23 Dekabr 2024, Bazar ertəsi

İyulun 30-da Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilmişdir. İclasda komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov çıxış edərək cari ilin ilk 6 ayının yekunlarından və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasında qarşıya qoyulmuş vəzifələrdən danışmışdır.
Bildirilmişdir ki, 2015-ci ilin birinci yarımilində muxtar respublikanın sosial-iqtisadi inkişafına müvafiq olaraq gömrük işinin keyfiyyəti daha da artırılmış, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində müvafiq işlər görülmüşdür. Belə ki, ötən dövr ərzində “Naxçıvanterminalkompleks” Birliyi üçün inşa olunan yeni kompleksin tikintisi davam etdirilmiş, inzibati bina ilə yanaşı, beynəlxalq standartlara cavab verən anbarların yenidən qurulması işi yekunlaşdırılmışdır. Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin baş planına uyğun olaraq, ərazidə lazımi torpaqlama işləri görülmüş və yeni gömrük kompleksinin tikintisinə başlanılmışdır. Culfa sərhəd-keçid məntəqəsində minik avtomaşınları və sərnişinlərin daha rahat keçidinin təmin olunması üçün bina inşa olunmuş, binada rentgen nəzarəti qurğusu quraşdırılmışdır.
2015-ci ilin 6 ayı ərzində muxtar respublikanın gömrük orqanları tərəfindən dövlət büdcəsinin formalaşdırılması məqsədilə müəyyən olunmuş illik proqnoz tapşırıq 82 faiz yerinə yetirilmişdir. Toplanmış vəsait Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 14,6 faizini təşkil etmişdir. Keçən ilin eyni dövrü ilə müqayisədə büdcəyə köçürülmüş ödənişlər 665 min manat çox olmuşdur.

Qanunvericiliyə əsasən, gömrük rüsumu və vergilərin bank, POS-terminal və ya internet üzərindən elektron qaydada ödənilməsi təmin edilmişdir.
Qeyd olunmuşdur ki, cari ilin birinci yarısında 33 xarici dövlətlə ticarət əməliyyatları aparılmış, muxtar respublikanın xarici ticarət dövriyyəsi 208 milyon 291 min ABŞ dolları olmuşdur. Muxtar respublikanın sosial-iqtisadi inkişafının məntiqi nəticəsi olaraq bu il də ixracın həcmi idxalı üstələmiş, xarici ticarət dövriyyəsinin 88 faizi ixrac, 12 faizi isə idxal əməliyyatlarının payına düşmüşdür. İdxal-ixrac əməliyyatları üzrə yaranmış müsbət saldo 160 milyon 550 min ABŞ dolları olmuşdur. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi 5 faiz artmış, idxalın həcmi isə 140 faiz azalmışdır.
İxracın 79 faizini sənaye, 21 faizini kənd təsərrüfatı məhsulları, idxalın 31,8 faizini sənaye məhsulları, 31,6 faizini nəqliyyat vasitələri və onların hissələri, 0,8 faizini ərzaq məhsulları, 8,1 faizini tikinti materialları, 27,7 faizini isə digər mallar təşkil etmişdir.
Komitə sədri bildirmişdir ki, hesabat dövründə narkotik vasitələrin, psixotrop tərkibli dərmanların, pirotexniki vasitələrin, habelə milli-əxlaqi keyfiyyətlərimizə mənfi təsir göstərən elektron məlumat daşıyıcılarının, dini dəyərlərimizlə uzlaşmayan dini kitab və broşürlərin, odlu və soyuq silahların xaricdən qanunsuz yollarla muxtar respublikaya gətirilməsinin qarşısı alınmışdır.
Bəhs olunan dövrdə daxili bazarın qorunması istiqamətində də tədbirlər davam etdirilmişdir. Belə ki, idxal mallarının keyfiyyətinə ciddi nəzarət olunmuş, cari ilin ilk 6 ayı ərzində keyfiyyət göstəriciləri müvafiq tələblərə cavab vermədiyindən 72 min 766 kiloqram əmtəə geri qaytarılmış, 1832 kiloqram əmtəə isə müvafiq qaydada məhv edilmişdir.
Daxili bazarın qorunması istiqamətində tədbirlərin muxtar respublika iqtisadiyyatının inkişafındakı rolunu xüsusi vurğulayan komitə sədri qeyd etmişdir ki, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasında Dövlət Gömrük Komitəsinə daxili bazarın qorunması məqsədilə kənd təsərrüfatı məhsullarının idxalının mövsümə uyğun tənzimlənməsinin davam etdirilməsi tapşırılmışdır. Asəf Məmmədov vurğulamışdır ki, “Kənd təsərrüfatı ili”ndə gömrük orqanları tərəfindən kənd təsərrüfatı məhsullarının xaricdən gətirilən eyniadlı malların təsirindən qorunması işi daim diqqətdə saxlanılmalı, yerli məhsulların daxili bazardakı payı nəzərə alınmaqla sonrakı dövrlərdə də bu iş davam etdirilməlidir.
Sonda mövzu ətrafında çıxışlar olmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR