23 Dekabr 2024, Bazar ertəsi

5,5 min kvadratkilometr əraziyə malik olan Naxçıvan Muxtar Respublikası 1924-cü il fevral ayının 9-da yaradılmışdır. Bir çox dünya alimlərinə görə, Naxçıvan Azərbaycanın digər əraziləri ilə müqayisədə daha qədim tarixə malikdir. Burada dünya sivilizasiyası üçün əhəmiyyətli olan bir çox tarixi abidələr vardır: Şərur rayonunda olan Alışar yaşayış məskəni, Kəngərli rayonunun Qarabağlar kəndində olan Bəzəkli qalası, İlanlıdağ və Nəhəcir dağlarının arasında olan dini ziyarətgah Əshabi-Kəhf mağa­rası. Naxçıvan nekropolları yer altında olan polixrom naxışlı nadir qabları ilə zəngindir. Qədim Şərur arxeoloji abidələri ilk dəfə Strabonun əsərlərində qeyd olunmuşdur. Burada olan digər tanınmayan tarixi məkanlar yalnız Azərbaycan tarixi üçün əhəmiyyətli deyil, həmçinin bu tarixi yerlər dünyanın ən qədim sivilizasiyasına işıq salmaq üçün dəyərli xəzinələrdəndir. Naxçıvan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kimi uzaqgörən dövlət rəhbərlərinin, alimlərin, tanınmış memarların, coğrafiyaşünasların və dahi yazıçıların doğulduğu torpaqdır.

1920-ci ildə Naxçıvan əhalisi Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün Ermənistan işğalçılarına qarşı böyük mübarizə aparmışdır. 1929-1930-cu illərdə, Kremldə Sovet İttifaqı liderləri Naxçıvan Muxtar Respublikasının torpaqlarının bir hissəsini qonşu Ermənistana vermək barədə qərar qəbul etmişdir. Bunun nəticəsidir ki, hal-hazırda Naxçıvanın yalnız 5,5 min kvadratkilometr ərazisi qalmışdır.
O zaman iki böyük dövlətin səbəb olduğu bütün bu faciəli tarixi hadisələrə, birtərəfli və qeyri-qanuni qərarlara baxmayaraq, Naxçıvana muxtar respublika statusu verilmişdir. Bu region iqtisadi baxımdan inkişaf edir, Avropa və Asiyanın kəsişdiyi yerdə bütün dünyanı inandırıcı qədim və orta əsr tarixi xəzinələri, qalaları, dini memarlığı ilə təəccübləndirir. Naxçıvan şəhəri qədim və orta əsrlərdə Möminə xatın türbəsi yaxınlığında aşkar edilmiş və divarlarının qalınlığı 13 metrə çatan kompleksin yerləşdiyi ərazidir. Bu ərazidə bir çox qazıntı işləri aparılmış və XVII əsrə aid tikililər aşkar olunmuşdur. Möminə xatın türbəsi yaxınlığında bir çox müxtəlif formalı qablar aşkarlanmışdır. Hazırda bu qablardan yalnız biri Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır. Daha sonrakı illərdə həmin ərazidə orta əsrlərə aid mühüm memarlıq abidələri də aşkar edilmişdir.
Məşhur coğrafiyaşünas Kladius Ptolomey öz əsərlərində Naxçıvan şəhərini “Narınqala” adlandırmışdır. Naxçıvan şəhəri ətrafında böyük divarları olan qala kimi təsvir edilmişdir. Böyük qala bölməsində aşkar olunan dulusçuluq, kasa, qəbirlər və bir çox digər kəşflər burada sivilizasiyanın klassik dövrə aid olmasından xəbər verir. Bu gün mövcud olan qala divarları orta əsrlərə aiddir və əhəng məhlulu, yaxud daşlardan inşa edilmiş və yarımdairəvi formalı qüllələrlə möhkəmləndirilmişdir. Qədim binalar, əsasən, qala divarları boyunca tikilib və kvadrat formalı otaqlardan ibarətdir. Bu otaqların damları müharibə zamanı döyüşçülər tərəfindən istifadə edilmişdir. Bu xüsusiyyətlərinə görə Narınqalanın Tunc və Dəmir dövrlərində tikilməsi tarixçilər tərəfindən sübut edilmişdir. Bu qalaya oxşar digər tarixi abidələrə Oğlanqala, Çalxanqala və Qazançıqalanı nümunə göstərmək olar. Digər tərəfdən bu qalanın altında yeraltı su kanalı vardır və müharibə zamanı, eləcə də sülh dövründə döyüşçüləri su ehtiyatı ilə təmin etmək üçün istifadə edilmişdir.
Naxçıvan sənətkarlıq və mədəniyyət mərkəzi kimi də inkişaf etmişdir. Naxçıvan Azərbaycan tarixinin inkişaf beşiyidir və Xəzər regionunda olan ən vacib qalaların mövcud olduğu ərazidir. Naxçıvan IX-XII əsrlərdə çox əhəmiyyətli bir regional inzibati mərkəz olmuşdur. X-XI əsrlərdə Naxçıvan şahlığı adlanan feodal dövlətinin, XII əsrdə isə Eldənizlər dövlətinin paytaxtı olmuşdur. Həmçinin sonrakı dövrlərdə də Naxçıvan inzibati mərkəz kimi öz strateji mövqeyini saxlamışdır. Naxçıvan XVIII əsrin ortalarında Naxçıvan xanlığının mərkəzi olmuşdur. 1983-cü ildə görkəmli alim və arxeoloq A.İ.Novruzlu Naxçıvanın orta əsrlər şəhəri olmasının əsaslarını daha detallı araşdırmağa başlamışdır. 1983-1991-ci illərdə aparılmış araşdırmalar zamanı əhəmiyyətli mədəni, inkişaf etmiş və zəngin həyatı təcəssüm etdirən çox qiymətli əşyalar, IX-XVII əsrlərə aid olan üç mədəni təbəqə aşkar edilmişdir. Burada aşkar olunmuş maddi-mədəniyyət nümunələri, əsasən, istehsal ehtiyatları, tikinti qalıqları, şirli və şirsiz keramika məhsullarından ibarət olmuşdur. Bu gün Naxçıvan Dövlət Universitetinin yerləşdiyi ərazidə aparılan tədqiqatlar şəhərin əsas hissəsinin qədim və orta əsrlərdə bu ərazidə olduğunu sübut edir. Şəhərin yüksək hissələrinə baxdıqda siz orada Əliabad qalasının divarlarını görə bilərsiniz. Bu qala möhkəm divarlarla tikilmiş və ordunu ağır döyüşlərdən müdafiə etmişdir.
Əliabad qalasında II minilliyə aid şirsiz saxsı nümunələr, eləcə də orta əsrlərə aid insan əli ilə hazır­lanmış əsərlər aşkar edilmişdir. Mütəxəssislər burada böyük miqdarda taxıl, şaftalı, ərik, albalı, armud və alma toxumları aşkar etmişlər. Bu toxum qalıqları Azərbaycanda və onun tarixi tərkib hissəsi olan Naxçıvanda əhalinin orta əsrlərdə istehsal etdikləri kənd təsərrüfatı məhsullarının öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Naxçıvan şəhərində aşkar edilən keramika nümunələri, Zaqafqaziyada, Yaxın və Orta Şərqdə tikilmiş digər qalalar ilə çox oxşar xüsusiyyətlərə malikdir. Bu dövrlərdə Naxçıvanla qonşu regionlar arasında böyük iqtisadi, mədəni əlaqələrin olması burada tapılan keramik plitələrlə sübut edilmişdir. Naxçıvanda olan Narınqalanın kiçik qala hissəsində Çin yazısı ilə lövhə aşkar edilmişdir. Naxçıvan şəhərində olan Narınqala XVII əsrin ortalarına qədər müdafiə istehkamı kimi istifadə edilmişdir. Lakin Səfəvi-Osmanlı müharibələri zamanı qala çox dağılmış və sonradan qalanı həmin vəziyyətinə qaytarmaq mümkün olmamışdır. Daha sonra bu qalanın hərbi əhəmiyyəti yavaş-yavaş itmiş və bir müddət yerli əhali tərəfindən yaşayış yeri kimi istifadə edilmişdir.
Azərbaycanın bu regionu mühüm abidələr, nadir ibadət yerləri, muzeylər və qalaları qoruyub saxlamış və dünya tarixində daha əhəmiyyətli yerə layiq olan sülhsevər insanları özündə cəmləşdirmişdir.

Peter Tase
10.08.2015
Amerika Birləşmiş Ştatlarının
“Foreign Policy News” qəzeti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR