23 Dekabr 2024, Bazar ertəsi

Bu, muxtar respublikamızın hərbi təhlükəsizliyinin təmini baxımından böyük əhəmiyyət kəsb edir

Ordu quruculuğu, onun döyüş və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü işlər bu gün uğurla davam etdirilir. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti yüksəldilir, maddi-texniki bazası möhkəmləndirilir, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Qürurla deyə bilərik ki, Naxçıvan Muxtar Respublikası ərazisindəki hərbi hissələrin də maddi-texniki təminatı və hazırlıq səviyyəsi günün tələbləri nəzərə alınaraq gücləndirilib, yüksək döyüş hazırlığı baxımından müasir dünya ordularından heç də geri qalmayan Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın təhlükəsizliyinin qarantına çevrilib.

Əlahiddə Ümumqoşun Ordu bütün döyüş tapşırıqlarını hər an layiqincə yerinə yetirməyə qadirdir.
Son illər muxtar respublikamızın hərbi təhlükəsizlik sistemini daha da gücləndirmək üçün tarixi əhəmiyyətə malik qərarlar qəbul olunub, lazımi addımlar atılıb. Müasir dövrün reallıqlarını nəzərə alan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təkcə ölkəmiz üçün deyil, ümumilikdə, Cənubi Qafqaz regionu və bütün Türk dünyası üçün mühüm strateji məkan kimi böyük əhəmiyyət kəsb edən Naxçıvanın müdafiə qabiliyyətinin artırılması məqsədilə “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordunun yaradılması da bunun ən bariz nümunəsidir. Ölkəmiz üçün böyük əhəmiyyətə malik olan bu dövlət sənədinin dəqiqliklə icrası nəticəsində Naxçıvanın müdafiə qabiliyyəti daha da artıb, bir mərkəzdən idarəetmə təkmilləşdirilib və nəticədə, daha effektiv müdafiə sistemi qurulub.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qədim diyarda Əlahiddə Ümumqoşun Ordunun yaradılması barədə danışarkən deyib: “Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.
Beynəlxalq hərbi ekspertlərin ümumi fikri belədir ki, istənilən ordunun döyüş qabiliyyətini, gücünü ancaq hərbi təlimlərdə və müharibədə müəyyənləşdirmək olar. Əlahiddə Ümumqoşun Ordunun istər hərbi təlimlərdə iştirakı zamanı nümayiş etdirdiyi döyüş qabiliyyəti, istərsə də təcavüzkar düşmənin təxribatlarına qarşı cavab zərbələri onun gücünü, qüdrətini göstərir. Bu il mayın 15-də Naxçıvan Muxtar Respublikasında keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində Əlahiddə Ümumqoşun Ordu nizam-intizamı və silah-sursat təchizatı ilə NATO kimi qüdrətli hərbi-siyasi təşkilatda dünyanın supergücü olan Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdə qərarlaşan, Avropada isə analoqu olmayan Türkiyə Silahlı Qüvvələri ilə eyni səviyyədə güc nümayiş etdirdi. Bu il iyunun 10-da – Milli Qurtuluş Günü ərəfəsində Əlahiddə Ümumqoşun Ordunun gecə şəraitində keçirdiyi taktiki təlimlər də şəxsi heyətin peşəkarlığının yüksək səviyyədə olduğunu sübuta yetirdi.
“Ordunun gücü xidmət edən şəxsi heyətin ruh yüksəkliyindən asılıdır”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bildirmişdir ki, bugünkü hərbi təlimdə iştirak edən əsgər və zabitlərin qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirməsi də onların döyüş hazırlığı ilə yanaşı, həm də ruh yüksəkliyini və vətənpərvərliyini bir daha nümayiş etdirdi.
Bu gün Əlahiddə Ümumqoşun Ordu əməliyyat-taktiki baxımdan yüksək döyüş hazırlığına malik olmaqla yanaşı, həm də muxtar respublikamızın hakim yüksəkliklərində etibarlı müdafiə sistemi qurub. Strateji yüksəkliklərdə müdafiə sisteminin etibarlı qurulması düşmənin hərəkət imkanlarını xeyli məhdudlaşdırır, istənilən təxribatlara qarşı adekvat cavab vermək imkanı yaradır. Əlahiddə Ümumqoşun Ordunun ətrafdakı ərazilərə maneəsiz nəzarət imkanı olması ona həm də istənilən hədəfi dəqiqliklə yox etmək imkanı verir. Təsadüfi deyil ki, düşmən ölkənin mətbuatı bu gün Azərbaycanın əsas ərazisindən ayrı salınmış Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordudan söz açarkən əvvəlcə muxtar respublikanın təmas xəttindəki hakim yüksəkliyinə diqqəti yönəldir. Onlar Əlahiddə Ümumqoşun Ordunu işğalçı Ermənistanın hərbi təhlükəsizliyi üçün bir nömrəli təhdid hesab edir, Naxçıvanla sərhəddə yerləşən erməni hərbi postların böyük təhlükə ilə üz-üzə qaldıqlarını vurğulayaraq həyəcan təbili çalırlar.
Muxtar respublikamızın strateji yüksəkliklərində etibarlı müdafiə sisteminin qurulması, burada Vətənə ləyaqətlə xidmət edən əsgər və zabitlərin xidmət şəraitinin daim diqqətdə saxlanılması, maddi-texniki təminatın gündən-günə daha da yaxşılaşdırılması hər birimizdə qürur hisləri ilə bərabər, əminlik yaradır. Çətin dağlıq şəraitdə yerləşən hərbi hissələrdə xidmət edən əsgərlər torpaqlarımızı etibarlı qoruyur. Güclü maddi-texniki təminat və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri dəfələrlə muxtar respublikanın hakim yüksəkliklərində xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə, buradakı vəziyyətlə maraqlanıb. İyulun 30-da Ali Məclisinin Sədri növbəti dəfə Batabat bölgəsindəki hərbi hissələrdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.
Vətən o zaman vətən olur ki, o həm qorunur, həm də vətən torpağından səmərəli istifadə olunur”, – deyən Ali Məclisin Sədri bildirib ki, vətən torpağının qorunması, eyni zamanda torpaqlardan səmərəli istifadə olunması bu gün ölkəmizin vətəndaşlarının və ordunun üzərinə düşən vəzifələrdir. Çünki sərhədlərimiz qorunursa, insanlar da öz vəzifələrini, işlərini rahat yerinə yetirə biləcəklər, öz zəhmətləri ilə ölkəmizin inkişafına töhfə verəcəklər. Əsgərlər xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə bu ərazilərdən səmərəli istifadə olunur. Xidmət olunan ərazilərdə heyvandarlar və arıçılar üçün əlverişli şərait vardır. Onlar burada rahat və təhlükəsiz şəkildə təsərrüfatları ilə məşğul olurlar. Birgə fəaliyyətin nəticəsi olaraq isə ölkəmiz abadlaşır, inkişaf edir.
Bu gün sərhədlərdə xidmət üçün zəruri olan hər bir şərait yaradılıb. Postlar ərazinin strateji əhəmiyyəti nəzərə alınaraq yerləşdirilib, lazımi yerlərdə müxtəlif mühəndis-istehkam qurğuları və maneələr yaradılıb, ön xəttin müdafiə qüdrəti xeyli gücləndirilib. Dayaq məntəqələri və postlar arasında yol və dayanıqlı rabitə əlaqələri yaradılıb, onların hər biri müasir döyüş texnikaları, artilleriya qurğuları ilə və atıcı silahlarla təmin olunub. Müşahidə zonasının daimi nəzarətdə saxlanması təmin edilib. Müasir müşahidə cihazları vasitəsilə qarşı tərəfin mövqeləri istənilən hava şəraitində müşahidə olunur.
Maddi-texniki təminatla yanaşı, yüksək dağlıq şəraitində xidmət keçən şəxsi heyətin döyüş hazırlığına da diqqət yetirilir. Təmas boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi, hərbi intizamın daim möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması diqqətdə saxlanılır, əsgər və zabitlər xidməti vəzifələri şərəf və ləyaqətlə yerinə yetirirlər.
Bu gün sərhədlərin etibarlı qorunması insanlara arxayınlıq, Batabat yaylaqlarına isə yeni həyat bəxş edib. Məhz buna görədir ki, yay aylarında obalara köç edənlərin sayı hər ötən il daha da artır. Hazırda yaylaqlarda Şərur rayonunun Dizə, Babək rayonunun Cəhri, Gülşənabad, Şıxmahmud, Kəngərli rayonunun Çalxanqala, Xok və digər kəndlərindən olan 30-a yaxın ailə heyvandarlıqla məşğul olur. Ümumilikdə, onların təsərrüfatında 10 mindən artıq xırdabuynuzlu heyvan və mindən artıq iribuynuzlu mal-qara saxlanılır. Onlar düşmənin, necə deyərlər, bir addımlığında yerləşən Batabat yaylaqlarında rahat yaşayırlar. Səbəb isə, ümumilikdə, muxtar respublikada etibarlı müdafiə sisteminin qurulması, hərbi təhlükəsizliyin təmin olunması, yüksək döyüş hazırlığına malik Əlahiddə Ümumqoşun Ordunun strateji yüksəkliklərə tam nəzarət etməsidir.

 Rauf ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR