25 Dekabr 2024, Çərşənbə

Azərbaycan Respublikasının Prezidenti İlhаm ƏLİYEV: Bu məktəb çox yüksək səviyyədə tikilmiş və ən müasir dünya standartlarına cavab verir. Bu həm memarlıq baxımından gözəl binadır, eyni zamanda burada yüksək səviyyədə təhsil almaq üçün hər cür şərait vardır. Bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. Heydər Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun. O, bu məktəbin dünya standartlarına cavab verməsini istəyirdi. Bu gün biz hamımız çox şadıq ki, məktəb Heydər Əliyevin istədiyi kimi tikilmiş və istifadəyə verilmişdir. Deyə bilərəm ki, bu məktəb indi təkcə Naxçıvanda deyil, bütün Azərbaycanda bir nömrəli məktəbdir.

Hər hansı bir ölkənin, xalqın milli intibahı, hərtərəfli tərəqqisi, həmçinin beynəlxalq aləmdə yeri və rolu onun təhsil sistemilə sıx bağlıdır. Əslində, müasir dünyamızın inkişaf modeli də bunu sübut edir ki, siyasi, iqtisadi, habelə mədəni-mənəvi yüksəlişə təkan verən maddi sərvətlərdən çox zehni potensial və elmi-texniki tərəqqidir. Yəni maddi nemət, təbii sərvət nə qədər çox olsa da, mütərəqqi texnologiya tətbiq edilmədən heç bir inkişafdan söhbət gedə bilməz. Elmi, zehni potensialın təməli isə sözsüz ki, ümumtəhsil məktəblərində qoyulur. Məhz buna görə xalqımızın ümummilli lideri Heydər Əliyev xalq maarifinin, milli təhsilin inkişafına xüsusi diqqət yetirir və bu istiqamətdə heç nəyi əsirgəmirdi: “Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa­-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir” deyən ümummilli liderimiz Azərbaycanın qloballaşan dünyada layiqli yer tutması, xalqın xoş və firavan gələcəyi üçün yeniyetmə və gənclərin təhsilinə böyük önəm verirdi. Onların hərtərəfli biliyə, dünyagörüşə malik vətəndaşlar kimi yetişmələri üçün hər cür şərait yaradırdı.

Ulu öndərin bu sahədə müəyyənləşdirdiyi siyasət bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə­mizin hər yerində yeni məktəb binaları tikilir, mövcud təhsil ocaqları müasir tələblər səviyyəsində yenidən qurulur, məktəblərin maddi-texniki bazaları möhkəmləndirilir, təhsil ocaqları müasir kommunikasiya texnologiyaları ilə təchiz olunur.

Muxtar respublikamızda da bu istiqamətdə görülən işlər, həyata keçirilən təqdirəlayiq tədbirlər hər birimizə fəxarət hissi yaşadır. Ona görə ki, qədim diyarımız bu sahədə də öncüllüyü əldə saxlayır. Son illər təhsildə əldə edilən uğurlar bunu bir daha təsdiqləyir.

Muxtar respublikamızda ümumtəhsil məktəbləri çoxdur. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan məktəb isə nəinki muxtar respublikada, Azərbaycanda belə, fərqlənən təhsil ocağıdır. Önündə müstəqil  Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılan məktəb binası memarlıq baxımından da diqqəti çəkir. Bu əzəmətli abidənin ətrafı abadlıq içində gül-çiçəyə qovuşub. 2004-cü il sentyabrın 2-də açılış mərasimində iştirak edən ölkə başçısı cənab İlham Əliyevin minlərlə insanın qarşısında söylədiyi bu sözlər hələ də yaddaşlardan silin­məyib: ”Bu məktəb çox yüksək səviyyədə tikilmiş və ən müasir dünya standartlarına cavab verir. Bu həm memarlıq baxımından gözəl binadır, eyni zamanda burada yüksək səviyyədə təhsil almaq üçün hər cür şərait vardır. Bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. Heydər Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun. O, bu məktəbin dünya standartlarına cavab verməsini istəyirdi. Bu gün biz hamımız çox şadıq ki, məktəb Heydər Əliyevin istədiyi kimi tikilmiş və istifadəyə verilmişdir. Deyə bilərəm ki, bu məktəb indi təkcə Naxçıvanda deyil, bütün Azərbaycanda bir nömrəli məktəbdir”.
Naxçıvan şəhərinin hüsnünə gözəllik bəxş edən bu məktəbdə sabahımızın qurub-yaradanları olacaq şagirdlər təhsil alır, elmin ilkin sirlərinə yiyələnirlər. Onların yüksək biliyə yiyələnmələri üçün məktəbdə hər cür şərait yaradılıb. Məktəbin pedaqoji kollektivi unutmur ki, burada görülən hər bir iş ulu öndərin adına layiq olmalıdır. 1206 şagird yerlik məktəbdə hazırda 968 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 106 müəllim məşğul olur. Məktəbdə 57 sinif komplekti, elektron lövhəli siniflər, 57 kompyuter dəsti ilə təmin olunmuş 3 kompyuter otağı vardır. Şagirdlər internetdən istifadə etməklə təhsildə baş verən yenilikləri izləmək imkanına malikdirlər.
Müasir avadanlıqlarla təchiz edilən emalatxanada, hərbi kabinədə şagirdlər əmək vərdişlərinə, hərb sənətinə yiyələnirlər. Məktəbdə şagirdlərin fiziki hazırlığı da diqqətdən kənarda qalmayıb. Müasir standartlara uyğun şəkildə hazırlanan idman zalı və mini-futbol meydançasında onlar idmanın müxtəlif növləri ilə məşğul olurlar. Odur ki, şagirdlər respublika əhəmiyyətli idman yarışlarında və olimpiadalarda fəal iştirak edərək yüksək nailiyyətlər qazanırlar. Hazırda məktəbin şagirdləri arasında iki nəfər boks üzrə Avropa çempionu vardır.
Təhsil müəssisəsində şagirdlərin ideya-siyasi tərbiyəsinə, müasir düşüncə tərzinin formalaşdırılmasına, onların milli və ümumbəşəri dəyərləri mənimsəmələrinə, vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Bunun üçün sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Hər il əlamətdar günlərlə bağlı yaddaqalan tədbirlər keçirilir. Məqsəd isə ondan ibarətdir ki, şagirdlər intellektual səviyyədə biliklərə yiyələnməklə yanaşı, Heydər Əliyev ideyalarına, Heydər Əliyev yoluna, dövlətimizə, müstəqilliyimizə sadiq vətəndaşlar kimi yetişsinlər.
Təhsil ocağında ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasi kursunun şagirdlərə öyrədilməsində müxtəlif metodlardan istifadə olunur. Heydər Əliyev lektoriyalarında ulu öndərin Azərbaycan xalqı üçün həyata keçirdiyi cahanşümul tədbirlər, ümummilli liderimizin hər bir azərbaycanlı üçün örnək olan həyat və siyasi fəaliyyəti şagirdlərə çatdırılır. Xüsusən də ümummilli liderimiz Heydər Əliyevin hər kəsə örnək həyat və fəaliyyətini əks etdirən guşənin yaradılması şagirdlərin dövlətçilik və milli ideologiya ruhunda tərbiyə olunmalarına xidmət edir. Təhsil ocağında yaradılmış ənənələrdən biri də məktəbin birinci sinfinə qəbul edilən şagirdlərin və XI sinfi bitirib müstəqil həyata qədəm qoyan məzunların ümummilli liderin abidəsi önündə and içmələridir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan məktəbdə təhsil almaq, burada işləmək məsuliyyətli olduğu kimi, bir o qədər də qürurvericidir. Həyatını öz xalqına həsr edərək milyonların qəlbində heykəlləşən ümummilli liderin davamçılarını yetişdirmək həm ciddi, həm də şərəfli vəzifədir. Məktəbin pedaqoji kollektivi bu müqəddəs vəzifənin məsuliyyətini dərindən dərk edir. Öz işini bu istiqamətdə quran kollektiv ilbəil qazandığı uğurların sayını artırır. Məktəb 2008-ci ildə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuş və bir neçə ildir ki, ölkəmiz üzrə ən yaxşı şəhər məktəbləri sırasındadır. Məktəbdə mütəmadi fənn olimpiadaları ilə yanaşı, təşkil olunan bilik yarışları, ədəbi-bədii gecələr şagirdlərin formalaşmasına, ümumi dünyagörüşlərinin artırılmasına öz müsbət təsirini göstərməkdədir. Belə ki, keçən tədris ilində məktəbin 4 şagirdi fənn olimpiadalarının respublika turunun qalibi olmuşdur. Ötən tədris ilində də məktəbin fəaliyyətinin yekunu olan ali məktəblərə qəbulda tədris ocağının məzunları yüksək bilik nümayiş etdirmişlər. Belə ki, məktəbin 42 məzunundan 40 nəfəri ali məktəblərə qəbul olunmuş, 6 nəfər məzun isə qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərmişdir.
Heydər Əliyev adına tam orta məktəbdə fəaliyyət göstərən müəllimlər öz bilik və təcrübələrinin yüksəldilməsini qarşılarında bir vəzifə kimi görür, pedaqoji və metodik qabiliyyətlərinin artırılması qayğısına qalırlar. Ötən ilin ilk yarısında məktəbin müəllimlərindən iki nəfər Londonda təşkil olunan Beynəlxalq dil və mədəniyyət kursunda iştirak etmişdir. Məktəbin müəllimləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi seminarlarda fəal iştirak edir, məktəbdə hazırlanan elektron tədris vəsaitləri kompakt disklər şəklində muxtar respublikanın digər ümumtəhsil məktəblərinə də göndərilir. Kollektivimizin üzvləri ictimai-siyasi proseslərdə də öz fəallıqları ilə seçilirlər. Onlar Yeni Azərbaycan Partiyasının fəal üzvləri, ümummilli liderin ideyalarının təbliğatçısıdırlar.
Bu bir həqiqətdir ki, dahi şəxsiyyətlər bəşəriyyət qarşısında göstərdikləri xidmətlər və gördükləri işlərlə əbədiyyət qazanır, ölməzli­yə qovuşurlar. Ümummilli lider Heydər Əliyev xalqımızın qəlbində məhz belə şəxsiyyətlərin fövqündə dayanan dahi rəhbər kimi yaşayır. Çünki O, möhkəm bir dövlət qurmağın və bu dövlətin əbədi olaraq yaşamasının yollarını bizə miras qoymuşdur. Xalqımız haqlı olaraq bu mirası Heydər Əliyev məktəbi adlandırır. Bu, elə bir məktəbdir ki, bizim hər birimiz ondan bəhrələnirik. Ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanda gənclər öz vətənpərvərliyi və intellekti ilə müstəqilliyimizin möhkəmləndirilməsində, ölkəmizin inkişafında fəallıq göstərirlər. Heydər Əliyev adına tam orta məktəbin kollektivi də məhz belə gənc­lərin yetişdirilməsi üçün əlindən gələni əsirgəmir. Heydər Əliyev adına tam orta məktəb bundan sonra da ölkəmizin qabaqcıl təhsil ocaqları sırasında olacaq, məktəbin məzunları müstəqil Azərbaycanın və muxtar respublikamızın daha da çiçəklənməsi üçün böyük uğurlara imza atacaqlar.

Namiq MƏMMƏDOV
Heydər Əliyev adına tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR