23 Dekabr 2024, Bazar ertəsi

Ailə dəyərlərimizi qoruyaq və yaşadaq

Mövzu həm cəmiyyətimizin axarına, həm də hər bir gəncin həyat yolunun istiqamətinə təsir imkanları olan, son illər gündəmdən düşməyən informasiya-kommunikasiya texnologiyalarının gətirdiyi yeniliklər, xüsusən də sosial şəbəkələrin ailə münasibətlərinə təsiri ilə bağlıdır. Məqsəd gənclərin həyatımıza daxil olan bu yenilikdən düzgün istifadə etmədikdə xalqımızın ailə dəyərlərinə vurduğu zərbələri izah etmək, ailə dəyərlərimizin müqəddəsliyini və həyatımızdakı əvəzsiz rolunu xatırlatmaqdır.

Müasir informasiya cəmiyyətinin xüsusiyyətlərindən biri informasiyanın bütün sahələrdə aparıcı rol oynamasıdır. Sözsüz ki, sivilizasiyanın inkişaf səviyyəsindən asılı olaraq kompüter və elektron texnologiyaların, internetin, o cümlədən sosial şəbəkələrin həyatımıza daxil olması hazırda insanların bu qurğularla paralel yaşamasına səbəb olub. Bu mənada cəmiyyətin əsas inkişafda olan, gücü sayılan gənclərin informasiya resurslarından istifadəsi digər əhali qruplarına nisbətdə daha yüksək göstərici ilə müşahidə olunur. Lakin təəssüf hissi ilə qeyd edək ki, bu qurğulardan istifadə zamanı bəzən qarışıq informasiya bolluğuna düşən, vaxtdan, vəziyyətdən düzgün istifadə edə bilməyən bəzi gənclər və yeniyetmələr xarakterlərindən, düşdükləri mühitdən asılı olaraq gündəlik həyatlarında müəyyən problemlərlə rastlaşır, onların həlli yollarını tapmaqda çətinlik çəkirlər.
Yaşadığımız informasiya cəmiyyətində gənclərin sosial şəbəkələrdən istifadəsini ümumi xarakteristikasına görə iki qrupa bölmək olar. Bir qrup gənclər sosial şəbəkələrdə xalqımızın tarixini, ictimai-mədəni həyatını və dövlətçiliyi təbliğ edir. Bu, hər zaman dəstəklənir və xalqımıza, dövlətimizə faydalı olmaqla yanaşı, gənclərin ictimai-siyasi və sosial həyata inteqrasiyası kimi qiymətləndirilir. Digər gənclər isə fəaliyyət və şəxsi həyatlarına xələl gətirəcək, heç bir faydası olmayacaq səpkidə sosial şəbəkələrdən istifadə edir. Bu, birmənalı olaraq qəbuledilməzdir və təəssüf doğurur. Belə bir çərçivədə gənc­lər tərəfindən sosial şəbəkələrə yanaşma təkcə onların şəxsi obrazlarına mənfi təsir etmir, eləcə də xalqımızın milli-mənəvi simasının eroziyaya uğrama təhlükəsi yaradır.
Müasir dövrdə bəzi gənc ailələrin adət-ənənədən, milli dəyərlərdən uzaqlaşmasının sosial problemlərlə əlaqəsi yoxdur. Düşünürəm ki, buna informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində meydana çıxan digər spektrli problemlər kontekstindən yanaşmaq zəruridir. Dünyanın bir çox regionlarındakı səmərəsiz “virtuallaşma” problemini qloballaşmanın “küləyinin” yaşadığımız regiona gətirməsi etiraf etməliyik ki, qaçılmazdır. Bunun ailə institutumuza zidd olmasını hamımız bilməli və sosial şəbəkələrdən düzgün istifadə metodunu bacarmalıyıq. Xüsusən də yeni ailə quran gənclər ailə dəyərlərinə, əxlaqi prinsiplərə daha çox üstünlük verməli, əsrlərdən süzülüb gələn ənənələrimizi yaşatmağı özlərinə borc bilməlidirlər. Çünki xalqımızın adət-ənənəsinin, ailə dəyərlərinin bugünkü sahibləri gənclərdir və gələcək nəsillərə çatdırılmasında onlar bir körpüdürlər. Dərindən analiz etdikdə görərik ki, gənc­lərin keçmişlə gələcəyi bağlayan funksiyası, ilk olaraq, ailədən başlayır. Bu baxımdan gənclərin sosial şəbəkələrdən qeyri-düzgün istifadəsi ənənəvi, mental dəyərlərə söykənən ailədaxili münasibətlərə xələl gətirir. Məsələn, açıq desək, ailəni quran tərəflər ailəsinin bütövlüyünə xələl gətirəcəyi sosial şəbəkədə özünün marağında olan insanları tapır, eyni məkanda öz istəyinə uyğun insanları axtarırlar. Bu tendensiya, eyni zamanda ailənin digər üzvlərinə də sirayət edir. Beləliklə də, ailə məkan kimi qalır, amma daxilində olan dəyərlər dağılmağa başlayır. Ailə daxilində kiçikdən-böyüyə, böyükdən-kiçiyə olan münasibətlər istiqamətini dəyişir. Ailə daha əvvəlki ailə olmur, milli-mənəvi dəyərlərin daşıyıcısı olmaq funksiyasını get-gedə itirməyə başlayır. Ailədə olan hər bir insan artıq özünü kobud şəkildə azad subyekt kimi hiss edir. Bu da, əlbəttə ki, ilk növbədə, əxlaqi dəyərlərə ziddir. Bəzi gənclər ətrafındakı yaxınları ilə, yəni ailə üzvləri ilə danışmaq, ünsiyyət yaratmaq əvəzinə sosial şəbəkələrdə tanımadığı insanlarla ünsiyyət qurmağa üstünlük verir və uzun müddət virtual məkanda qalırlar. Vaxt ötür, illər keçir belə bir şəraitdə yaxın insanlar, həmçinin ailə üzvləri arasında münasibət soyuyur, onların arasındakı məsafə günbəgün çoxalır. Sosial şəbəkələr, elektron poçtla dəyərsiz yazışma – bütün bunlar ailədəki vaxtı virtual aləmə qurban verən məsələlərdir. Bəzən gənclər sosial şəbəkələrə o dərəcə bağlanır ki, bir gün statusunu yeniləməsə özünü çox narahat hiss edir.
Ailəni quran tərəflər bilməlidirlər ki, sosial şəbəkələrdə qiyabi tanışlıqlar istər-istəməz doğma ailəsini yad bir insanın kölgəsində qoyur. Öz həyat yoldaşını qiymətləndirmək bacarığı məhdudlaşır, ailə və cəmiyyət qarşısında daşıdığı məsuliyyət dayazlaşır, beləliklə, boşanmanın ilk səhifəsi açılmış olur. Ailə daha dərin məzmun daşımır, adiləşir. Etiraf etməliyik ki, ailəni dağıdan bu amillər ailə üzvlərinin asudə vaxtının düzgün təşkil olunmaması ucbatından meydana gəlir. Birgə gəzintiyə çıxmaq, istirahət və görməli yerləri dolaşmaq, qohum-əqrəbanın ziyarətinə getmək ata, ana və övlad halqasını daha sıx bir-birinə bağlayır. Bəzən vaxtın yoxluğu ilə bunların mümkünsüzlüyündən dəm vuranlar saatlarla kompüter qarşısında faydasız, xeyir gətirməyən işlər üçün oturmağa da qiymətli vaxt sərf olunduğunu unutmamalıdırlar.
Xalqımız həmişə ailələrin möhkəmliyi ilə fəxr edib. Ailənin möhkəmliyinin təməlində ailə üzvlərinin dünyagörüşlərinin və xarakterlərinin uyğun olması, qarşılıqlı hörmət, güzəştə getmək bacarığı, bir-birinə önəm vermək, qayğı göstərmək, məsuliyyət hissi, ailəyə görə daşıdığı vəzifələri dərk etmək kimi bir çox məsələlər vardır. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması cəmiyyətimizdə ailələrə xas olan keyfiyyətlər olub və bundan sonra da olmalıdır. Keçmişdə ailələrdə övlad dünyaya gəldiyi gündən onu milli-mənəvi dəyərlərimizlə tərbiyə ediblər deyəndə başa düşülməlidir ki, o dövrdə bu, hansısa bir metod və çərçivədə reallaşmayıb. Ailədəki insanların gündəlik davranış və hərəkətlərindən qaynaqlanıb. Bu gün hər bir gənc ailənin qarşısında qərinələr, əsrlərboyu formalaşmış milli dəyərləri pak və sağlam niyyətlərlə qoruyub cəmiyyətin inkişafına təsir göstərmək, həmçinin xalqın genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin və məsuliyyətli missiya dayanır. Çünki bütün milli-mənəvi dəyərlərimiz ailədə təşəkkül tapıb, şaxələnib, təkamül yoluna qədəm qoymuşdur. Ailə üzvlərinin bir-birlərinə qarşı davranış mədəniyyəti, münasibəti də ulu baba və nənələrimizin bizə miras qoyub getdiyi milli dəyərlər kontekstində ailə dəyərlərimizdəndir. Hər bir qurulan yeni ailə nəyin bahasına olursa-olsun, bunu yaşatmalıdır.
Ailə təktərəfli münasibət əsasında yaranan qurum deyil. Bu səbəbdən ailə üzvlərinin hər biri milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunub saxlanılması üçün öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.
Cəmiyyətin, dövlətin formalaşması və inkişafında ailə mühüm halqadır. Mənəvi baxımdan sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür. Ailənin, ilk növbədə, mənəvi sağlamlığı yerində olmalıdır. Mənəvi sağlamlıq dedikdə ailənin bütün üzvlərinin mənəvi keyfiyyətlərə sahib olması, onların soykökə uyğun həyat tərzidir. Bir az da konkretləşdirsək belə ifadə etmək olar ki, cəmiyyətimizdə əxlaqi keyfiyyətlərin üstün tutulmasının həyatımızda və taleyimizdəki rolunu heç nə ilə əvəz etmək olmaz. Bizim coğrafiyada yaşayan insanlar ta qədimdən bu dəyərlərlə böyüyüb və genində bunu daşıyır.
Ailənin mənəvi sağlamlığının əsas kriteriyaları qismində ailə dəyərlərinin üstün tutulması, böyük-kiçik arasında məmnunluq, münasibətlərə adaptasiya, ailənin uzunömürlü olmasına meyillilik və sair amillər çıxış edir. Mənəvi keyfiyyətlərin qırmızı xətlə keçdiyi ailədə ailənin hər bir üzvü bərabər səviyyədə tutulur, ailədaxili ünsiyyət lazımi səviyyədə olur, ailənin üzvləri bir-birini dəstəkləyir, hər bir ailə üzvü onun bütövlüyü üçün məsuliyyət hiss edir. Ailənin bütün üzvləri yaşadıqları ailə həyatından pozitiv enerji alır, burada adət-ənənə əsas yer tutur, hər kəs bir-birinə hörmət edir və onu olduğu kimi qəbul edir, çatışmazlıqlar təhqir yox, tənqid olunur. Budur, kökündə ailə dəyərlərinin dayandığı ailə tipi. Ailənin mənəvi sağlamlığının bu kriteriyaları xalqımıza məxsus ailə modelinin ümumi portretini çəkir və hər şeydən əvvəl, onun xoşbəxtliyini xarakterizə edir. Gənclər, ilk növbədə, bu dəyərlərə sadiq qalmalı, ailələrini əxlaqi və ailə dəyərləri ilə izolyasiya etməlidirlər. Nəzərə almaq lazımdır ki, adət-ənənələrin, ailə dəyərlərinin gündəlik yaşayış tərzimizdən çıxdaş edilməsi sonda ailələrimizin dağılmasına gətirib çıxara bilər.
Sevindiricidir ki, bu gün qədim xalq adət-ənənələri, milli-mənəvi dəyərlər əsasında formalaşmış dövlətimiz var. “Kiçik dövlət” hesab olunan ailələrdə də milli-mənəvi və xüsusən də ailə dəyərləri ağır çəkiyə malikdir. Amma bu və ya digər səbəblər üzündən cəmiyyətin bəzi üzvləri tərəfindən bu dəyərlər göz önünə alınmır və sonda xoşagəlməz hallar baş verir. Bu hallar isə, ilk növbədə, ailələrin dağılması ilə nəticələnir.
Bir sözlə, gəlinən yekun qənaət budur: bu gün gənclərin üzərinə düşən vəzifə – ailə dəyərlərinin qorunması ötəri maraqlara və dəyərsiz hislərə deyil, ənənələrə əsaslanmalıdır. Gənclər modernləşən dünyamızda yaşadıqları həyat tərzi ilə ailə institutunun təməllərinin möhkəmliyinin qorunmasına töhfə verməli, özlərinin timsalında ailə modelimizin nüfuzunun artmasına nail olmağa çalışmalıdırlar. Düşünürəm ki, bu zaman nəinki sosial şəbəkələrin, eləcə də hər bir inkişaf prosesinin fundamentində ailə dəyərlərimizi möhkəmləndirərək bunun fonunda ailələrimizin bütövlüyünü qoruya, ailə institutumuzu yaşada bilərik.

Sahir RÜSTƏMOV
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin şöbə müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR