23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhəri

Avqustun 14-də Naxçıvan Şəhər İcra Hakimiyyətində 1941-1945-ci illər müharibəsində arxa cəbhədə fəallıqları ilə seçilən vətəndaşlara yubiley medallarının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Nazilə Ləzgiyeva çıxış edərək bildirib ki, tarixin bütün dövrlərində Azərbaycanın mərd oğul və qızları xalqımıza məxsus olan fədakarlıq, vətənpərvərlik kimi ən ali keyfiyyətləri ilə seçiliblər. 1941-1945-ci illər müharibəsində cəbhəyə yollanan və arxa cəbhədə fəallıqları ilə seçilən azərbaycanlılar müharibədə yaxından iştirak edərək tarixi qələbənin qazanılmasına öz töhfələrini veriblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müharibə və arxa cəbhə veteranlarına göstərilən dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindən biridir. Əmək pensiyaları və müavinətlərin artırılması, hər il 9 May – Qələbə Günü münasibətilə birdəfəlik müavinətlərin verilməsi, minik avtomobilləri ilə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması veteranlara dövlət tərəfindən göstərilən diqqətin nəticəsidir. Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da müharibənin ağır və çətin sınaqlarından keçən müharibə və arxa cəbhə veteranlarının vətənpərvərliyi Vətənə xidmət nümunəsi kimi hər zaman yüksək qiymətləndirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq, Naxçıvan şəhərində müvafiq tədbirlər görülür.

Vurğulanıb ki, alman faşizmi üzərində qazanılmış qələbədən bizi 70 illik bir zaman məsafəsi ayırır. Bu qələbənin qazanılmasında ön cəbhədə şücaət göstərən soydaşlarımızla bərabər, arxa cəbhədə fədakar əməyi ilə cəbhəyə köməklik göstərənlər də az olmayıb. Ölkə başçısı cənab İlham Əliyev onların bu əməyini yüksək qiymətləndirərək arxa cəbhə veteranlarını qələbənin 70 illik yubiley medalı ilə təltif edib.
Sonra “Azərbaycan Respublikasından olan iştirakçıların “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2015-ci il tarixli Sərəncamına uyğun olaraq təltif edilən Naxçıvan şəhərindən 50 nəfər arxa cəbhə veteranına medallar təqdim olunub.
Arxa cəbhə veteranları Əli Məmmədov və Sultan İsmayılov təltif olunanlar adından çıxış edərək əməklərinə verilən yüksək qiymətə gö­rə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Şərur rayonu

Avqustun 14-də Şərur Rayon İcra Hakimiyyətində də “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalının arxa cəbhə veteranlarına təqdim olunması mərasimi keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Kamal Ələkbərov çıxış edərək faşizm üzərində qələbənin qazanılmasında digər xalqlar kimi, azərbaycanlıların da göstərdikləri misilsiz igidlik və qəhrəmanlıqları, respublikamızın bu dəhşətli müharibədə təkcə canlı qüvvə ilə deyil, təbii resursları ilə də iştirak etdiyini xatırlatmışdır.
Vurğulanmışdır ki, Böyük Vətən müharibəsində 4 min 7 nəfər şərurlu iştirak etmiş, bunların 394 nəfəri həlak olmuş, 1395 nəfəri itkin düşmüşdür. Bu gün rayonda 10 nəfər Böyük Vətən müharibəsi iştirakçısı, 239 nəfər arxa cəbhə veteranı vardır. Müharibə iştirakçıları və arxa cəbhə veteranları hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.
Hamıya məlumdur ki, respublikamız müstəqillik qazandığı ilk illərdə hakimiyyətdə olanlar veteranlara diqqət və qayğını nəinki unutmuşdular, hətta onlara yad nəzərlərlə baxırdılar. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra müharibə veteranlarının sosial-məişət şəraitinin, maddi rifahının yaxşılaşdırılması, müalicələrinin təşkili istiqamətində əsaslı tədbirlər həyata keçirilməyə başlandı, bunun üçün müvafiq fərman və sərəncamlar imzalandı.
Qeyd olunmuşdur ki, bütün bunlar bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Ölkə başçısının sərəncamı ilə Böyük Vətən müharibəsi veteranlarına, müharibədə həlak olanların və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik yardım edilməsi, müharibə iştirakçılarına minik maşınlarının verilməsi bunun bariz ifadəsidir.
Kamal Ələkbərov tədbirdə iştirak edən arxa cəbhə veteranlarını qələbənin 70-ci ildönümü münasibətilə təsis olunmuş yubiley medalı ilə təltif edildiklərinə görə təbrik etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Nurlan Cəfərov, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası rayon təşkilatının sədri Əli Qəribov və başqaları çıxış edərək veteranlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildirmişlər.
Sonda veteranlara “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı və onun vəsiqəsi təqdim olunmuşdur. Yubiley medalı səhhəti ilə əlaqədar tədbirdə iştirak edə bilməyən veteranlara evlərində çatdırılmışdır.

Babək rayonu

Babək rayonunda keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əbdülhüseyn Zamanov çıxış edərək babəklilərin 1941-1945-ci illər müharibəsinin ilk günlərindən başlayaraq həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar göstərdiklərini bildirmişdir.
Qeyd olunmuşdur ki, tarixən Azərbaycanın mərd oğul və qızları xalqımıza məxsus olan fədakarlıq, vətənpərvərlik kimi ən ali keyfiyyətləri ilə seçilmişlər. Onlar bu keyfiyyətləri 1941-1945-ci illər müharibəsində də göstərmiş, faşizm üzərində qələbə qazanılmasında fəal iştirak etmişlər. Xalqımızın mərdliyinin və igidliyinin ifadəsi idi ki, minlərlə azərbaycanlı dəhşətli müharibənin başlandığı ilk gündən döyüş cəbhəsinə yollanmışdı. Arxa cəbhədə qalanlar isə yaşlı kişilər, qadınlar və yeniyetmələr idi. Onlar döyüşə gedənləri əvəz etmək üçün bütün qüvvələri ilə çalışırdılar. Bu da qanlı-qadalı döyüşlərdə vuruşan, qələbə əzmi ilə düşmənə ciddi zərbələr vuran igid eloğullarımıza mənəvi dəstək idi.
Vurğulanmışdır ki, müharibəyə indiki Babək rayonu ərazisindən 1275 nəfər yollanıb. Müharibəyə gedənlərdən 1058 nəfəri qəhrəmancasına həlak olub, bir çoxu müxtəlif orden və medallarla təltif edilib. Bu dövrdə babəklilər müharibədə qələbəni təmin etmək üçün döyüşən orduya yaxından və hərtərəfli köməklik göstərib, arxa cəbhədə çalışan zəhmətkeşlər əsl şücaət və əzmkarlıq nümayiş etdiriblər. Qələbə qazanılmasında igidlik göstərən müharibə veteranları bu gün də hərtərəfli dövlət qayğısı ilə əhatə ediliblər. Ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir. Dövlət başçısının 2014-cü il 30 aprel tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında”, “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamları bunun parlaq ifadəsidir.
Azərbaycanın hər yerində olduğu kimi, muxtar respublikamızda da 1941-1945-ci illər müharibəsində böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin mənəvi, hərbi-vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Amiləddin Abdullayev “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalını arxa cəbhə veteranlarına təqdim edib.
Arxa cəbhə veteranları adından çıxış edən Qurban Hüseynov onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Həmin gün rayonun 84 yaşlı Qahab kənd sakini, arxa cəbhə veteranı Qəzənfər Zamanova evində baş çəkilib, yubiley medalı təqdim olunub.

Ordubad rayonu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2015-ci il tarixli Sərəncamı ilə “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilmiş arxa cəbhədə fədakarlıq göstərən 112 nəfər Ordubad rayon sakininə yubiley medalı təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin şöbə müdiri Etibar İsmayılov çıxış edərək vurğulayıb ki, muxtar respublikamızda Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə fərqlənən şəxslərə yüksək diqqət və qayğı göstərilir. Müharibə veteranlarının hamısı minik avtomobilləri ilə təmin edilib. Bu il ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə müharibə veteranları, onların ailə üzvləri və arxa cəbhədə fədakarlıq göstərmiş şəxslərə birdəfəlik maddi yardım göstərilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin rəisi, mayor Vüqar Rəhimli, Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Ordubad Rayon Təşkilatının sədri Fərrux Nağızadə çıxışlarında Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ön və arxa cəbhədə fədakarlıq nümunəsi göstərmiş vətəndaşlarımıza dövlətin göstərdiyi qayğıdan söhbət açıblar.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının Ordubad Rayon Şöbəsinin sədri Raqib Baxşıyev Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, müharibə iştirakçılarına göstərilən qayğıya görə minnətdarlığını bildirib.
1941-1945-ci illərdə arxa cəbhədə fədakarlıq göstərmiş rayon sakinlərindən Səttar Səttarov, Məhərrəm Əliyev, Abbas Əlverdiyev və başqaları dövlətin onlara göstərdiyi hərtərəfli diqqət və qayğıya görə tədbir iştirakçıları adından öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda Böyük Vətən müharibəsi zamanı arxa cəbhədə fədakarlıq göstərmiş rayon sakinlərinə “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı təqdim edilib.

Culfa rayonu

Culfa rayonunda keçirilən tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasımov açaraq culfalıların arxa cəbhədəki fəallıqlarından danışmışdır.
Qeyd olunmuşdur ki, 1941-1945-ci illər müharibəsində keçmiş SSRİ-nin tərkibində olan digər müttəfiq respublikalar kimi, Azərbaycanın da minlərlə oğul və qızı istər döyüşən orduda, istərsə də arxa cəbhədə misilsiz döyüş və əmək rəşadəti nümayiş etdirmişdir. Azərbaycanlılardan ibarət 416-cı, 336-cı, 402-ci, 271-ci, 77-ci və 223-cü milli diviziyalarımız Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçdiyi kimi, xalqımız arxa cəbhədə də ordunu müxtəlif döyüş ləvazimatları, geyim, ərzaqla təmin etmək üçün fədakarlıq nümunəsi göstərmişdir.
Ölkəmizin paytaxtı Bakı şəhərində, əsasən, neft məhsulları, hərbi sursat istehsal olunurdusa, digər bölgələrimiz kimi, Culfa rayonunda da insanlar döyüşən ordunu ərzaqla, geyimlə təmin etmək üçün var qüvvələri ilə çalışırdılar.
1941-1945-ci illər müharibəsi dövründə Culfa rayonunun kəndlərində əmək qabiliyyətli bütün insanlar “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı altında cəbhədə vuruşanları ərzaqla təmin etməyi özlərinin vətəndaşlıq borcu saymışlar.
Vurğulanmışdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Böyük Vətən müharibəsi veteranları ilə yanaşı, arxa cəbhə veteranlarının da əməyi yüksək qiymətləndirilmişdir. Bu siyasət bu gün də davam etdirilir və ölkə Prezidenti cənab İlham Əliyev 1941-1945-ci illər müharibəsində həm döyüşən orduda, həm də arxa cəbhədə iştirak etmiş insanlara qayğı ilə yanaşır, onlara sosial yardımların göstərilməsinə ciddi önəm verir.
Bildirilmişdir ki, bugünkü tədbirdə də təqdim olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı arxa cəbhə veteranlarına göstərilən qayğının daha bir təzahürüdür.
Sonra Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsinin rəisi, mayor Vüsal Məmmədov arxa cəbhə veteranlarını təbrik etmiş, 25 veterana yubiley medalı təqdim olunmuşdur. 70 veterana isə medallar evlərində çatdırılmışdır.

Kəngərli rayonu

Kəngərli Rayon İcra Hakimiyyətində keçirilən tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə İsgəndərova açaraq Böyük Vətən müharibəsi illərindən danışmışdır. Qeyd etmişdir ki, bəşər tarixində ən dəhşətli müharibələrdən biri sayılan 1941-1945-ci illər müharibəsində Azərbaycan Respublikasının əhalisi də döyüşlərdə şücaətlə iştirak etmiş, cəbhə üçün əllərindən gələni əsirgəməmişdir. Bu gün iftixarla qeyd etmək yerinə düşərdi ki, həmin qanlı-qadalı illərdə rayonumuzun ərazisindən minlərlə insan müharibəyə səfərbər olmuşdur. Müharibədə döyüşən insanlarla bərabər, arxa cəbhədə öz əməyi ilə müharibəyə köməklik göstərən insanlar da az olmamışdır.
Bildirilmişdir ki, müharibə illərində müəssisələrdə və kolxozlarda işləyənlərin 70 faizi qadınlar idi. Xalqımızın imkanlı nümayəndələri öz şəxsi vəsaitlərindən müdafiə fonduna qızıl, gümüş, rubl verirdilər. Cəbhəyə vaqonlarla isti geyim göndərilirdi.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsinin rəisi, mayor Həsən Məmmədov çıxış edərək qeyd etmişdir ki, 1941-1945-ci illərdə qazanılmış qələbədə 3 amil həlledici rol oynamışdır. Onlardan biri – Bakı nefti Azərbaycanın cəbhəyə köməyi idi. O vaxt Bakı ölkə neftinin 70 faizini verirdi. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, “Əgər Bakının nefti olmasaydı, sovetlər ittifaqının qələbəsi mümkün deyildi”.
Arxa cəbhə iştirakçılarının həmin illərdə göstərdiyi hünər heç də ön cəbhə iştirakçılarının qəhrəmanlığından geri qalmayıb. Ölkədə müharibə veteranlarına dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindən biridir. Arxa cəbhədə fədakar əməyi olmuş şəxslər hər birimizə örnək olacaq bir ömür yolu keçib. Arxa cəbhə iştirakçılarının göstərdiyi bu şücaət dövlətimiz tərəfindən daim qiymətləndirilmiş, bu gün də qiymətləndirilməkdədir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasından olan iştirakçıların “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilməsi haqqında” 2 fevral 2015-ci il tarixli Sərəncamı veteranlar tərəfindən ruh yüksəkliyi ilə qarşılanmışdır. Təltif olunanlar arasında Kəngərli rayonundan da 31 nəfər vardır.
Çıxışlardan sonra arxa cəbhə iştirakçılarına qələbənin 70 illiyi münasibətilə medallar təqdim olunmuşdur. Təqdimatdan sonra arxa cəbhə veteranı Adil Zeynalov çıxış edərək təltif olunanlar adından əməklərinə verilən bu yüksək qiymətə görə minnətdarlığını bildirmişdir.
Böyük Vətən müharibəsi illərində arxa cəbhədə göstərdiyi fədakarlığa görə ayrı-ayrı illərdə dövlət tərəfindən təltif olunmuş Kəngərli rayon Qarabağlar kənd sakini Qulam Abdullayevə medal evində təqdim edilmişdir.

Şahbuz rayonu

Şahbuz şəhərindəki “Araz” kinoteatrında keçirilən tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova açaraq 1941-1945-ci illər müharibəsi dövründən danışmışdır.
Bildirmişdir ki, qələbənin qazanılmasında arxa cəbhə iştirakçıları da böyük fədakarlıqlar göstərmişlər. Cəbhəyə göndərilən zəruri ərzaq və sənaye mallarının istehsalında gecəli-gündüzlü zəhmət çəkən insanların mərdliyi, vətən sevgisi bu qələbəni şərtləndirən əsas amillərdən biri olmuşdur. Bu gün arxa cəbhə iştirakçılarının qələbənin 70 illik yubiley medalı ilə təltif olunmaları bir daha onu göstərir ki, xalq yolunda, Vətən yolunda çalışan hər bir insanın əməyi unudulmur. Çünki onlar qanlı-qadalı müharibə illərində gecə-gündüz işləmiş, cəbhədə döyüşən insanlara köməklik göstərmişlər.
Sonra çıxışlar olmuşdur. Çıxışlarda arxa cəbhə veteranlarının Böyük Vətən müharibəsi illərində vətənpərvərliyindən, qələbə əzmindən danışılmışdır. Qeyd olunmuşdur ki, Böyük Vətən müharibəsinin xalqımıza vurduğu maddi və mənəvi zərbədən sarsılan insanlar bu günə kimi o günlərin acı xatirələri ilə yaşayırlar. Çünki o illərdə yaşından asılı olmayaraq, hər kəs evində belə, sanki əsgər idi, döyüşçü idi. Arxa cəbhə iştirakçılarının ön cəbhənin əsgərləri kimi rəşadət göstərməsi dünyanı fəlakətə sürükləyən faşizm üzərində qələbənin təminatçısı oldu. O insanların əməyinin bu gün yüksək səviyyədə qiymətləndirilməsi müstəqil dövlətimizin yaradıcısı ümummilli liderimiz Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsinin nəticəsidir.
Çıxışlardan sonra arxa cəbhə iştirakçılarına qələbənin 70 illiyi münasibətilə medallar təqdim olunmuşdur. Arxa cəbhə veteranı Xəlil Xəlilov çıxış edərək bildirmişdir ki, bu gün 149 şahbuzlu veteran bir daha dövlət qayğısını öz üzərində hiss edir. O, təltif olunanlar adından əməklərinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirmişdir.
* * *
Şahbuz şəhər sakini, 106 yaşlı Ceyran İmamquliyeva Böyük Vətən müharibəsi illərində arxa cəbhədə göstərdiyi fədakarlıqlara görə müxtəlif illərdə dövlət tərəfindən təltif olunmuşdur. İki əsrin şahidi olan Ceyran İmamquliyevaya yubiley medalı evində təqdim edilmişdir.

Sədərək rayonu

Sədərək Rayon İcra Hakimiyyətinin akt zalında arxa cəbhə veteranları ilə keçirilən görüşü İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov açaraq veteranlara göstərilən qayğıdan danışıb. O bildirib ki, ümummilli lider Heydər Əliyev həmişə müharibə və arxa cəbhə veteranlarına böyük qayğı göstərirdi. Bu gün ulu öndərin yolunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.
Qeyd olunub ki, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları veteranlarla daim sıx əlaqə saxlayır, onların problemlərinin həllinə həssaslıqla yanaşırlar.
Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Sədərək Rayon Təşkilatının sədri Teymur Quliyev göstərilən belə dövlət qayğısına görə minnətdarlığını bildirib. Qeyd edib ki, veteranlar rayonda keçirilən yığıncaq və tədbirlərdə mütəşəkkilliklə iştirak edir, məktəblərdə şagirdlər qarşısında hərbi-vətənpərvərlik tərbiyəsindən, müharibə dövrü keçdikləri çətin yollardan söhbətlər aparır və hərbi xidmətə gedənlərə öz məsləhətlərini verirlər.
Teymur Quliyev bildirib ki, hərtərəfli qayğı ilə əhatə olunan veteranlarımızın həyətyanı sahələrində hər zaman təmizlik və abadlıq işləri aparılır, xəstə veteranlar tez-tez ziyarət olunurlar. Veteranlarımız dövlət tərəfindən pulsuz dərmanlarla, eşitmə aparatı, əsa və hər ay həkimlər tərəfindən pulsuz yoxlanışla təmin olunurlar. Veteranlara pulsuz telefon çəkilişi də tam yerinə yetirilibdir.
Vurğulanıb ki, veteranlar bundan sonra da gənclərin təlim-tərbiyəsinin düzgün formalaşdırılmasında, rayonun ictimai həyatında fəal iştirak edəcək, müstəqilliyimizi qorumaq, respublikamızda ictimai-siyasi sabitliyi daha da gücləndirmək üçün əllərindən gələn köməyi əsirgəməyəcəklər.
Sonda tədbirdə iştirak edən 32 arxa cəbhə veteranına medallar təqdim olunub, 45 veterana isə medallar evlərində təqdim edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR