23 Dekabr 2024, Bazar ertəsi

Avqust ayının 18-də Babək rayonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsinə nəzarətin artırılması, dövlət orqanlarında sənədlərlə işin təşkili vəziyyəti və dövlət qulluqçularının reyestrinin aparılması ilə bağlı maarifləndirici seminar keçirib.
Seminarda rayon İcra Hakimiyyəti aparatında, mərkəzi icra hakimiyyəti orqanlarının Babək rayonunda fəaliyyət göstərən qurumlarında və rayon məhkəməsində qulluq keçən dövlət qulluqçuları iştirak ediblər.
Seminarı giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əbdülhüseyn Zamanov açaraq etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı son bir il ərzində həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Komissiyanın sədri Etibar Musayev çıxış edərək bildirib ki, 31 may 2007-ci il tarixdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanun dövlət qulluqçuları üçün etik davranış qayda və prinsiplərini, həmçinin onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanunun birinci maddəsində qeyd olunur ki, etik davranış qaydaları dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur.

Qeyd olunub ki, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludurlar. Onlar bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdırlar. Dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə dövlət orqanlarına inamı artırmalı və möhkəmləndirməli, dövlət qulluğu vəzifələrinin icrası ilə bir araya sığmayan, onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermə­məlidir. O, Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa, etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.
Bildirilib ki, dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. O, özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrini yerinə yetirməsinə təsir etməsinə şərait yaratmamalı, qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.
Komissiyanın sektor müdiri Arzuman İmanov çıxışında dövlət orqanlarında sənədlərlə işin təşkili, dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları barədə məlumat verib. Arzuman İmanov dövlət qulluqçuları reyestrinin aparılması ilə bağlı dövlət orqanları tərəfindən komissiyaya göndərilən sənədlərdə daha çox rast gəlinən nöqsanlar və onların aradan qaldırılması yolları haqqında danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Hafizə ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR