Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə “Təhsil müəssisələrində mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdır” mövzusunda konfrans keçirilib.
Tərbiyə işləri üzrə prorektor, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev çıxış edərək mülki müdafiə işinin təşkili məsələsinin vacibliyindən danışıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik-leytenant Emin Qasımov fövqəladə hallar zamanı ali təhsil müəssisələrində müəllim-tələbə heyətinin mühafizəsi üzrə tədbirlərin təşkili və keçirilməsi qaydaları haqqında məlumat verib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri Oktay Rzayev “Naxçıvan Dövlət Universitetində mülki müdafiə və fövqəladə hallara hazırlığın tədrisi vəziyyəti” mövzusunda məruzə edərək tələbələrin bu sahədə biliklərinin artırılmasından, mənəvi-psixoloji hazılıq səviyyəsinin yüksəldilməsindən, həmçinin əməli vərdişlərinin formalaşmasına yönəlmiş və muxtar respublika Fövqəladə Hallar Nazirliyi ilə birgə təşkil olunan təlimlərin, məşğələlərin rolundan danışıb.
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin əməkdaşlarından Şərif Əsədovun, Rəcəb Səfərovun, Çingiz Kazımovun müxtəlif mövzularda məruzələri dinlənilib.
Tədbirdə maarifləndirici filmlər nümayiş etdirilib.
Mina QASIMOVA