Mükəmməl təhsil sisteminə malik olmaq bu və ya digər bir dövlətin gələcəyinin təmin edilməsi və müstəqilliyinin əbədiliyi üçün mühüm şərtlərdən biridir. Bu səbəbdən də ölkəmizdə həyata keçirilən təhsil islahatının əsas məqsədi məhz təlim prosesinin səmərəliliyini təmin etməklə milli və ümumbəşəri dəyərlərə yiyələnən təlim-tədris prosesində yaradıcı, müstəqil düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. Ona görə də hər bir müəllim öz bacarıqlı, işgüzar fəaliyyəti ilə müəllim adına layiq olmağa çalışmalı, özünə və şagirdlərinə qarşı tələbkar olmalı, peşəsinə bağlı keyfiyyətləri özündə cəmləşdirməyi bacarmalıdır.
Bütün bunlar təlimdə keyfiyyətin əldə olunması üçün vacib şərtlərdir. Müəllim bütün hallarda, xüsusən, müəllim-şagird münasibətlərinin qurulmasında nəzakəti, etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır. Bu, “pedaqoji takt” adlanır. Pedaqoji takt nədir? Pedaqoji takt xüsusi bacarıq növü olub, şagirdlərlə ünsiyyətdə müəyyən hədlərə riayət etmək deməkdir. Takt müəllimin ağlının, hisslərinin və ümumi mədəniyyətinin ümumiləşmiş ifadəsidir. Şagird şəxsiyyətinə hörmət etmək pedaqoji taktı səciyyələndirən əsas xüsusiyyətdir.
Təhsil islahatlarının tələblərinin yerinə yetirilməsində, ilk növbədə, müəllim təlimin yeni texnologiyalarını mənimsəməli, yeni proqram və dərsliklərdən, fənn kurikulumunun tələblərindən irəli gələn dəyişiklikləri tətbiq etməyi bacarmalıdır. Müasir dövrümüzdə müəllim yeni metodlardan istifadə etməklə şagirdlərin idraki fəallığına, müstəqil düşünmə qabiliyyətinin inkişafına daha tez nail ola bilər. İş prosesində müəllim-şagird münasibətlərinin düzgün qurulması şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyət kəsb edir. Müəllim və şagird arasında qarşılıqlı hörmət olmalıdır ki, şagird müəlliminin tələblərini həvəslə yerinə yetirsin. Bunun üçün müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz və ya hərəkət sahibi olmamalıdır. Nə qədər sözə baxmayan, nadinc şagird olsa belə, müəllim özünün pedaqoji metodlarından istifadə edib xoş, isti münasibət yaratmalıdır. Düzgün qurulmuş müəllim-şagird münasibəti şagirdlərin təlim marağının artmasına mühüm təsir göstərir. Qarşılıqlı ünsiyyət şagirdlərin fəallığını artırır, kollektiv şəkildə işləməyə istiqamət verir.
Ölkəmizdə aparılan təhsil islahatları, Baloniya təhsil və kredit sistemlərinə keçid, təhsilimizdə baş verən yeniliklər və təhsilimizin dünya standartlarına uyğunlaşdırılması, xüsusilə ali pedaqoji təhsilin ardıcıl olaraq təkmilləşdirilməsi yüksək ixtisaslı müəllim kadrların hazırlığına, eləcə də məktəbdə təlim və tərbiyə işlərinin təşkilinə yeni qaydalarla yanaşmağı tələb edir. Bu gün ümumtəhsil məktəblərimiz qarşısında böyük vəzifələr durur. Bu, başlıca olaraq gələcəyimiz etibar ediləcək bugünkü məktəblilərə Azərbaycan mənəviyyatı, mentaliteti, dili və ədəbiyyatı, tarixi, coğrafiyası, incəsənəti, habelə zəngin maddi sərvətlərimiz barəsində dərin və hərtərəfli biliklər verməkdən, yetişən gənc nəsildə yüksək mədəniyyət, mənəviyyat, vətənpərvərlik hissləri formalaşdırmaqdan ibarətdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev məhz bu məsələlər barəsində dəfələrlə çox dəyərli fikirlər söyləmiş və təhsilimizin qarşısında böyük vəzifələr qoymuşdur: “Biz keçmişlərdən fərqli olaraq, indi müstəqil Azərbaycanın gələcəyini formalaşdırırıq, müstəqil Azərbaycanın vətəndaşlarını formalaşdırırıq və məktəbdə, universitetdə formalaşan gənc, Azərbaycanın gələcək fəal vətəndaşı gərək birincisi, mənəviyyatca saf olsun. Ona görə də gərək mənəvi saflıq ali məktəblərdə, orta məktəblərdə hökm sürsün. Gərək o, vətənpərvərlik hissi ilə yaşasın, vətənpərvərlik hissi ilə tərbiyə olunsun. Ona görə də, gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi gənclərə aşılaya bilsinlər”.
Göründüyü kimi, dahi rəhbərimiz təhsil müəssisələrində tərbiyə işinə, əxlaq tərbiyəsi məsələlərinə nə qədər böyük önəm vermiş və bu sahədə nəinki müəllimlərin, həmçinin tələbə və məktəblilərin qarşısında mühüm vəzifələr qoymuşdur. Ulu öndərimiz deyirdi: “Xalqımızın tarixinin əsasını təşkil edən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır... Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir.
Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.
Bu müdrik fikirlərin reallığa çevrilməsi üçün yetişməkdə olan gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, təlim və tərbiyə işlərinin milli zəmin üzərində qurulması, tariximizin, mədəniyyətimizin, pedaqoji fikrimizin, zəngin mənəvi irsimizin dərindən öyrənilməsi üçün müəllim və şagird münasibətlərinin düzgün qurulması mühüm amildir.
Nəzərə almaq lazımdır ki, müəllim məktəbdə həm təlim işi, həm geniş tərbiyə işi aparır. O, sadəcə olaraq, dərs deyən, şagirdlərə elmlərin əsaslarını mənimsətməklə öz işini məhdudlaşdıran didakt deyildir. Müəllim gənc nəsli gələcək həyata və cəmiyyətə hazırlamaq, vətənpərvər gənclər yetişdirmək kimi müqəddəs bir vəzifəni yerinə yetirir. Bu vəzifənin müvəffəqiyyətlə həyata keçirilməsi isə müəllimin pedaqoji ustalığından əsaslı surətdə asılıdır. Buna görə də müasir dövrdə müəllimlərin ixtisas hazırlığı ilə yanaşı, tərbiyəvi işlərin təşkili və aparılmasının forma və metodları haqqında dərin bilik və bacarıqlara malik olmaları mühüm əhəmiyyət kəsb edir.
Vəfa BABAYEVA
Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin müəllimi