25 Dekabr 2024, Çərşənbə

Göstərilən dövlət qayğısı sayəsində son vaxtlar Naxçıvan Dövlət Universitetinin ölkədə və beynəlxalq aləmdə nüfuzunun artması Böyük Britaniyanın dünyada məşhur olan Kembric Universitetinin  də diqqətini cəlb etmişdir. Beynəlxalq miqyasda böyük imicə malik olan Kembric Universiteti hər il müstəqil olaraq apardığı seçim əsasında Naxçıvan Dövlət Universitetini özünün dostları olan universitetlər sırasına daxil etmişdir. Ənənəyə uyğun olaraq, Kembric Universitetinin dostluq və əməkdaşlıq üçün seçdiyi ali məktəblər haqqında “Mükəmməlliyə bələdçi. Qlobal təhsil və imkanlar” seriyasından olan bələdçi kitabında bu dəfə Naxçıvan Dövlət Universitetinə yer ayrılmışdır.

Bu yaxınlarda qabaqcıl təhsil müəssisələri və onların əldə etdiyi uğurları, həmçinin bu ali məktəblərin elmi imkanları haqqında məlumatları əks etdirən İngiltərənin Kembric Universitetinin illik nəşri olan “Mükəmməlliyə bələdçi. Qlobal təhsil və imkanlar” seriyasının 2013-cü ilə aid növbəti sayı çap olunmuşdur. Kitabda Böyük Britaniya, Rusiya, Türkiyə, Çin, Kanada, Almaniya, Pakistan, İsveç, Küveyt, Hollandiya, Malayziya, Tailand, İspaniya, İtaliya, Danimarka, Qazaxıstan, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və dünyanın başqa aparıcı təhsil ölkələri də daxil olmaqla, 44 ölkədən 183 təhsil müəssisəsi sırasında Azərbaycanın ən mühüm akademik, iqtisadi və mədəni regionlarından birinin əsas elm və ali təhsil mərkəzi olan Naxçıvan Dövlət Universiteti, onun əldə etdiyi uğurlar haqqında məqalə verilmiş, nəşrə Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin müsahibəsi daxil edilmişdir.

Dünyanın ən məşhur universitetlərindən biri olan, uzun illərdən bəridir ki, universitetlərin beynəlxalq reytinq cədvəlinə başçılıq edən İngiltərənin 729 il bundan əvvəl yaradılmış Kembric Universitetinin təsis etdiyi “Mükəmməlliyə bələdçi. Qlobal təhsil və imkanlar” seriyasının 2013-cü il nəşri 8 fəsildən ibarətdir. Birinci fəsildə Kembric Universiteti və Tələbə Birliyi haqqında məlumat verilir. Kembric Universiteti Tələbə Birliyi ilk dəfə olaraq universitetdə 1922-ci ildə Tələbələrin Milli Birliyi kimi fəaliyyətə başlamışdır. 1969-cu ildə daha da genişlənərək Tələbə Təmsilçilər Assambleyası, 1985-ci ildə isə indiki adı ilə adlanmağa başlamışdır. Kembric Universitetinə qəbul olunan hər bir tələbə bu birliyə üzv olmaq hüququ qazanır. Birlik tələbələrə təhsil aldığı müddətdə məsləhətlər verir, nəqliyyat və poçt xidmətləri göstərir, onların cəmiyyətə inteqrasiyasının sürətləndirilməsinə dəstək olur, nəşrlərdə məqalələr çap etdirmələrinə və konfranslar keçirmələrinə köməklik göstərir. Birliyə üzv olmaqla tələbələr universitetin təqdim etdiyi müəyyən xidmətlərdən güzəştli şərtlərlə istifadə etmək imkanı əldə edirlər. 
Kitabın ikinci fəslində Kembric Universitetinin tabeliyində olan 31 kollec (fakültə), onların hər birinin yaranması tarixi, inkişaf yolu və təklif etdiyi təhsil xidmətləri haqqında məlumat öz əksini tapmışdır. Qeyd edək ki, Kembric Universitetinin tarixini müəyyən edən və ən qədim kolleci sayılan Peterhouse kollecinin əsası 1284-cü ildə, ən yeni Robinson kollecinin əsası isə 1977-ci ildə qoyulmuşdur.
Üçüncü fəsildə Böyük Britaniyada təhsilin bütün növləri üzrə – ibtidai, orta və ali təhsil verən 34 təhsil müəssisəsi haqqında məlumat verilmişdir.
Dördüncü fəslə isə ibtidai, orta və yeniyetmələrin təhsili haqqında geniş məlumatlar daxil edilmişdir. Burada Kanada, Səudiyyə Ərəbistanı, Almaniya, Hindistan, İrlandiya, Tailand, Cənubi Afrika, Meksika, Kosta-Rika, İspaniya, Türkiyə, Rusiya, Pakistan, Oman, Çin, Çili, İsveç, İsveçrə, Malta, Misir, Mərakeş, Hollandiya, Yamayka kimi dövlətlərin təhsil təcrübəsi haqqında məlumatlara yer ayrılmışdır.
Beşinci fəsildə Böyük Britaniya və Avropanın ali təhsil müəssisələri haqqında məlumatlar əldə etmək olar. Bu fəslə Böyük Britaniya, Rusiya, Polşa, Serbiya, Hollandiya, Slovakiya, İtaliya və İspaniyanın 21 ali təhsil müəssisəsi barədə informasiyalar daxil edilmişdir.
Dünyanın inkişaf etməkdə olan ali təhsil müəssisələri və onların əldə etdikləri uğurlar altıncı fəsildə öz əksini tapmışdır. Burada Azərbaycan, Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Küveyt, Zambiya, Malayziya, Tailand, Meksika, Qətər, Çili, Braziliya, Oman, Paraqvay, Ekvador, Uqanda və Tanzaniyanın 35 qabaqcıl ali təhsil müəssisəsi haqqında məlumatlar verilmişdir.
Bu fəslə Azərbaycandan yalnız Naxçıvan Dövlət Universiteti haqqında məqalə daxil edilmişdir. “Qlobal əlaqələr” sərlövhəsi ilə çap olunmuş məqalə 2012-ci ildə özünün 45 illik yubileyini qeyd etmiş Naxçıvan Dövlət Universitetinin Azərbaycanın ən qabaqcıl akademik qurumlarından biri olması və dünyanın 70-dən çox universiteti ilə beynəlxalq əlaqələri haqqında məlumatla başlayır. Həmçinin “Müasir təhsil müəssisəsi” başlığı ilə verilmiş bölmədə Naxçıvan Dövlət Universitetinin informasiya texnologiyaları laboratoriyaları, elektron kitabxanası və Wi-Fi da daxil olmaqla mükəmməl tədris imkanları olan müasir ali təhsil ocağı olması vurğulanmışdır. Faktiki olaraq Naxçıvan Dövlət Universitetində informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunmasına misal kimi bu ali məktəbin ölkənin G4 mobil şəbəkəsi üçün ilkin sınaq meydanı olması və həmin şəbəkənin ilk dəfə universitetdə keçirilən uğurlu sınaqlardan sonra bütün ölkədə tətbiq olunmağa başlanması qeyd olunur. Ən müasir texnoloji imkanların mövcudluğu ilə yanaşı, universitetdə Konservatoriyanın, İdman mərkəzinin, Botanika bağının və xəstəxananın fəaliyyət göstərməsi də məqalədə vurğulanan məziyyətlərdəndir.
Qeyd olunmuşdur ki, 1967-ci ildə əsası qoyulmuş Naxçıvan Dövlət Universiteti cəmi 3 tam ştat müəllimlə və 102 tələbə ilə fəaliyyətə başlamışdır. Bununla yanaşı, onilliklər boyu universitetin imkanları və tələbə sayı artmış, bu ali təhsil müəssisəsinə 1990-cı ildə tam universitet statusu verilmişdir. Bu gün Naxçıvan Dövlət Universiteti 10 fakültədə 52 ixtisas üzrə 5000-dən çox tələbəyə bakalavr, magistratura və doktorantura pro­qramları üzrə təhsil verir.
Naxçıvan Dövlət Universitetində aparılan geniş quruculuq tədbirləri də kitabın redaksiya heyətinin diqqətini cəlb etmişdir. Belə ki, universitetin dayanıqlı inkişaf etməkdə olduğu, 2005-ci ildən bəri Memarlıq və mühəndislik, İqtisad-hüquq, Beynəlxalq münasibətlər və xarici dillər, Təbiətşünaslıq və kənd təsərrüfatı, Pedaqoji fakültələri üçün yeni korpusların tikilməsi, həmçinin genişləndirilmiş yeni Tələbə evi və Sosial xidmət mərkəzinin istifadəyə verilməsi kitabda xüsusi olaraq əks etdirilmişdir.
Avropa Rektorlar Klubuna, Asiya Universitetlər Assosiasiyasına, Qara Dəniz Universitetlər Birliyinə, Avrasiya İpək Yolu Universitetlər Konsorsiumuna üzv olan Naxçıvan Dövlət Universiteti illər boyu çoxsaylı qlobal əlaqələr qurmuş və hazırda üzv dövlətlərin qurumlarından olan müəssisələrlə tərəfdaş ölkələrin təşkilatlarını birləşdirən 7 TEMPUS Avropa Cəmiyyəti sxemi layihəsində iştirak edir. Naxçıvan Dövlət Universiteti Qafqaz ali təhsil müəssisələrindən ibarət olan Qafqaz Universitetlər Birliyinin qurucularından biridir.
Universitetin geniş beynəlxalq əlaqələr şəbəkəsinə də məqalədə ayrıca yer verilmişdir. Bu məsələ məqalədə universitetin rektoru, akademik İsa Həbibbəylinin “Möhkəm milli əsaslarla yanaşı, Naxçıvan Dövlət Universitetinin dünyanın 70-dən çox universiteti ilə beynəlxalq əlaqələri də vardır” sözləri ilə ifadə olunmuşdur. Bildirilmişdir ki, universitetin akademik əlaqələri Tibb fakültəsinin tələbələrinə Türkiyə universitetlərinin xəstəxanalarında təcrübə keçməyə imkan verir. Eyni zamanda universitetdə İspaniya, İsveçrə, Fransa, Cənubi Koreya, Litva və Gürcüstanın ali məktəbləri ilə birsemestrlik və ya tədris ili üzrə tələbə mübadiləsinin də həyata keçirildiyi nəzərə çatdırılır.
Kitabda qeyd olunur ki, Naxçıvan Dövlət Universitetində canlı mədəni həyat hökm sürür. Universitetin Konservatoriyası – Azərbaycanın ən gö­zəl incəsənət mərkəzlərindən biri 2007-ci ildə istifadəyə verilmişdir. Universitetin çox uğurlu teatr, rəqs, xor və vokal qrupları ilə yanaşı, tele­viziya studiyası və radiosu da uğurla fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetinin tələbələri beynəlxalq idman arenasında da yüksək nailiyyətlər əldə etmişlər. Futbol komandası 2008 və 2010-cu illərdə tələbələr arasında keçirilmiş milli çempionatda birinci yeri qazanmış, Ukraynada və Polşada Azərbaycan tələbə futbolunu uğurla təmsil etmişdir. Universitetin voleybol komandası iki dəfə Qafqaz çempionu adına layiq görülmüş, badmintonçu qızlar isə 4 dəfə milli çempionatda birincilik qazanmışlar.
Kembric Universitetinin bələdçi kitabındakı məqalədə sonda qeyd olunur ki, əlverişli beynəlxalq perspektivi, Azərbaycanın görkəmli alimləri kimi tanınan elm adamlarının da daxil olduğu professor-müəllim heyəti və dünya standartlarına uyğun imkanları ilə Naxçıvan Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil mərkəzlərindən birinə çevrilə bilməklə yanaşı, dünyanın ən yaxşı universitetləri ilə bərabər səviyyədə öz layiqli yerini tutmuşdur.
Kembric Universitetinin bələdçi kitabında Naxçıvan Dövlət Universitetinə aid üç rəngli şəkil verilmişdir. Təqdim olunan fotolarda Naxçıvanda universitet quruculuğunun inkişafı, milli dəyərlərin yaşadılması və tələbə-idman mühitinin uğurları canlandırılmışdır. Kitabda universitetin emblemi və rəsmi internet səhifəsinin ünvanı (www.ndu.edu.az) əks olunmuşdur.
Məqalənin tam mətnini http:// cusu-excellence2013.org/about-the-book/chapter-6/ ünvanına daxil olmaqla əldə etmək olar.
“Mükəmməlliyə bələdçi. Qlobal təhsil və imkanlar” kitabının VII və VIII fəsillərində Böyük Britaniyada fəaliyyət göstərən 10 təhsil müəssisəsi haqqında məlumat verilir.
Kitabın elektron versiya- sını Kembric Universitetinə aid http://cusu-excellence2013.org internet saytından əldə etmək olar.
Naxçıvan Dövlət Universitetinin dünyaca məşhur Kembric Universitetinin “Mükəmməlliyə bələdçi. Qlobal təhsil və imkanlar” kitabında yer alması, mahiyyət etibarilə, Azərbaycan ali məktəbinin Kembric Universitetinin reytinq kitabında özünəməxsus yer tuta bilməsi deməkdir. Bu isə Naxçıvan Dövlət Universitetinin beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də bütövlükdə Azərbaycan ali məktəblərinin uğurlarından biri hesab edilə bilər.

Anar KAZIMOV
Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru,
riyaziyyat üzrə fəlsəfə doktoru

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR