Ölkəmizin müasir inkişaf modeli dünya iqtisadi sisteminə sürətli keçidi təmin edərək müxtəlif sahələrin yeni mərhələyə qədəm qoymasına şərait yaratmışdır. Bu sahələr içərisində miqrasiya proseslərinin müasir tələblər səviyyəsində formalaşdırılması əhəmiyyətli rol oynayır. Xüsusilə son illərdə Azərbaycanda bazar münasibətlərinin inkişafı istiqamətində aparılan iqtisadi islahatlar və bu islahatlar nəticəsində ölkəmizin geosiyasi mövqeyinin gündən-günə möhkəmlənməsi, investisiya maraqları baxımından cəlbedici regiona çevrilməsi miqrasiya axınlarının artmasına səbəb olmuşdur.
Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə ölkəmizdə, eləcə də muxtar respublikamızda bir sıra zəruri normativ-hüquqi aktlar qəbul edilib, əcnəbilərin ölkəyə gəlməsi və ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Miqrantların qeydiyyat və uçotunun təkmilləşdirilməsi, pasport-viza, vergi, gömrük və sərhəd nəzarəti texnologiyalarının unifikasiyası, avtomatlaşdırılması və möhkəmləndirilməsi miqrasiya proseslərinin tənzimlənməsində xüsusi əhəmiyyətə malikdir. Məhz bu baxımdan miqrasiya xidmətlərinin göstərilməsində elektron informasiya resurslarından istifadə vacib məsələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da informasiya və kommunikasiya texnologiyaları ölkəmizin davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Bu baxımdan muxtar respublikada da elektron informasiya resurslarının yaradılmasına ciddi diqqət yetirilir. Çünki dövlət-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində də bu sahədə mühüm tədbirlər həyata keçirilir.
2015-ci il mayın 27-də adıçəkilən qurum üçün yeni inzibati bina istifadəyə verilmiş, kollektiv üçün hərtərəfli şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasının açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvan uzun illərdir, blokada şəraitində yaşayır. Ona görə də muxtar respublikaya miqrantların gəlməsi təəccüblü görünə bilər. Lakin bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycanın iqtisadi inkişafı fonunda inkişaf edən Naxçıvan Muxtar Respublikasına qonşu ölkələrdən gələn miqrantların sayı ilbəil artır. Bu da Naxçıvanda miqrasiya tədbirlərinin həyata keçirilməsini zəruri etmişdir. Bu gün dünyada baş verən proseslər, bəzi ölkələrdə terror hadisələrinin törədilməsi bu sahədə ciddi tədbirlərin həyata keçirilməsini, xüsusilə də miqrasiya proseslərinə nəzarətin artırılmasını zəruri edir. Ölkəmizdə bu sahə üzrə qəbul edilmiş qanunvericilik bazası muxtar respublikada da miqrasiya sahəsində qarşıya qoyulan vəzifələrin hüquqi qaydada həyata keçirilməsinə təminat verir”.
Qeyd edək ki, xidmətdə yeni informasiya texnologiyalarının tətbiqi Azərbaycan Respublikasının vətəndaşları, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvafiq xidmətlərdən lazımınca yararlanmaq imkanını təmin etmişdir. Qeydiyyat şöbəsində sənədlərin qəbulu elektron növbəlilik metodu ilə həyata keçirilir. Bunun üçün gözləmə zalında xüsusi avadanlıq quraşdırılmışdır. Həmçinin burada elektron məlumat köşkü də qoyulub ki, bu köşk vasitəsilə miqrasiya xidmətinin müxtəlif sahələrinə aid üç dildə həm yazılı, həm də səsli formatda məlumat verilir. Elektron məlumat köşkləri Sədərək, Culfa, Şahtaxtı sərhəd-keçid məntəqələrində də quraşdırılmışdır ki, bu da muxtar respublikaya gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə qanunvericiliyə uyğun miqrasiya xidmətlərinin göstərilməsi haqqında məlumatları çatdırmaqda əhəmiyyətli rol oynayır. Eyni zamanda xidmətin qeydiyyat zalında 2 ədəd monitor quraşdırılmışdır ki, bu da vətəndaşları miqrasiya sahəsində hüquqi maarifləndirmək məqsədi daşıyır. Bu monitorlar vasitəsilə 3 dildə (Azərbaycan, rus, ingilis) miqrasiya qanunvericiliyi əsasında videoçarxlar nümayiş etdirilir. Bu videoçarxları izləməklə zəruri məlumatları buradan öyrənmək mümkündür. Qeydiyyat şöbəsində pasportların optik oxuyucudan keçirilməklə oxunması isə gecikmə hallarının qarşısının alınmasında müstəsna əhəmiyyətə malikdir. Belə ki, optik oxuyucudan keçirilməklə oxunan pasport haqqında məlumatlar avtomatik olaraq məlumat bazasına ötürülür. Bu da işin daha səmərəli və tez görülməsinə imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti üçün müəyyən olunmuş konkret xidmətlər üzrə sahələr avtomatlaşdırılmışdır. Bu məqsədlə xidmətin inzibati binasında mərkəzi server sistemi quraşdırılmış, “Elektron xidmətlər” portalı yaradılmış və “Elektron hökumət” internet portalına inteqrasiya olunmuşdur. Bu inteqrasiyanın nəticəsində xidmət tərəfindən olduğu yer üzrə qeydiyyata alınma, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşamaq, daimi yaşamaq, əmək fəaliyyəti üçün icazələrin verilməsi və əmək fəaliyyəti müddətlərinin uzadılması Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilməsi, miqrasiya orqanlarına qəbul, cərimə və dövlət rüsumlarının onlayn ödənilməsi kimi 9 növ elektron xidmət göstərilir.
Göstərilən elektron xidmət növlərinin ictimaiyyətin istifadəsinə verilməsi və istifadəsinin asanlaşdırılması məqsədilə 2014-cü ilin aprel ayında istifadəyə verilən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin www.miqrasiya.nakhchivan.az rəsmi internet səhifəsi üzərində yeni bölmələr yaradılmışdır. Bu bölmələrə “Elektron xidmət” və “Onlayn ödəmə” bölmələri də daxildir. Hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs, o cümlədən Azərbaycan Respublikası vətəndaşları da bu xidmət növlərindən istifadə etməklə vaxt itkisi olmadan Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilirlər. İstifadəçilər cərimə və rüsumlarını elektron formada ödəmək üçün “Onlayn ödəmə” bölməsini seçməklə onlara verilmiş qaimə kodu vasitəsilə ödəniş edə bilərlər.
Bundan əlavə, xidmətdə kitabxana və arxiv fondları da elektronlaşdırılmışdır. Ötən dövr ərzində xidmətə müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar elektron formatda arxivləşdirilmişdir.
Qeyd olunanlardan əlavə, burada yaradılmış Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə muxtar respublikada baş verən miqrasiya proseslərini bir mərkəzdən idarə etmək, qeyri-qanuni miqrasiya ilə mübarizə, eləcə də təhlükəsizlik tədbirləri həyata keçirmək mümkündür. Həmçinin Vahid Miqrasiya Məlumat Sistemi əcnəbi və vətəndaşlığı olmayan şəxslərin fəaliyyətlərini qanunvericiliyə uyğun olaraq nəzarətdə saxlamağa imkan verir.
Vətəndaşların lazımi informasiyaları əldə etmək hüququnu təmin etmək və Dövlət Miqrasiya Xidməti ilə əlaqəni şəffaflaşdırmaq üçün tətbiq edilən yeniliklərdən biri də “202-Miqrasiya Məlumat Mərkəzi”nin yaradılmasıdır. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər müvəqqəti və daimi yaşamaq üçün icazənin, habelə Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, iş icazəsinin verilməsi, o cümlədən vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi və bu kimi hallarla bağlı ətraflı informasiya almaq istəyən şəxslər adıçəkilən mərkəzə müraciət edə bilərlər.
Tətbiq edilən yeniliklərdən biri də xidmətin elektron poçt ünvanına daxil olan SMS xidmətidir. 2015-ci ilin yanvar ayından “Naxtel” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, muxtar respublikada ilk dəfə olaraq Toplu SMS xidməti istifadəyə verilmişdir. Bu xidmətin istifadəyə verilməsi ilə Dövlət Miqrasiya Xidmətinin elektron poçt ünvanına daxil olan müraciətlərə müvafiq bildirişlər müraciət edənlərin mobil telefonlarına qısa mesaj şəklində göndərilir. Bu da vətəndaşların sorğularına verilən cavabların daha operativ olmasını təmin edir.
Bəli, bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin hərtərəfli fəaliyyəti üçün yaradılmış şərait bu sahəyə göstərilən dövlət qayğısının nəticəsi olmaqla yanaşı, muxtar respublikada miqrasiya proseslərinin yüksək səviyyədə həll olunmasına da imkan verir. Muxtar respublikanın mühüm geostrateji mövqedə yerləşməsi, regionun hərtərəfli inkişafı yuxarıda qeyd olunduğu kimi miqrasiya axınlarının da sürətlənməsinə gətirib çıxarır. Ancaq yaradılmasından çox qısa bir dövr keçməsinə baxmayaraq, bu sahənin hərtərəfli inkişafı istiqamətində atılan addımlar, müasir informasiya texnologiyalarının tətbiqindən səmərəli istifadə miqrasiya proseslərinə nəzarət funksiyasının daha səmərəli həyata keçirilməsinə şərait yaradır.
Səbuhi Həsənov