Naxçıvan şəhəri
22 iyul – Milli Mətbuat Günü və Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirildi.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Naxçıvan şəhərindəki “Təbriz” restoranında keçirilən tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edərək bildirdi ki, 22 iyul xalqımızın həyatında işıqlı bir dövrün başlanğıc günü kimi Azərbaycanın ictimai-siyasi fikir tarixində, elmin, mədəniyyətin inkişafında mühüm hadisəyə çevrilib. 1875-ci ilin 22 iyulunda işıq üzü görən “Əkinçi” qəzeti milli mətbuatımızın yaranmasının təməlini qoyub, milli birliyimizin möhkəmlənməsində böyük rol oynayıb. Həsən bəy Zərdabinin ideyalarını və “Əkinçi” ənənələrini yaşadan Azərbaycan mətbuatı 140 il ərzində böyük inkişaf yolu keçib.
Söz, fikir və məlumat azadlığının təmin edilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərinin olduğunu nəzərə çatdıran Vüqar Səfərov dedi ki, ulu öndərin siyasətini davam etdirən ölkə başçısı cənab İlham Əliyev də Azərbaycan mətbuatının inkişafına xüsusi diqqət yetirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il iyunun 2-də imzaladığı “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən, çoxsaylı tədbirlərin keçirilməsi, jurnalistlərin təltif edilməsi bu sahəyə göstərilən qayğının əyani nümunəsidir.
“Bu gün iftixar hissi ilə deyə bilərik ki, muxtar respublikada da Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən Heydər Əliyev ənənələrinə sadiqlik nümunəsi göstərilərək kütləvi informasiya vasitələrinin inkişafına xüsusi diqqət yetirilir”, – deyən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, muxtar respublikanın ictimai-siyasi həyatının güzgüsü hesab edilən “Şərq qapısı” qəzeti ilə bərabər, 7 şəhər və rayon qəzetlərinin fəaliyyəti üçün bu gün hər cür şərait yaradılıb, mətbuat işçilərinin əməyi daim yüksək qiymətləndirilib. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinin fəxri adlarla təltif edilməsi muxtar respublika rəhbərinin dövri mətbuata olan diqqət və qayğısının növbəti təzahürüdür.
Yubiley tədbiri çay süfrəsi arxasında davam etdirildi.
Şərur rayonu
Şərur rayonunda da milli mətbuatın 140 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edərək “Şərurun səsi” qəzetinin inkişaf tarixindən danışmışdır.
Qeyd olunmuşdur ki, Şərur rayonunda qəzetin ilk nömrəsi 1931-ci ilin oktyabr ayında buraxılmışdır. O dövrdə “Pambığa doğru” adlanan qəzetin cəmi iki əməkdaşı olmuşdur. 1954-cü ildə “Noraşen kolxozçusu” adı ilə fəaliyyətini davam etdirən Şərur rayon qəzeti bölgədə kənd təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin işıqlandırılmasına ciddi diqqət yetirir, geridə qalanların işini tənqid edirdi. 1959-cu ildə fəaliyyəti dayandırılan qəzet 1966-cı ilin yanvar ayından “İşıqlı yol” adı ilə çap olunmuşdur. Bu dövrdən başlayaraq 1992-ci ilədək müxtəlif dövrlərdə Şərur rayon qəzeti təcrübəli jurnalist Cəfər Məmmədovun, Rafiq Həsənovun, Hüseyn Əbdülhüseynovun və Mikayıl Əliyevin rəhbərliyi ilə çapdan çıxmışdır. 1991-ci ilin yanvar ayından qəzet “Şərurun səsi” adı ilə oxucularının görüşünə gəlir. Müstəqillik illərində Şərur rayon qəzetinin kollektivi oxuculara bir-birindən maraqlı nömrələr çatdırmağa çalışmışdır.
Bildirilmişdir ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mətbuat quruculuğu sahəsində həyata keçirilən tədbirlər və muxtar respublikamızda mətbuatın inkişafı, kütləvi informasiya vasitələri işçilərinə göstərilən diqqət və qayğı jurnalistikamızın, o cümlədən “Şərurun səsi” qəzetinin də sərbəst fəaliyyətini təmin etmişdir. Qəzetlərin normal fəaliyyət göstərməsi üçün yaradılan hərtərəfli şərait, fəal jurnalistlərin əməyinin daim yüksək qiymətləndirilməsi bu gün muxtar respublikamızda nəşr olunan bütün mətbu orqanlar kimi, “Şərurun səsi” qəzetinin əməkdaşlarını da daha yüksək yaradıcılıq uğurlarına həvəsləndirir.
Sonra “Şərurun səsi” qəzetinin redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Elman Məmmədov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ümbülbanu Musayeva, “Şərurun səsi” qəzetinin müxbiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Babək İsmayılov və qocaman jurnalist Mirhüseyn Seyidov çıxış edərək mətbuat işçilərinə göstərilən dövlət qayğısından, “Şərurun səsi” qəzetinin keçdiyi yoldan bəhs etmişlər.
Babək rayonu
Babək rayonunda keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev çıxış edərək mətbuata ulu öndər Heydər Əliyev tərəfindən göstərilən qayğıdan danışmışdır. Bildirmişdir ki, bu gün mətbuata qayğı ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikada da mətbuatın fəaliyyətinə geniş şərait yaradılması ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətə sadiqliyin nəticəsidir.
“Şərqin səhəri” qəzetinin redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hafizə Əliyeva qəzetin tarixi haqqında danışaraq bildirmişdir ki, 1978-ci ilin oktyabrında Babək rayonu yaradılmış, bir qədər sonra, 1979-cu il yanvar ayının 1-də rayonun “Əmək bayrağı” adlı qəzeti fəaliyyətə başlamışdır. Qəzet 1992-ci ildən “Şərqin səhəri” adı ilə çap olunur.
Vurğulanmışdır ki, muxtar respublikada mətbuatın inkişafına göstərilən qayğıdan “Şərqin səhəri” qəzetinə də xeyli pay düşmüş, redaksiyaya yeni kompüter dəsti və fotoaparat verilmişdir. Bu gün qəzetimiz ayda 4 dəfə rəngli, böyük formatda çap olunur.
Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Hüseynov, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov, rayon Təhsil Şöbəsinin müdiri Kamil Kazımov, şair Qanun Ümman, qəzetin əməkdaşları Zaleh Novruzov, Faiq Allahverdiyev çıxışlarında ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda mətbuata göstərilən dövlət qayğısının davamlı xarakter aldığını, belə qayğının mətbuat işçilərinin məsuliyyət hissini bir qədər də artırdığını bildirmiş, milli mətbuatın 140 illik yubileyi münasibətilə mətbuat işçilərini təbrik etmişlər.
Sonra tədbir çay süfrəsi arxasında davam etdirilmişdir.
Ordubad rayonu
Ordubad rayonunda da Milli Mətbuat Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının sədri Fərrux Nağızadə, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Vilayət Bağırov, “El həyatı” qəzetinin redaktor əvəzi Abbas Seyid, İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli çıxış etmişlər. Qeyd olunmuşdur ki, ilk mətbuat orqanımız “Əkinçi”nin fəaliyyətə başladığı gündən 140 il ötür. İki il fəaliyyət göstərən, 56 nömrəsi işıq üzü görən “Əkinçi” qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün çətinliklərlə üzləşmiş, ancaq öz yolundan dönməmiş, güclü mətbuat ənənələri yarada bilmişdir. “Əkinçi”dən sonra meydana çıxan “Şərqi-Rus”, “Kəşkül”, “Həyat”, “Tərəqqi” və sair qəzetlər, “Molla Nəsrəddin”, “Füyuzat”, “Qurtuluş”, “Məktəb” və sair jurnallar həmin ənənələrdən istifadə etməklə xalqın maariflənməsində mühüm xidmətlər göstərmişlər.
Bildirilmişdir ki, 1932-ci il iyul ayının 24-də Ordubad rayonunda nəşrə başlayan “Ordubad fəhləsi” qəzeti özündən əvvəlki ənənələri yaşatmağa çalışmış, müxtəlif illərdə “Ordubad işçisi”, “Yeni Ordubad” və “El həyatı” adları ilə çap olunmuşdur. 1991-ci il yanvar ayının 1-dən “El həyatı” adı ilə nəşr olunmağa başlayan qəzet ayda 4 dəfə oxucuları ilə görüşür.
Vurğulanmışdır ki, müstəqillik illərində daim dövlət qayğısını öz üzərində hiss edən “El həyatı” qəzetinin fəaliyyətini normal şəkildə davam etdirməsi üçün hər cür imkan və şərait yaradılmış, redaksiya işçiləri işıqlı iş otaqları, mebel dəstləri, kompüter, fotoaparatla təmin olunmuşlar. Rayon qəzeti müasir dövrün tələbləri ilə ayaqlaşmaq üçün öz fəaliyyət istiqamətini bir qədər də genişləndirmiş, özünə geniş oxucu auditoriyası toplaya bilmiş, rayon həyatının güzgüsü rolunu oynamaq üçün bütün imkanlarını səfərbərliyə almışdır.
Qəzet rayonun ictimai həyatında fəal rol oynayır. Bölgənin tarixinin, bugünkü inkişafının və digər sahələrin salnaməsini yaratmaq üçün üzərinə düşən vəzifələri yerinə yetirməyə səy göstərir.
Culfa rayonu
Milli mətbuatın 140 illik yubileyi münasibətilə Culfa rayonunda keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxış edib.
Qeyd olunub ki, müstəqilliyimiz bərpa edildikdən sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilib.
Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb.
Bildirilib ki, mətbuatın inkişafı sahəsində Naxçıvan Muxtar Respublikasında da mühüm tədbirlər həyata keçirilib. Təməli 1935-ci ildə qoyulan “Arazın səsi” qəzetinin inkişaf mərhələsi 1995-ci ildən başlayıb. Muxtar respublika rəhbərinin mətbuatın inkişafına göstərdiyi yüksək diqqət və qayğı “Arazın səsi” qəzetinin də fəaliyyətində böyük rol oynayıb.
Sonra “Arazın səsi” qəzetinin redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Şəkərəliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Fərəc Fərəcov, müharibə veteranı, “Arazın səsi” qəzetinin sabiq redaktor müavini Cəfər Əliyev mətbuat orqanlarına göstərilən dövlət qayğısından danışıb, rayonun mətbu orqanı olan “Arazın səsi” qəzetinin keçdiyi yoldan bəhs ediblər.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
Kəngərli rayonu
Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə Kəngərli Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
“Yeni həyat” qəzetinin əməkdaşlarının və ictimaiyyətin nümayəndələrinin qatıldığı tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov jurnalistləri bayram münasibətilə təbrik edib, mətbuatın keçdiyi uzun və şərəfli yoldan danışıb. Bildirilib ki, milli mətbuat bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra mətbuatımız da bir sıra problemlərlə üzləşib, lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra həmin problemlərin həlli istiqamətində vacib addımlar atılıb, Konstitusiyamızda mətbuat azadlığı təsbit olunub, senzura ləğv edilib. Ulu öndərimizin siyasi varisi, ölkə başçısı cənab İlham Əliyev tərəfindən mətbuat sahəsinə göstərilən dövlət qayğısı davamlı və ardıcıl xarakter alıb.
“Yeni həyat” qəzetinin məsul katibi Ramiz Qasımov çıxışında qeyd edib ki, muxtar respublikamızda söz, fikir və məlumat azadlığı yüksək səviyyədə təmin edilib. Kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək göstərilir. Bu qayğıdan Kəngərli rayonunun mətbu orqanı olan və artıq on ildir ki, oxucuların görüşünə gələn “Yeni həyat” qəzeti də xeyli bəhrələnib. Göstərilən diqqət və qayğının müqabilində rayon qəzetinin əməkdaşları milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliği, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı yeniliklərin ictimaiyyətə operativ və əhatəli şəkildə çatdırılması sahəsində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
Sonra tədbir çay süfrəsi arxasında davam etdirilib.
Şahbuz rayonu
Şahbuz rayonunda 22 iyul – Milli Mətbuat Günü münasibətilə keçirilən tədbiri Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açaraq mətbuat işçilərini bayram münasibətilə təbrik edib, Azərbaycanda, eləcə də muxtar respublikada mətbuata göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, ulu öndər Azərbaycan mətbuatının hər zaman himayədarı olub, bu sahənin inkişafı üçün misilsiz xidmətlər göstərib. Ümummilli liderimizin ideyalarına sadiq olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov mətbuatın hərtərəfli dövlət qayğısı ilə əhatə olunması prinsipini əsas götürərək regionumuzda bu sahəni diqqət mərkəzində saxlayıb.
“Oğuz səsi“ qəzetinin redaktoru Şəhla Nəbiyeva Azərbaycanın mətbuat orqanlarına göstərilən diqqət və qayğıdan danışıb.
Tədbirdə “Oğuz səsi” qəzetinin keçmiş əməkdaşlarından Xanlar Səfərəliyev, Qaşdar Əliyev çıxış ediblər.
Qeyd olunub ki, “Oğuz səsi” qəzeti 79 ildir, milli mətbuat tarixindən miras qalmış ənənələri davam etdirməklə rayonun ictimai həyatında fəal rol oynayır. Qəzetin tarixinə qısa nəzər saldıqda onun böyük bir inkişaf yolu keçdiyini görmək olur. 1936-cı ildən “Sosializm maldarlığı”, 1966-cı ildən isə “Qabaqcıl” adı ilə nəşr olunan qəzetin adı müstəqillik illərində dəyişib. 1991-ci ildən “Oğuz yurdu”, 1992-ci ildən isə “Oğuz səsi” adı ilə nəşr olunan qəzet fəaliyyət göstərdiyi illərdə həm ideoloji işin, həm də milli dəyərlərin yaşadılması baxımından rəngarəng yazılarla oxucu ünvanına yol tapıb, böyük auditoriya qazanıb. Bu gün “Oğuz səsi” qəzetinin əməkdaşları rayonun inkişaf salnaməsini yaradırlar.
Tədbirin sonunda Milli Mətbuat Günü münasibətilə rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilib.
Sədərək rayonu
Milli mətbuatımızın 140 illik yubileyi sərhəd bölgəsi olan Sədərək rayonunda da qeyd olunub. Bu münasibətlə keçirilən tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açıb.
Vurğulanıb ki, bu gün müstəqil Azərbaycan dövləti əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Mətbuatın inkişafına göstərilən diqqət və qayğı muxtar respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin də hərtərəfli inkişafını təmin edib. İnanırıq ki, yaradılmış şərait jurnalistlərin bundan sonra da yaxşı işləməsinə, üzərlərinə düşən məsuliyyətli və şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməsinə imkan verəcəkdir.
“Oğuz yurdu” qəzetinin redaktoru Sərxan İsmayılov bildirib ki, rayon İcra Hakimiyyətinin orqanı olan “Oğuz yurdu” qəzetinin ilk nömrəsi 2000-ci ildə işıq üzü görüb. İlk illərdə kiçik ölçüdə və ayda, sadəcə, iki dəfə buraxılan qəzet hazırda ayda dörd sayı ilə oxucularının görüşünə gəlir. Sərhəd bölgəsinin ictimai, siyasi, mədəni həyatını olduğu kimi işıqlandırmağa çalışan qəzet rayonun güzgüsü olmağa çalışır.
Qeyd olunub ki, Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənib. İndi Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında istənilən şəxs mətbuatda rahatlıqla çıxış edə bilər. Bunun üçün yetərincə əlverişli mühit yaradılıb. Sərxan İsmayılov bildirib ki, mətbuatın fəaliyyəti üçün yaradılmış şərait onları daha yaxşı işləməyə, göstərilən etimadı layiqincə doğrultmağa sövq edir.
Tədbirdə rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov, Maliyyə Şöbəsinin müdiri Məhərrəm Qədimov, “Oğuz yurdu” qəzetinin keçmiş əməkdaşı Zakir Zamanov, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəşad İsmayılov çıxış edərək kollektivə səmimi təbriklərini çatdırıblar.
* * *
Qeyd edək ki, muxtar respublikanın kütləvi informasiya vasitələrinin əməkdaşlarına Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə bir aylıq əməkhaqqı miqdarında pul mükafatı verilib.
Xəbərlər şöbəsi