АMЕА Nахçıvаn Bölməsinin Biоrеsurslаr İnstitutunun Tоrpаq еhtiyаtlаrı lаbоrаtоriyаsının rəhbəri, kənd təsərrüfаtı üzrə fəlsəfə doktoru, dоsеnt Sаhib Hаcıyеvin və Dənli, taxıl və paxlalı bitkilər lаbоrаtоriyаsının rəhbəri, kənd təsərrüfаtı üzrə fəlsəfə doktoru, dоsеnt Rəşadət Əmirovun həmmüəllifi olduqları “Naxçıvan Muxtar Respublikasının müasir torpaq xəritəsinin əkinçilik sistemində rolu” adlı monoqrafiya bu günlərdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görüb.
Akademik Qərib Məmmədovun elmi redaktorluğu ilə nəşr edilən monoqrafiyada Naxçıvan Muxtar Respublikasında müasir torpaq xəritəsinin əkinçilik sistemində rolu haqqında məlumatlar verilir. Səkkiz il müddətində müəlliflər tərəfindən müxtəlif ərazidə aparılmış genişmiqyaslı torpaq tədqiqatları Naxçıvan Muxtar Respublikasının müasir üsulla torpaq xəritəsinin tərtib edilməsinə şərait yaratmışdır. Monoqrafiyada əksini tapan həmin xəritədə torpaqların tipi, yarımtipi, növ müxtəliflikləri göstərilmiş, gələcəkdə Naxçıvan Muxtar Respublikasında torpaqlardan daha səmərəli istifadə etmək imkanları əks olunmuşdur.
Monoqrafiyadakı “Naxçıvan Muxtar Respublikasında relyef şəraiti nəzərə alınmaqla torpaq xəritəsinin tərtibi üçün müəyyən olunan vəzifələr”, “Naxçıvan Muxtar Respublikasında torpaqların coğrafi yayılması”, “Naxçıvan Muxtar Respublikasının relyefin plastikası üsulu ilə yeni torpaq xəritəsinin tərtibi”, “Naxçıvan Muxtar Respublikası torpaqlarının qiymətləndirilməsi (bonitirovkası) və aqroistehsalat qruplaşdırılması”, “Naxçıvan Muxtar Respublikasında torpaq münbitliyinin artırılması üçün aparılan tədbirlər” adlı başlıqlarda aparılan tədqiqatlardan alınmış nəticələr ümumiləşdirilərək Naxçıvan Muxtar Respublikasında torpaq münbitliyinin qorunması, bərpası və səmərəli istifadə olunmasına dair ətraflı məlumatlar işıqlandırılmışdır.
178 səhifəlik yeni nəşrin sonunda tədqiqat işinin nəticələri təhlil olunaraq muxtar respublika şəraitində torpaqlardan səmərəli istifadə olunması və torpaq münbitliyinin artırılması üçün tədbirlər müəyyənləşdirilmiş, bir neçə təklif və tövsiyələr verilmişdir.
Qeyd edək ki, yeni tərtib olunmuş torpaq xəritəsi muxtar respublikanın uyğun kənd təsərrüfatı müəssisələrində çalışan mütəxəssislər və ali məktəblərin kənd təsərrüfatı, coğrafiya, biologiya, iqtisadiyyat ixtisaslarının tələbələri üçün dəyərli vəsaitdir.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi