Mayın 25-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Qarnizonunun təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri ilə görüşlər təşkil edilmişdir. Culfa, Şahbuz, Kəngərli rayonlarında, həmçinin Naxçıvan şəhərində yerləşən hərbi təlim poliqonlarında keçirilən görüşlərdə əsas məqsəd şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, onların orduda istifadə edilən döyüş texnikaları ilə tanışlığından ibarət olub. Naxçıvan şəhərində yerləşən təlim poliqonunda Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev ordu quruculuğundan danışmış, bu istiqamətdə həyata keçirilən tədbirlər haqqında məlumat vermişdir. Xüsusilə müstəqilliyimizin ilk illərində muxtar respublikamızın blokadaya alınması nəticəsində yaranmış çətin vəziyyəti xatırladan Kərəm Mustafayev regionun müdafiəsi ilə bağlı ümummilli lider Heydər Əliyevin xidmətlərindən söhbət açmış, Milli Ordumuzun qarşısında duran mühüm vəzifələrdən bəhs etmişdir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev çıxış edərək muxtar respublikanın ümumtəhsil müəssisələrində ibtidai hərbi hazırlığın tədrisindən, hərbi kabinələrin fəaliyyətindən və şagirdlərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində görülən işlərdən danışmışdır. Vurğulanmışdır ki, son dövrlərdə bu istiqamətdə həyata keçirilən tədbirlər şagirdlərin hərbi peşəyə olan marağını daha da artırmış və bu, ildən-ilə Hərbi Liseyə daxil olanların say artımında da özünü göstərməkdədir. Nazir bu cür tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu bildirərək həm də xalq-ordu birliyi baxımından əhəmiyyətini nəzərə çatdırmışdır.
Sonra Silahlı Qüvvələrin arsenalında yer alan müxtəliftəyinatlı döyüş texnikalarına baxış olmuş, hər birinin texniki xüsusiyyətləri ilə bağlı məlumat verilmişdir. Səhra şəraitində maddi-texniki təminat bölmələrinin fəaliyyəti, yaralılara ilkin tibbi xidmətin göstərilməsi, səyyar ideoloji və siyasi hazırlığın təşkili və sair haqqında ətraflı məlumat alan iştirakçılar xüsusitəyinatlı bölmələrin əsgərlərinin helikopterdən paraşütlə enməsini maraqla seyr etmişlər.
Tədbir təlim poliqonundakı səyyar əsgər-məişət kompleksində təşkil edilən nahar fasiləsi ilə başa çatmışdır.
Səbuhi HƏSƏNOV