Muxtar respublikamızda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərin tərkib hissəsi kimi nəqliyyatın sıx olduğu yerlərdə yeraltı və yerüstü piyada keçidlərinin inşasına xüsusi diqqət yetirilir, əhalinin təhlükəsiz və rahat hərəkəti təmin edilir.
Elə bu il aprelin 7-də Naxçıvan şəhərindəki “Azərbaycan” küçəsində yeni yerüstü piyada keçidinin istifadəyə verilməsi bu sahədə görülən tədbirlərin davamı kimi diqqəti çəkir. Ancaq təəssüf ki, vətəndaşlarımızın əksəriyyəti onlar üçün yaradılmış şəraitdən düzgün istifadə etmir. Elə bu günlərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının piyadalarla bağlı keçirdiyi reyd zamanı bir sıra nöqsanlar aşkar olunub. Ancaq tətbiq edilən ən son texnoloji yeniliklər bu problemi aradan qaldıracaq. Bu barədə müxbirimizə Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Əyyub Babayev məlumat verib:
– Bu gün muxtar respublikada yol hərəkəti təhlükəsizliyinin təmin olunması diqqət mərkəzində saxlanılır. Yol infrastrukturunun tamamilə yenidən qurulması, magistral yollarda sürətölçən radar sisteminin və nəzarət-izləmə kameralarının quraşdırılması, Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının nəqliyyat və müasir texniki avadanlıqla təmin olunması hərəkətin təhlükəsizliyinə və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına xidmət edir. Bu tədbirlərdən biri də Dövlət Yol Polisi İdarəsinin istifadəsinə verilmiş planşetlərdir. Yol hərəkət qaydalarını pozan vətəndaşlar polis əməkdaşlarımıza üzərlərində şəxsiyyət vəsiqəsinin olmadığını bəhanə edərək cərimə sanksiyasından yayınmağa çalışır və ya özləri haqqında səhv məlumat verirdilər. Bu da işimizi çətinləşdirirdi. Verilən planşetlər çətinlikləri aradan qaldıraraq işimizi xeyli asanlaşdıracaq. Planşetlər imkan verəcək ki, vətəndaşın kimliyi haqqında verdiyi məlumat yoxlanılsın, piyadanın üzərində sənədləri olmadan belə, həmin qaydanı pozan vətəndaş üçün protokol tərtib edilsin. Qeyd edim ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə haqqında protokol yazılmış vətəndaşlar bu cəriməni yerində pos-terminal və yaxud bank vasitəsilə ödəyə bilərlər. Əks halda vətəndaş məhkəmə məsuliyyətinə cəlb olunur. Məqsəd insanların təhlükəsizliyini təmin etməkdir. Hamı yaradılmış şəraitdən qanunlar çərçivəsində istifadə etməlidir.
Sara ƏZİMOVA