25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan tarixi” çoxcildliyinin hazır­lanması və nəşr olunması barədə” 6 avqust 2012-ci il tarixli Sərəncamından sonra AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin tarixçi alimləri sözügedən çoxcildliyin hazırlanmasına cəlb olunmuşlar. Bu məqsədlə AMEA Naxçıvan Bölməsində iclaslar keçirilmiş, çoxcildliyin hazırlanmasına cəlb olunmuş sahə mütəxəssisləri ilə birgə müzakirələr aparılmış, bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, “Naxçıvan tarixi” çoxcildliyinin strukturu və planı hazırlanmış, redaksiya heyəti və müəlliflər qrupu təsdiq olunmuş, çoxcildliyə daxil ediləcək əlavələr – şəkillər, xəritələr, illüstrativ materiallar, sxemlər, cədvəllər müəyyənləşdirilmiş, bununla əlaqədar işçi qrupu yaradılmışdır.
Məlumat üçün qeyd edək ki, “Naxçıvan tarixi” çoxcildliyində Naxçıvan tarixinin ən qədim dövrlərdən başlayaraq günümüzədək olan bütün mərhələləri xronoloji ardıcıllıqla öz əksini tapacaq. “Giriş”dən, 17 fəsildən, ədəbiyyat siyahısından və əlavələrdən ibarət olacaq çoxcildliyin birinci cildi qədim dövrlərdən XVIII əsrin ortalarınadək, ikinci cildi XVIII əsrin ortalarından XX əsrin 30-cu illərinin sonunadək, üçüncü cildi isə İkinci Dünya müharibəsindən günümüzədək olan dövrü əhatə edəcəkdir.
Çoxcildliyin bu ilin sоnuna kimi nəşr еdilməsi nəzərdə tutulan və Naxçıvan tarixinin ən qədim dövrlərindən XVIII əsrin ortalarınadək olan dövrünü əhatə edən birinci cildi Naxçıvanın tarixi ərazisinin, fəsil və para­qrafların müəlliflərinin, Naxçıvanın təbii-coğrafi şəraitinin, məskunlaşmanın, əhalisinin və “Naxçıvan” adının mənşəyinin əks olunduğu “Giriş”dən, həmçinin “Naxçıvan qədim dövrdə”, “Naxçıvan e.ə IX-b.e II əsrlərində”, “Naxçıvan erkən orta əsrlər dövründə”, “Naxçıvan X-XIII əsrin I rübündə”, “Naxçıvan XIII-XV əsrlərdə” və “Naxçıvan Səfəvilər dövründə” adlı fəsillərdən ibarətdir.
İkinci və üçüncü cildlərdə isə müvafiq olaraq, “Naxçıvan xanlıqlar dövründə”, “Naxçıvanın Rusiya tərəfindən işğalı”, “Naxçıvan XIX əsrdə”, “Naxçıvan XX əsrin əvvəllərində”, “Naxçıvan XX əsrin 20-30-cu illərində”; “Naxçıvan İkinci Dünya müharibəsi dövründə”, “Naxçıvan müharibədən sonrakı bərpa dövründə və 50-60-cı illərdə”, “Naxçıvan 70-80-ci illərdə”, “Naxçıvanda müstəqillik uğrunda mübarizə (1988-1990-cı illər)”, “Naxçıvan müstəqilliyin ilk illərində (1991-1993-cü illər)” və “Naxçıvan müstəqilliyin möhkəmləndirilməsi dövründə (1993-2013)” adlı fəsillərə yer veriləcəkdir.
Onu da qeyd edək ki, çoxcildliyin hazırlanmasına 30 müəllif cəlb olunmuşdur. Birinci cildin hazırlanması ilə yanaşı, ikinci və üçüncü cildlərin də 2014 və 2015-ci illərdə nəşr edilməsi istiqamətində işlər davam etdirilir.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR