İyulun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olmuşlar.
Məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Tarixin bütün dövrlərində bu qədim diyarda zəngin mədəniyyət və memarlıq nümunələri yaradılmışdır. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılmış, tarixi ərazidə yenidənqurma işləri aparılmış, qalanın əvvəlki görkəmi özünə qaytarılmışdır. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılmışdır. Muzeydə eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir.
Sonra kollektivlər kompleksdə yerləşən Nuh peyğəmbərin məzarüstü türbəsini də ziyarət etmişlər.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsi və ixtisaslaşdırılmış məhkəmələrin kollektivləri də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olmuşlar.
Həmin gün Naxçıvan Muxtar Respublikası Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin kollektivləri Heydər Əliyev Muzeyində, Kənd Təsərrüfatı, Rabitə və Yeni Texnologiyalar və Səhiyyə nazirliklərinin kollektivləri Dövlət Bayrağı Muzeyində, İqtisadiyyat və Sənaye, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin kollektivləri Naxçıvan Dövlət Tarix Muzeynində, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Maliyyə və Vergilər nazirliklərinin kollektivləri Ədəbiyyat Muzeyində, Ədliyyə, Fövqəladə Hallar nazirliklərinin və Dövlət Gömrük Komitəsinin kollektivləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyində, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri Cəmşid Naxçıvanskinin ev-muzeyində olmuşlar.
“Şərq qapısı”