23 Dekabr 2024, Bazar ertəsi

1990-cı ilin 22 iyul günü müasir Azərbaycanın varlığına, dünya dövlətləri içərisində özünü təsdiq etməsinə səbəb olmuş günlərdəndir. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 1990-cı il iyulun 22-də Naxçıvana gəlişi tarixi zərurətdən yaranmışdır. Böyük şəxsiyyət üçün Vətənin dar günündə xalqının yanına qayıtmaq, onunla bir yerdə olmaq çox vacib və əhəmiyyətli idi. Ancaq uzun ayrılıqdan sonra xalqı ilə bir olmaq üçün Vətənə qayıdan ulu öndərə Bakıda – vaxtilə öz əli ilə qurub-yaratdığı şəhərdə yaşamağa icazə verilmədi. Nə qədər acı olsa da, 14 il ölkəsinin inkişafı üçün böyük zəhmət verdiyi bu şəhər Ona qollarını aça bilmədi. Əvəzində bu missiyanı qədim Naxçıvan yerinə yetirdi.
Həmin dövrdə Naxçıvan da özünün çox ağır günlərini yaşayırdı. Blokada şəraitində iqtisadi və siyasi böhran dərinləşmiş, sərhədyanı yaşayış məntəqələri erməni yaraqlılarının hücumuna məruz qalmışdı. Lakin dahi şəxsiyyətin gəlişi naxçıvanlılara böyük ümid və sevinc bəxş etmişdi. Ulu öndərlə görüşə gələnlər Ona dərin ehtiramlarını bildirirdilər. Naxçıvan şəhərinin mərkəzinə 80 min nəfərdən çox adamın toplaşması əsl izdihama səbəb olmuşdu. Bu izdiham xalq ilə rəhbərin görüşünün, birliyinin bariz nümunəsi idi. Sonralar ulu öndər Heydər Əliyev bu barədə demişdir: “1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər. Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov isə ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıdışını belə xarakterizə etmişdir: “Ölkəmizin taleyinin hərraca qoyulduğu, fəlakətə sürükləndiyi bir vaxtda səsini qaldıran, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdıran Heydər Əliyev və xalq amili bir daha fəal siyasi müstəvidə birləşdi. Xalqımızın böyük oğlunun qayıdışı Azərbaycan adlı parçalanmış, qan içində olan, 20 Yanvar faciəsinin məhrumiyyətindən özünə gəlməyə macal tapmayan, erməni yaraqlılarının hərbi müdaxiləsi, daxildə isə satqın rəhbərlərin xəyanəti ilə üzləşən yarımcan bədənə mənəvi ruh, bütövlük və tamlıq gətirdi”.
Ulu öndər Heydər Əliyev Naxçıvana qayıtdıqdan çox qısa bir müddət sonra Nehrəm seçki dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçilmişdir. 1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdır. Həmin sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Belə ki, sessiyada muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı, gerbi, himni bərpa edilmişdir. Bu qətiyyətli qərarlar o dövrdə hakimiyyətdə olan səriştəsiz rəhbərləri qəzəbləndirsə də, atılan hər bir addım ötən əsrin əvvəlində yarımçıq qalan müstəqillik ideyasının əbədiliyinə ümummilli lider Heydər Əliyevin sədaqəti, vətəndaşlıq borcu idi.
Bütün bunlarla yanaşı, 20 Yanvar faciəsinə, Xocalı soyqırımına siyasi qiymət verilməsi tələbi də ulu öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir. SSRİ-ni başqa formatda təşkil etmək üçün irəli sürülən və müttəfiq respublikaların suveren hüquqlarını pozan “ittifaq müqaviləsi”nin əsl mahiyyətini uzaqgörənliklə hiss edib “təhlükəli oyunun” ağır itkilərlə nəticələnəcəyini xalqa çatdıran müdrik şəxsiyyət haqlı olaraq bunu xalqı aldatmaq cəhdinin bir təzahürü adlandırmışdır. Ulu öndərimiz dünya azərbaycanlılarının birliyini rəsmiləşdirmək üçün 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü elan etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev o dövrdə Naxçıvanda baş verən hadisələr barədə demişdir: “Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı. O vaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək ulu öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir”.
Ümummilli lider Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi Azərbaycanın dövlətçilik tarixində, ölkəmizin müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından çox mühüm bir mərhələ təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən ulu öndər ilk olaraq blokada şəraitində yaşamağa məcbur olmuş Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi sahəsində mühüm addımlar atmışdır. Ümummilli liderimizin Ali Məclisin Sədri seçildikdən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Ali Məclis “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıcı idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olunmuş, əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradılmış, Naxçıvanın müdafiə potensialı gücləndirilmiş, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası qoyulmuşdur.
Ümumiyyətlə, həmin dövrdə dahi şəxsiyyətin bütün sahələrdə həyata keçirdiyi islahatlar mühüm əhəmiyyəti ilə seçilir. 1992-ci ildə İran İslam Respublikası və Türkiyə Cümhuriyyəti ilə əməkdaşlıq protokollarının imzalanması muxtar respublikanın bu ölkələrlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlərinin yaranmasına imkan yaratmış, mehriban qonşuluq əlaqələrinin inkişafına təkan vermişdir. Bundan başqa, Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilmiş, Sədərək və Culfa gömrük-keçid məntəqələri fəaliyyətə başlamışdır. 1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının Naxçıvanda konsulluqları fəaliyyətə başlamışdır.
Həmin dövrdə muxtar respublikanın ağır blokada vəziyyətinə salınması Azərbaycanın digər əraziləri ilə bütün nəqliyyat əlaqələrinin tənəzzülünə gətirib çıxarmışdı. Əlbəttə, belə bir vəziyyət muxtar respublikada digər sahələrlə yanaşı, iqtisadi sferada da mühüm islahatların aparılmasını zəruri edirdi. Kənd təsərrüfatının dirçəldilməsi sahəsində mühüm addımlar atılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, kənd təsərrüfatı və iqtisadiyyatın inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yüksəldilmişdir. Torpaq islahatlarına ilk dəfə Naxçıvanda başlanması, bütövlükdə, ölkəmizdə kənd təsərrüfatının gələcək inkişafını şərtləndirən əsas amillərdən olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov o dövrdə Naxçıvanda iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərkən demişdir: “Bu dövrdə müstəqilliyin bərpası istiqamətində görülən tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılan iqtisadi model də formalaşdırılmış, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul edilmiş, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülmüşdü... Bu dövrün Naxçıvanı yenidən 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq xəttinə, inkişafın Heydər Əliyev yoluna qayıdan ilk region olmaqla Azərbaycanda böyük nümunə gücünə malik idi”.
Tarixi üç il ərzində Naxçıvanda atılan addımlar milli dövlətçiliyimizin inkişafı baxımından çox böyük əhəmiyyət daşıyır. 1992-ci il noyabrın 21-də ulu öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi, ölkə ziyalılarının dahi şəxsiyyətə ünvanladığı çoxsaylı teleqram, məktub və çağırışlar ictimai və siyasi sabitliyin gündən-günə ağırlaşdığı Azərbaycanın gələcək xilaskarının yalnız və yalnız Heydər Əliyev olduğunu təsdiq edirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndərin Bakıya dönüşü milli-mənəvi dəyərlərimizə, varlığımıza, tarixi yaddaşımıza QAYIDIŞ günü oldu. Dahi rəhbər məhz bu qayıdışla müasir Azərbaycan dövlətinin qurucusu, yaradıcısı, suverenliyimizin etibarlı qarantı, xilaskarı oldu.
Azərbaycan tarixinin mühüm əhəmiyyətə malik 1969-1985-ci illərdəki təkamülü, 1990-1993-cü illərdə qədim Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi, burada dövlət müstəqilliyinin əsasının qoyulması, 1993-2003-cü illərdə ölkəmizin müstəqilliyinin möhkəmlənməsi naminə göstərilən siyasi iradə və bacarıq, dövlətçilik təcrübəsi, zəngin irsə malik siyasi məktəb ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz möhkəm, etibarlı təməl yaratmışdır. Müstəqil Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası indi bu təməl üzərində gələcəyə doğru inamla addımlayır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR