14 Yanvar 2025, Çərşənbə axşamı

Qısa arayış: Ordubad kiçik Qafqaz sıra dağlarının Qapıcıq zirvəsinin ətəklərində yerləşir. Relyefi əsasən dağlıq, az bir hissəsi dağətəyi, 5-6 faizi isə aran ərazidən ibarətdir. Son dərəcə zəngin florası və faunası vardır. Yaşayış məntəqəsi dağətəyi ərazidə yerləşir. Əkinçilik üçün su ehtiyatına və içməli su mənbələrinə malikdir. Ordubad rayonu 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunub. 4 yanvar 1963-cü ildə rayon ləğv edilərək Culfa rayonunun tərkibinə verilib, 6 yanvar 1965-ci ildə yenidən təşkil edilib. Cənubdan İran İslam Respublikası, şimaldan və şərqdən Ermənistanla həmsərhəd olmaqla, qərbdən Culfa rayonu ilə qonşu olan Ordubad rayonunun sahəsi 978,99 kv.km, əhalisi 48 min 780 nəfərdir. Mərkəzi Ordubad şəhəridir. Rayonda 1 şəhər, 3 qəsəbə, 43 kənd vardır.

Qədim Naxçıvan torpağında xan Arazın gecə-gündüz keşiyini çəkdiyi, dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən, yaşı qədimdən qədim olan, tikililəri, çinarları yüz­illiklərə şahidlik edən bir şəhər və bu şəhərin ətrafına səpələnmiş abad, axarlı-baxarlı kəndləri olan bir rayon var. Çeşmələri bol sulu, ağacları barlı-bəhərli, insanları qonaqpərvər, son dərəcə mehriban olan bu diyara tarix “Ordubad” adı verib.

Son 20 ildə təkcə Ordubad şəhərində onlarla yeni obyekt tikilib istifadəyə verilib. Rayon İcra Hakimiyyətinin binası müasir standartlara cavab verə biləcək şəkildə təmir edilib, Qaz İstismarı İdarəsi, Vergilər Şöbəsi, Mədəniyyət Evi üçün yeni binalar inşa edilib. Şəhərdə aparılan quruculuq tədbirləri bunlarla məhdudlaşmayıb. Burada rayon Elektrik Şəbəkəsi, Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsi, 7 saylı Dairə Seçki Komissiyası, Ordubad Şəhər Uşaq musiqi məktəbi üçün binalar tikilib. Nəqliyyat infrastrukturunun yeniləşdirilməsi istiqamətində konkret addımlar atılıb, şəhərdə müasir tələblərə cavab verən avtovağzal kompleksi, aviakassa əhalinin istifadəsinə verilib. Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının, rayon Polis Şöbəsinin, prokurorluğunun, məhkəməsinin, Kompüter Təlim-Tədris Mərkəzinin, akademik Yusif Məmməd­əliyevin ev-muzeyinin, Məmməd Səid Ordubadinin ev-muzeyinin, uşaq bağçasının, şahmat məktəbinin yeni inşa edilmiş və ya yenidən qurulmuş binaları da son illərin qurucu­luq ərməğanlarındandır. Rayon Mərkəzi Xəstəxanasının binası isə öz görünüşünə və avadanlıq təminatına görə Naxçıvan şəhərindəki səhiyyə ocaqlarından fərqlənmir. Şəhər ərazisindəki bərpaya ehtiyacı olan tarixi abidələr də həyata keçirilən tədbirlərdən nəsibini alıb. Belə ki, Ordubad şəhərində indi Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyət göstərdiyi Qeysəriyyə binası, qədim məbəd, iki yeraltı abidə, bir neçə tarixi kəhriz və digər abidələr bərpa edilərək əvvəlki görünüşünə qaytarılıb. Rayonun kənd­ləri də quruculuq tədbirlərindən kənarda qalmayıb. Ordubad şəhərindən kəndlərə aparan yollar ən müasir şəkildə yenidən qurulub, yaşayış məntəqələrində kənd və xidmət mərkəzləri tikilib, bu mərkəzlərdə dövlət qurumları və xidmət sahələri üçün hərtərəfli şərait yaradılıb. İndi kənd­lərdə ən müasir tələblərə cavab verən həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, əczaxanalar fəaliyyət göstərir. Kənd­lərdə rabitə xidməti, elektrik enerjisi, mavi yanacaqla təminat məsələlərinə də xüsusi diqqət yetirilir. Diqqətçəkən məqam ondan ibarətdir ki, sovet hakimiyyəti illərində mavi yanacaq, elektrik enerjisi, rabitə sahəsində böyük çətinliklərlə üzləşən Ordubad kəndlərində indi bu çətinliklər tamamən aradan qaldırılıb.
Bu gün öz inkişaf dövrünü yaşayan, nəinki Naxçıvan Muxtar Respublikasının, hətta Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri kimi tanınan Ordubad rayonu hazırkı mərhələyə asan yolla çatmayıb. İllər ötdükcə, Naxçıvanda gedən inkişaf prosesi yeni mərhələyə qədəm qoyduqca, muxtar respublikanın sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər bütün bölgələr kimi, Ordubadda da öz səmərəli nəticələrini verdikcə, rayon iqtisadiyyatı daha da gücləndikcə, əhalinin gün-güzəranı yaxşılaşdıqca qədirbilən ordubadlılar son 20 ildə görülən işlərin əsl mahiyyətini daha yaxşı, daha dərindən dərk edirlər. Çünki yaxın keçmişdə rayonda baş verənlər unudulmayıb.
...“Biz ağsaqqallar böyük narahatlıq hissi ilə Sizə bildirməyə məcburuq ki, Ordubad rayonunda iqtisadi-siyasi vəziyyət olduqca gərgindir. Bunun bir səbəbi ondan irəli gəlir ki, rayonun inzibati orqanları, ilk növbədə isə rayon prokuroru və xalq hakimi siyasi sabitliyi bərpa etmək iqtidarında deyillər. Dövlət qanunlarının icrasına nəzarət edilmir, zəhmətkeşlərin hüquqlarının qorunmasına laqeyd münasibət göstərilir, sağlam qüvvələrin hər addımda təhqir edilməsinə, onların hədələnməsinə, döyülməsinə heç bir reaksiya verilmir. Bir sözlə, rayon prokuroru və rayonun xalq hakimi Azərbaycan dövlətinin və respublika hökumətinin qanunlarını və hüquqi aktlarını yerinə yetirmək istəmir, Xalq Cəbhəsinin mənafeyinə xidmət göstərirlər. 1 mart 1994-cü il tarixdə biz ağsaqqalların təşəbbüsü ilə keçirilən mitinqdə ictimaiyyəti narahat edən bir sıra problemlər açıqlandı. Çıxış edənlər dəqiq faktlar əsasında göstərdilər ki, rayon rəhbərliyi fəlakət qarşısında olan rayonu xilas etmək iqtidarında deyildir. Buna görə də xalq deputatları məclisinin və İcraiyyə Komitəsinin rəhbərliyi qeyd-şərtsiz istefa verməlidirlər”.
Bu sətirlər ümummilli liderimiz Heydər Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Ordubad rayonunun şəhər, qəsəbə və kəndlərində yaşayan bir qrup ağsaqqalın 1 mart 1994-cü il tarixdə keçirilmiş mitinqdə qəbul edilmiş müraciətindən götürülüb. Qeyd edək ki müraciət “Şərq qapısı” qəzetinin 5 mart 1994-cü il tarixli nömrəsində dərc edilib və Ordubad rayonunun o illərdəki durumunu gözlər önünə sərir.
Həmin mitinqdə qəbul edilmiş qətnamədə deyilirdi: “1 mart 1994-cü il tarixdə Ordubad şəhərində rayon ağsaqqallarının iştirakı ilə keçirilən mitinqdə rayonda ictimai-siyasi vəziyyəti, getdikcə dərinləşən iqtisadi böhranı, günü- gündən artan mənəvi sarsıntı şəraitini böyük narahatlıq hissilə müzakirə edərək bildiririk ki, Azərbaycanda xalq təsərrüfatının bir çox sahələrində, eləcə də ideya-siyasi, əxlaqi və vətənpərvərlik sahəsində nəzərəçarpan müsbət dəyişik­liklər əmələ gəldiyi, siyasi iqlimdə sabitlik yarandığı halda Ordubad rayonunda dözülməz vəziyyət hökm sürməkdədir. Azərbaycan dövləti, hökuməti, ali qanunvericilik orqanları tərəfindən qəbul edilən mühüm həyati əhəmiyyətə malik qərarlar və hüquqi aktlar yerinə yetirilmir. Rəhbərliyin zəifliyi, təşkilatçılıq işinin yarıtmaz olması ilə əlaqədar ipək kombinatı istisna olmaqla, müəssisələr işləmir, xidmət təşkilatlarının bir çoxu iflic vəziyyətinə düşmüşdür. İşsizlik ictimai bəlaya çevrilmişdir. Kənd təsərrüfatı tamamilə dağılmaq üzrədir. Rəhbərlikdə yol verilən ciddi nöqsanlar nəticəsində bir neçə kolxoz ləğv edilmiş, qalan təsərrüfatların maddi-texniki bazası məhv olmaq üzrədir. İctimai mal-qara talan edilərək satılmışdır. Bağ-bağat, tutluqlar, üzümlüklər əsasən sıradan çıxmış, bərəkətli torpaqların bir hissəsi naxələf adamların əlinə keçmişdir. Təsərrüfatda qaramalın sayı son 3 ildə 10 dəfə, davarların sayı 12 dəfə, ət və süd istehsalı orta hesabla 200 dəfə azalmışdır.
Təxribat xarakterli təbliğat və rayon rəhbərliyinin anlaşılmaz mövqeyi nəticəsində təsərrüfata düşmən münasibət bərqərar olmaqdadır. Yerlərdə torpağa münasibət dözülməzdir. Payızlıq taxıl əkinləri heç bir aqrotexniki qaydalarda aparılmamış, indiyədək becərilmə tədbirləri həyata keçirilməmişdir. Cari ilin məhsulu üçün yaz-tarla işlərinə hazırlıq isə tamamilə unudulmuşdur. Kəndlərdə əmək qabiliyyətli əhalinin əksəriyyəti ictimai faydalı əməkdən kənarda qalmışdır. Xırda alver, möhtəkirlik, kommersiya ticarəti əhalini ac-yalavac vəziyyətə düçar etmişdir”.
Həmin dövrdə baş verənlər yalnız acı xatirə kimi yaddaşlarda qalıb. O dövrün canlı şahidi, rayon ziyalısı Təvəkkül Məmmədov deyir ki, 1995-ci ildə cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə Ordubad rayonunda vəziyyət müsbətə doğru dəyişildi, bütün sahələrdə iflasa üz tutmuş rayonda həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində əvvəlcə ictimai-siyasi sabitlik bərpa olundu, iqtisadi böhranın aradan qaldırılması üçün ilkin zəruri addımlar atıldı. O dövr üçün atılan mütərəqqi addımlardan biri də qanunların aliliyinin təmin olunması, dövlət qurumlarında rəhbər vəzifələrə səriştəli şəxslərin gətirilməsi, aqrar sahədə mühüm qərarların verilməsi oldu. Rayonun müxtəlif sahələrdə inkişafına əhalinin bütün təbəqələri cəlb edildi. Bunun da nəticəsində inkişaf təmin edildi, əhalinin məşğulluq problemi aradan qaldırıldı, azad sahibkarlıq inkişaf etdirildi, dağıdılmış aqrar sahə bərpa edildi. Son 20 ildə Ordubad rayonunda görülən işlər onu deməyə əsas verir ki, ulu öndərimizin Naxçıvanın inkişafı naminə başlatdığı işlər muxtar respublikada uğurla davam etdirilir. İndi bu işlərin parlaq nəticələrini Ordubad rayonunun hər bir yaşayış məntəqəsində, əkilən, gülüstana çevrilən hər qarış torpaqda görmək olur, böyük öndərimizin muxtar respublikamızın bütün bölgələri kimi, Ordubad rayonunun gələcəyi üçün nəzərdə tutduğu işlər böyük uğurla həyata keçirilir. Bu gün hər bir rayon sakini əldə edilən nailiyyətlərdən qürur duyur. Qazanılan nailiyyətlər rayon sakinlərini daha böyük uğurlara ruhlandırır. Rayon əhalisinin maddi rifahı günü-gündən yaxşılaşdırılır.
Həqiqətən də Ordubad bu gün inkişafın ən yüksək mərhələsindədir. Rayonda inkişafın yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət pro­qramlarının uğurlu icrası böyük əhəmiyyət kəsb edir. Regionların hərtərəfli tərəqqisi sahəsində 2004-cü ildən başlanmış məqsədyönlü siyasətə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 9 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)” və 2009-cu il 28 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” təsdiq edilib. Hər iki dövlət proqramının muxtar respublikada, eləcə də Ordubad rayonunda uğurlu icrası nəticəsində rayonda real sektorun inkişafı sürətləndirilib, tarazlı və davamlı inkişafa nail olunub, kommunal xidmət və sosial infra­struktur təminatı yaxşılaşdırılıb, məşğulluq və həyat səviyyəsi yüksəldilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sen­tyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Ordubad rayonunda da yeni mərhələnin başlanğıcını qoyub. Müasir dövrdə əmək ehtiyatlarının əmək bazarına uyğun formalaşdırılması və onlardan səmərəli istifadə mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” Ordubad rayonunda da əmək bazarının tənzimlənməsində mühüm rol oynayıb, işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar yaradıb.
Etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın başlıca şərtidir. Ona görə də cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sen­tyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” Ordubad rayonunda da uğurla icra edilir. Bunun nəticəsidir ki, rayonda kənd təsərrüfatı sahəsində məhsuldarlıq artır, əkinçilik sahələri genişləndirilir, torpaqdan və sudan istifadədə mütərəqqi metodlardan istifadə edilir. Aqrar bölmənin maddi-texniki bazasının gücləndirilməsi, eləcə də texnika, gübrə və bitki mühafizəsi vasitələri ilə təminatın ən yüksək səviyyəyə çatdırılması bol məhsul əldə edilməsinə zəmin yaradıb. Rayonda baytarlıq işinin təşkilinə də xüsusi diqqət yetirilir, sanitariya sağlamlığı, təhlükəli yoluxucu xəstəliklərin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin insan və heyvanlar üçün təhlükəli olan xəstəliklərdən qorunması istiqamətində bir sıra işlər görülür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamla təsdiq etdiyi “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Ordubad rayonunda da meyvə-tərəvəzçilik sahəsində yeni mərhələnin əsasını qoyub. Son illər rayonda iməciliklər yolu ilə yerli iqlim və relyefə uyğun tezyetişən meyvə sortlarından ibarət 108,5 hektar meyvə bağı salınıb və 140 mindən artıq ting əkilib. Dövlətin maliyyə dəstəyindən yararlanan rayon sakinləri yeni meyvə bağları salıb, istixanalar yaradıblar. Təkcə bir fakta diqqəti çəkmək yerinə düşər ki, 2004-cü ildən 2015-ci ilədək rayonda 137,9 hektar sahədə meyvə bağı salınıb. Yeni salınan meyvə bağlarının 13,4 hektarı ötən ilin payına düşüb. Təkcə ötən il meyvə bağlarından 1583 ton məhsul tədarük olunub. Dövlət pro­qramına uyğun olaraq, rayonda tərəvəzçiliyin inkişafına da xüsusi diqqət yetirilir. 2014-cü ildə rayonda 672 hektar sahədə tərəvəz bitkiləri əkilib. Hektarın orta məhsuldarlığı 67 sentnerə çatdırılıb. Sahələrdən 4503 ton məhsul tədarük edilib. Bu da əvvəlki ildən 40,8 ton çoxdur. Hazırda rayonda üzümçülüyə fəal və doğma münasibət bərpa olunur, yeni üzüm bağları salınır. Əhalinin alıcılıq imkanlarının yaxşılaşması bazarlara Ordubad rayonundan daha çox süfrə üzümü və ondan hazırlanan müxtəlif məhsulların çıxarılması ilə müşayiət olunur. Süfrələrimizin bəzəyi, adamların sağlamlığı üçün zəngin mineral tərkibə malik olan kişmiş və mövüc istehsalı da rayonda ilbəil artır. Hazır­da rayonda daxili və xarici bazara keyfiyyətli məhsul çıxarılması, yeni texnologiyanın tətbiqi, üzümçülük üzrə iri təsərrüfatların yaradılması istiqamətində məqsədyönlü iş aparılır, üzümçülüyün sənaye miqyasında genişləndirilməsi imkanları araşdırılır.

Ordubad rayonunun yaşı qədimdən-qədim yaşayış məntəqələrini gəzərkən, tarixiliyin və müasirliyin vəhdətindən doğan gözəllikləri seyr edərkən bir daha müstəqilliyimizin saysız bəhrələrinin insanların həyatına müsbət təsirinə şahidlik edirsən. Əmin olursan ki, dahi rəhbərimiz Heydər Əliyevin bizim üçün əbədiliyini təmin etdiyi müstəqil ölkəmizdə qarşıdan gələn hər il yeni uğurlar, nailiyyətlər gətirəcək, Azərbaycanın incisi olan bu bölgəmiz daha da inkişaf edərək dünyanın ən gözəl yaşayış məskənlərindən biri kimi tanınacaq.

 Səbuhi Hüseynov

Yazı “Naxçıvan: müstəqillik illərində” gənclər
arasında yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR