Ölkə ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrinə ötən ilin aprel ayının 1-dən Avro-4 ekoloji normaları tətbiq edilir. Məqsəd avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılmasından və ekoloji vəziyyətin yaxşılaşdırılmasından ibarətdir. Avro-4 standartlarının tətbiqi, həmçinin ölkənin avtomobil parkının yenilənməsinə və daha yeni avtomobillərlə təchiz olunmasına şərait yaradır.
Ölkə ərazisinə idxal olunan avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunluğu gömrük rəsmiləşdirilməsi zamanı müəyyən olunur. Qeyd edək ki, ölkə üzrə avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi iki yerdə – Bakıda və Naxçıvanda həyata keçirilir. Bu vaxta qədər muxtar respublikada rəsmiləşdirilən avtonəqliyyat vasitələrinə Avro-4 ekoloji normasına uyğunluqla bağlı sertifikat Azərbaycan Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət əsasında verilirdi.
Məlumat üçün bildirək ki, Naxçıvan Gömrük Ekspertizası İdarəsi Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiya olunub. İndi həmin qurum avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin miqdarının təyini analizlərini apararaq onlara uyğunluq sertifikatı vermək səlahiyyətinə malikdir.
Naxçıvan Gömrük Ekspertizası İdarəsi üçün alınıb quraşdırılmış “BOSCH” markalı analizator cihazı həm benzin, həm də dizel yanacağı ilə işləyən avtonəqliyyat vasitələrindən atmosferə atılan tullantı qazlarında karbon qazı, dəm qazı, karbohidrogenlər, oksigen və azot oksidinin miqdarını müəyyən etməyə imkan verir. Ölçmələrin dəqiq aparılması üçün cihaz avtonəqliyyat vasitəsinə qoşulur və bu yolla texniki göstəricilərlə bağlı lazımi məlumatlar cihaza ötürülür. Ölçmə prosesi cihazın verdiyi komandalara görə aparılır. Çap olunan nəticələrə əsasən, avtonəqliyyat vasitəsinin hansı ekoloji sinfə mənsub olması asanlıqla və operativ şəkildə müəyyən olunur. Bəzən avtonəqliyyat vasitəsinin mühərriki Avro-4 standartına cavab versə də, avtomobildəki hər hansı nasazlıq ucbatından tullantı qazlarının normalara uyğun olmadığı aşkarlanır. Bu zaman avtonəqliyyat vasitəsi sahibindən nasazlığın yerində aradan qaldırılması tələb edilir, bu mümkün olmadıqda isə, avtonəqliyyat vasitəsi ölkə ərazisində dövriyyəyə buraxılmır.
Avtonəqliyyat vasitələrinin hansı ekoloji sinfə mənsub olmasının müəyyənləşdirilməsi və Avro-4 standartlarına uyğunluqla bağlı sertifikatın verilməsi elektron qaydada həyata keçirilir. Belə ki, sərhəd gömrük orqanları tərəfindən sərhədi keçən avtonəqliyyat vasitələri ilə bağlı gömrük orqanlarının vahid avtomatlaşdırılmış idarəetmə sistemi (VAİS) üzərindən verilmiş elektron sorğu Naxçıvan Gömrük Ekspertizası İdarəsi tərəfindən dəyərləndirilərək dərhal cavablandırılır. Uyğunluq sertifikatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə elektron qaydada həyata keçirilən məlumat mübadiləsi əsasında verilir.
Sertifikatlaşdırma orqanı kimi akkreditasiyadan keçən Naxçıvan Gömrük Ekspertizası İdarəsi tərəfindən nəinki ölkəyə gətirilən, həmçinin daxili bazarda istismar, satış və ya digər məqsədlər üçün istifadəsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin standartlara uyğunluğu müəyyən olunur, həmçinin buraxılış tarixindən bir il ötməmiş avtonəqliyyat vasitələrinin tipinin təsdiqi üzrə sertifikatlaşdırma işi həyata keçirilir. Bu isə Naxçıvan Muxtar Respublikasında dövriyyəyə buraxılan bütün avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji sinfinə uyğunluğunun yerindəcə yoxlanılmasına, atmosferə atılan zərərli maddələrin miqdarını tənzimləyən ekoloji standartların tətbiqinə daha ciddi nəzarət etməyə imkan verir.
Xəbərlər şöbəsi