23 Dekabr 2024, Bazar ertəsi

1919-cu il avqust ayının 18-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” Qanun qəbul etmişdir. Bu, Azərbaycan Respublikasında Sərhəd Qoşunlarının yaradılması haqqında ilk qanunvericilik aktı idi. Ulu öndər Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə həmin tarix – avqustun 18-i hər il Azərbaycanda Sərhəd Qoşunlarının şəxsi heyətinin peşə bayramı kimi qeyd olunur.

Sərhəd qoşunlarının peşəkar milli zabit kadrlarla formalaşmasında, onlara yüksək xidmət və məişət şəraitinin yaradılmasında, hərbi potensialının artırılmasında ümummilli liderimizin misilsiz xidmətləri olmuş, sərhəd qoşunları dövlət sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə qadir olan mütəşəkkil bir quruma çevrilmişdir. Azərbaycan Respublikası Sərhəd Qoşunlarının formalaşmasında ümummilli lideri­mizin siyasi fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü müstəsna əhəmiyyətə malikdir. Bu dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ilk milli sərhəd qurumları yaradılmışdır.

Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən cəmi dörd gün sonra, 1991-ci ilin sentyabr ayının 7-də Naxçıvanda Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etmişdi. Bununla da, Azərbaycanda ilk peşəkar vahid komandanlığa tabe olan milli ordunun əsası qoyulmuşdu. Həmin vaxt Naxçıvandakı sərhəd dəstəsinin əmlakının, silah-sursatının tamamilə Azərbaycan sərhədçilərinə təhvil verilməsi işi də ölkəmizin milli maraqlarına uyğun şəkildə həll olunmuşdu. 1992-ci ilin avqust ayının 22-də Naxçıvandakı 41-ci sərhəd dəstəsi Azərbaycanın tabeliyinə keçmiş və sərhəd dəstəsində ilk dəfə müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdı. Rusiya Sərhəd Qoşunları Baş Komandanlığı və Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin rəhbərliyi ilə aparılan danışıqların nəticəsi olaraq, 1992-ci il sentyabrın 29-da isə 41-ci Sərhəd Dəstəsi ləğv olunmuş, onun bütün hərbi və təsərrüfat əmlakı Naxçıvanda yeni yaradılmış birinci Sərhəd Dəstəsinin sərəncamına verilmiş, 215 kilometrlik sərhəd ərazisi ilk dəfə olaraq milli sərhəd qoşunları tərəfindən mühafizəyə qəbul edilmişdi. Ümummilli lider Heydər Əliyev bu barədə demişdir: “Naxçıvanın qonşu İran və Türkiyə ilə sərhədləri on illərboyu rus qoşunları tərəfindən qorunmuşdur. Biz keçmiş Sovetlər İttifaqının, sonra isə Rusiyanın burada yerləşən 41-ci Sərhəd qoşunları hissəsinin buradan tamamilə çıxıb getməsinə nail olduq və Azərbaycanda ilk dəfə olaraq milli sərhəd qoşunlarının birinci dəstəsi yaradıldı... Bütün bunlar tarixi hadisələrdir və nəinki bugünkü, həmçinin gələcək nəsillər tərəfindən layiqincə qiymətləndiriləcəkdir”.
Ölkəmizdə sərhəd qoşunlarının yaradılması ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə ikinci qayıdışından sonra da dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmiş, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olduğunu nümayiş etdirmişdir.
Ümummilli liderimizin yolunu uğurla davam etdirən Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədlərinin mühafizəsinə və sərhədçilərə göstərdiyi böyük qayğının nəticəsində Sərhəd Qoşunları daha da möhkəmlənir. Ölkə başçısı Dövlət Sərhəd Xidməti ilə bağlı bir çox fərman və sərəncamlar imzalamış, normativ-hüquqi baza təkmilləşdirilmişdir. Həmçinin Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə maaşlarının artırılması, xidmətdə fərqlənənlərin orden və medallarla təltif edilməsi sərhədçilərdə böyük ruh yüksəkliyinin yaranmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il dekabr ayının 27-də “Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”nı təsdiq etməsi Sərhəd Qoşunlarında quruculuq işlərinə böyük təkan vermişdir. Göstərilən qayğı nəticəsində dövlət sərhədlərimizin daha da etibarlı şəkildə qorunması, hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika, avadanlıq və ləvazimatlarla təminatı sahəsində tədbirlər görülmüş, şəxsi heyətin peşəkarlığı artırılmış, yeni sərhəd infrastrukturları yaradılmışdır. Ali Baş Komandan sərhədlərin qorunmasının əhəmiyyətini bildirərək demişdir: “Sərhəd hər bir dövlət üçün onun müstəqilliyini təcəssüm etdirən çox önəmli əlamətdir. Sərhəd müstəqillik deməkdir. Müstəqillik sərhədsiz mümkün deyil”.
Sərhəd Qoşunlarının formalaşması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bu gün muxtar respublikamızda da uğurla davam etdirilir. “Naxçıvan” Sərhəd Diviziyasının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi qulluqçulara yüksək dövlət qayğısı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli Fərmanı ilə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası yaradılmışdır. Bundan sonra muxtar respublikanın sərhədlərinin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoymuşdur. Sovet dövründən qalan sərhəd zastavalarının yerində müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilmiş, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Muxtar respublikanın sərhəd zastavaları indi mərkəzləşdirilmiş istilik sisteminə, su və qaz təminatı olan müasir sərhəd strukturlarına malikdir.
“Naxçıvan” Sərhəd Diviziyasında aparılan quruculuq işləri davamlı xarakter daşıyır. Belə ki, 2005-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində Sərhəd Diviziyası qərargahının, əsgər xəstəxanasının, hamam-camaşırxana kompleksinin əsaslı təmiri, çörəkbişirmə sexinin tikilib istifadəyə verilməsi, Şərur sərhəd komendantlığının yenidən qurulması həyata keçirilmişdir. 2007-2012-ci illər ərzində isə ən müasir tələblərə uyğun doqquz sərhəd zastavası kompleks şəkildə tikilmiş, Culfa sərhəd komendantlığı yenidən qurularaq istifadəyə verilmişdir. Hərbi hissənin yaşayış şəhərciyinin binası da təmir olunmuş, yeni qazanxana inşa edilərək istilik sistemləri dəyişdirilmişdir. Anbarların, avtomobillərin saxlanılması üçün yeni saxlancların, qarovul və qazanxana binalarının inşası başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müasir Azərbaycan sərhədçisi universal funksiyaların icraçısıdır. O, sərhədlərin mühafizəsi ilə yanaşı, beynəlxalq terrorizmə, təxribatçı qüvvələrə, narkotik maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı da mübarizə aparmalı, fədakarlıq göstərməlidir”.
“Naxçıvan” Sərhəd Diviziyasının şəxsi heyəti göstərilən qayğı və yaradılan şərait müqabilində bundan sonra da muxtar respublika sərhədlərini etibarlı qoruyacaq, ayıq-sayıqlıq nümayiş etdirəcəkdir.

“Naxçıvan” Sərhəd Diviziyası

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR