunub.
Bu dövrdə peşə hazırlığı, haq­qı­ödənilən ictimai işlər, vakansiyalar və işəgötürənlərin işçi qüvvəsinə olan tələbləri barədə məlumatlar bu məqsədlə yaradılmış (isaxtar.nmr.az) internet saytında yerləşdirilib.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR