25 Dekabr 2024, Çərşənbə

BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Antonius Brukun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olmuşdur. Universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid qonaqlara ali məktəb haqqında məlumat vermişdir. Bildirilmişdir ki, hazırda universitetdə 11 fakültədə 52 ixtisas üzrə 5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır. Universitetdə bakalavr, magistratura, doktorantura və rezidentura təhsil pillələri üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Bu ali məktəb dünyanın 80 tanınmış universiteti ilə beynəlxalq əməkdaşlığa malik olmaqla yanaşı, NATO, BMT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlarla birgə layihələrin hazırlanması və tətbiqində uğurla iştirak edir.
Universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Anar Kazımov bildirmişdir ki, hazırda universitetdə 400-dən çox professor-müəllim heyəti, AMEA-nın 6 nəfər həqiqi və müxbir üzvləri, 22 professor, 32 elmlər doktoru fəaliyyət göstərir.
BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Antonius Bruk təmsil etdiyi qurumun Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə təhsilin inkişafı və inteqrasiyası istiqamətində gördüyü işlərdən danışmış, Naxçıvan Muxtar Respublikasındakı dinamik sosial-iqtisadi inkişafı, ali təhsil quruculuğunu yüksək qiymətləndirmiş, Naxçıvan Dövlət Universiteti ilə əlaqələrin inkişafının əhəmiyyətini vurğulamışdır.
Qonaqlar universitetin maddi-texniki bazası, buradakı tədris prosesi ilə tanış olmuşlar.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR